Məhkəmə qərarları › İş №e-2-2(113)-603/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-603/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-603/2024 04.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Şirvan Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600253 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1026 manat məbləğində pulun silinməsi və mediasiya xərci kimi ödənilmiş 60 manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı üzrə “Venera” adlı ticarət obyekti mülkiyyətindədir. Ticarət obyekitinin su təminatı üçün müvafiq qaydada Cavabdeh ASC-yə müraciət etmişdir. Yaşadığı ünvan üzrə fiziki şəxslərlə bağlanan müqavilə əsasında su şəbəkəsi üzərinə mexaniki sayğac quraşdırılmaqla sudan istifadə edir. Hər ay istifadə edilmiş suyun dəyərini ödəmişdir. Ünvan üzrə fərdi yaşayış evinin həyətində yarımtikili olmaqla sanitar qovşağı qeyd edilən yarımtikilidə yerləşir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana gələrək fərdi yaşayış evi üçün çəkilmiş su şəbəkəsindən guya ki, qeyri yaşayış obyekti olan mağazaya qeyri-qanuni suyun çəkilməsi əsas gətirilməklə akt tərtib edilmişdir. Akt əsasında 1026 manat borc hesablanmışdır. Hesab edir ki, mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinə görə hesablanmış borc qanunsuz və əsassızdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə izahatında iddiaya etiraz etdiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

7. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

8. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

9. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-603/2024 saylı qərardadı ilə iddianın xx.xx.2022-ci il tarixli, 600253 saylı aktın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

12. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh ASC-nin Şirvan Sukanal İdarəsinin nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən, abunə kodu 441408 olan obyektə baxış zamanı 01 ədəd d=20 mm-lik xətt vasitəsi ilə əhaliyə gedən su xəttindən qeyri-qanuni müqaviləsiz olaraq sudan istifadə olunduğu aşkar olunmuşdur.

13. İş materiallarına əlavə olunmuş abonent kartından görünür ki, İddiaçı məxsus 441408 saylı abunə kodu üzrə xx.xx.2022-ci il tarixli akt əsasında 1.026 manat məbləğində borc hesablanmışdır.

14. İş materiallarında olan 441408 saylı abonent kodu üzrə İddiaçı məxsus olan Abonent Saldosundan görünür ki, İddiaçı tərəfindən akt üzrə hesablanmış borcdan 10 manat məbləğində ödəniş edilmişdir və İddiaçı cari tarixə qalıq borcu 1.016 manat təşkil edir.

15. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə sualına cavab olaraq yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını bildirmişdir.

17. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

19. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1026 manat borcun silinməsini xahiş etsə də, hazırda onun qalıq borcu 1016 manat təşkil edir.

20. Ona görə də, 1016 məbləğində borc silinməlidir.

21. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya prosesindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat məbləğində pul Sabirabad 1 saylı Mediasiya Təşkilatına ödənmişdir.

22. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus 441408 saylı abunə kodu üzrə hesablanmış 1.016 (ibir min on altı) manat məbləğində borc silinsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar