Məhkəmə qərarları › İş №e-2-2(113)-6034/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6034/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6034/2024 10.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “depozit seyflərinin icarəyə verilməsi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “depozit seyflərinin icarəyə verilməsi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə (bundan sonra Cavabdeh BOKT ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli depozit seyflərinin icarəyə verilməsi müqaviləsi üzrə 1680 manat icarə haqqı və ödənilmiş 36,8 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 103 nömrəli depozit seyfinin 12 ay müddətinə müvəqqəti istifadəsinə dair 102/071/2019 nömrəli müqavilə bağlanmışdır. Tərəflər müqavilə ilə üzərilərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən iddiaçıya 1680 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmış və ödəniş etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 448, 700.1-ci və s. maddəsi göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı izahat təqdim edərək göstərmişdir ki, tərəflər arasında müqavilə bağlanan tarixdən (xx.xx.2019-cu il) cavabdehə xəbərdarlıq göndərilməsi tarixinədək (xx.xx.2024-cü il) 55 ay müddət keçmiş və həmin dövr üçün ödəniləcək ümumi məbləğ 3300 manat təşkil etməli idi. Lakin iş materiallarına əlavə olunan hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh müqavilə üzrə 3 dəfə (xx.xx.2019-cu il tarixdə 720 manat, xx.xx.2020-ci il tarixdə 720 manat, xx.xx.2021-ci il tarixdə 180 manat) olmaqla ümumilikdə 1620 manat ödəniş etmiş və iddiaçıya 1680 manat (3300-1620=1680) borcu yaranmışdır.

7. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 seyfdən qızılların saxlanılması üçün 2019-cu ildən 2023-cü ilədək istifadə edildiyini bildirdi, lakin ümumilikdə nə qədər icarə haqqı ödənildiyindən məlumatsız olduğunu, borcun məbləğinin aydınlaşdırılmasına zərurət olduğunu qeyd etdi.

8. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Bank qismində) ilə cavabdeh (Müştəri qismində) arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 102/071/2019 nömrəli İddiaçı ASC-də depozit seyflərinin icarəyə verilməsi üzrə müqavilənin şərtlərindən görünür ki, Bank 103 nömrəli depozit seyfini 12 ay müddətinə bu Müqavilə imzalandığı tarixdən müvəqqəti istifadə üçün Müştəriyə icarəyə verir (1.1). Müştəri icarəyə götürdüyü Depozit seyfindən əşyaların saxlanılması üçün istifadə edə bilər (1.2). Müştəri Depozit seyfindən istifadəni və bu Müqavilə üzrə digər hüquqlarını notariat qaydasında təsdiqlənmiş etibarnamə əsasında digər şəxs(lər)ə həvalə edə bilər (1.3). Müştəri Depozit seyfindən istifadəyə görə hər ay üçün Banka 60 AZN (18% ƏDV daxil) məbləğində icarə haqqı ödəyir (2.1). İcarə haqqı Müştəri tərəfindən nağd və ya köçürmə yolu ilə ödənilir (2.2). Bu Müqavilə 1.1-ci bənddə göstərilən müddətə bağlanılır (5.1). Bu Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış Tərəflərdən hər hansı biri Müqaviləyə xitam vermək barədə yazılı müraciət etməzsə, bu Müqavilə avtomatik olaraq eyni müddətə hər müddət sonunda əlavə rəsmiləşmə olamadan uzadılır (5.2).

13. Məhkəməyə təqdim edilən cavabdehin İddiaçı ASC-də olan AZ38AİİB******************** nömrəli hesabından xx.xx.2019 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə 12 ay üçün 129,6 manat ƏDV, 590,4 manat icarə haqqı, xx.xx.2020-ci il tarixdə 12 ay üçün 129,6 manat ƏDV, 590,4 manat icarə haqqı, xx.xx.2021-ci il tarixdə 3 ay üçün 32,4 manat ƏDV, 147,6 manat icarə haqqı olmaqla ümumilikdə ƏDV daxil olmaqla 1620 manat icarə haqqı ödənilmişdir.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2019-cu il tarixli 102/071/2019 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı depozit seyfini 12 ay müddətinə müvəqqəti istifadə üçün cavabdehə icarəyə verməyi, cavabdeh isə icarəyə götürdüyü depozit seyfindən əşyaların saxlanılması üçün istifadə edib icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2019-cu il tarixdən bir il müddətinə bağlanmış, müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam vermək barədə yazılı müraciət etməzsə, müqavilənin avtomatik olaraq eyni müddətə hər müddət sonunda əlavə rəsmiləşmə olmadan uzadılması razılaşdırılmışdır. Cavabdeh tərəfindən köçürmə yolu ilə ümumilikdə ƏDV daxil olmaqla 1620 manat icarə haqqı ödənilmişdir.

15. İddiaçı müqavilə bağlanan tarixdən (xx.xx.2019-cu il) cavabdehə xəbərdarlıq göndərilməsi tarixinədək (xx.xx.2024-cü il) 55 ay üçün ümumilikdə 3300 manat icarə haqqı ödənilməli olduğu halda, 1620 manat icarə haqqının ödənildiyini bildirir və qalan icarə haqqının – 1680 manat məbləğində pulun tutulmasını tələb edir.

16. Cavabdeh 2023-cü il tarixədək icarə obyektindən istifadə etdiklərini bildirir, lakin icarə müqaviləsinin ləğv edilib-edilməməsi, icarə haqqının ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etmir.

17. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.

18. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.

21. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixədək qalıq 1680 manat icarə haqqı borcunun ödənilməsini tələb edir və təqdim olunan hesabdan çıxarışdan cavabdehin icarə haqqı borcu üzrə 1620 manat ödədiyi təsdiq olunur.

22. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.

23. Eyni zamanda məhkəmə qeyd edir ki, 2023-cü il tarixədək icarə obyektindən istifadə etdiyini bildirən cavabdeh tərəflər arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli 102/071/2019 nömrəli icarə müqaviləsinə xitam verildiyini və ya icarə haqqı borcunu ödədiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

25. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 29 oktyabr 2019-cu il tarixli 102/071/2019 nömrəli icarə müqaviləsi üzrə 1680 manat icarə haqqı Cavabdeh BOKT ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

31. İddiaçı ödənilmiş 36,8 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 36,8 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,8 manat məbləğində pul Cavabdeh BOKT ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli depozit seyflərinin icarəyə verilməsi müqaviləsi üzrə 1680 manat məbləğində pul Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,8 manat məbləğində pul Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar