Məhkəmə qərarları › İş №e-2-2(113)-604/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-604/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-604/2023 11.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul və digər tələbləri barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-ci il tarixinə hesablanmış 2760 manat məbləğində əsas borcun, 828 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 155 manat pulun, qətnamə icra olunan günə kimi hər ay 100 manat məbləğində saxlama haqqının və ödənilmiş 70 manat məbləğində mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, “saxlayıcı” İddiaçı MMC ilə “tapşıran” Cavabdeh arasında xx.xx.2020-ci il tarixli anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus, ünvan 1 ünvanında yerləşən saxlanc anbarının 30 m2 sahəsində saxlamağı, “tapşıran” isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada (aylıq 100 manat) və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə əsassızca zəbt etmişdir və habelə cavabdehin əmlakları tam təhlükəsiz şəkildə yeganə açarı cavabdehdə olmaqla xüsusi konteynerdə saxlanıldığına görə həmin əmlaklara birbaşa çatımlılığımız da yoxdur. Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair müraciətlər olunsa da, cavabdeh saxlama haqlarını ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 47 nömrəli anbarda saxlama müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İddiaçı MMC sifariş əsasında Cavabdeh məxsus malları özünəməxsus ünvan 1 ünvanında yerləşən saxlanc anbarının 30 m2 sahəsində saxlamağı, Cavabdeh isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən saxlama haqqının gecikdirilməsinə görə Cavabdeh İddiaçı MMC-yə hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəyir. Müqavilənin 4.11-ci maddəsinə əsasən əgər Cavabdeh müqavilə üzrə saxlama haqqını ödəməzsə İddiaçı MMC Cavabdeh yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini (saxlama haqqını) saxlanc mallarına yönəldərək həmin malların açıq hərracda satılmasını tələb edə bilər. xx.xx.2023-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2760 manat əsas, 11382 manat cərimə, 155 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% borcu vardır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bakı 2 saylı mediasiya təşkilatının bank hesabına 70 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 445.7, 467, 817.1, 822, 827, 830.3-cü maddələrinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Əgər komitent müqaviləyə və ya şəraitə uyğun komisyon malına sahibliyə başlamalı olsa da, bunu etmirsə, komisyonçu komisyon malının satışını həyata keçirmək hüququnu əldə edir. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara-tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən göründüyü kimi, İddiaçı MMC Cavabdeh sifarişi əsasında sonuncuya məxsus malları özünəməxsus olan anbarda saxlamağı, Cavabdeh isə bunun müqabilində saxlama haqqı ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, AR Mülki Məcəllənin 830.3-cü maddəsindən və tərəflər arasında bağlanılan müqavilənin 4.11-ci maddəsindən görünür ki, anbar sahibi saxladığı mallara komisyonçu kimi girov hüququna malikdir və tapşıran müqavilə üzrə saxlama haqqını ödəməzsə saxlayıcı tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəldərək həmin malların açıq hərracda satılmasını tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin 2760 manat məbləğində əsas, MPM-in 445.7-ci maddəsinə əsasən 155 manat tələbi, həmçinin 70 manat mediasiya haqqı, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi hissədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qətnamə icra olunan günə kimi hər ay 100 manat məbləğində saxlama haqqı tələbi ilə bağlı qeyd edir ki, həmin tələb rədd edilməlidir, belə ki, pul vəsaitlərinin tutulması ilə bağlı olan işlər üzrə qətnamənin nəticə hissəsində rəqəmlər sabit məbləğlərdə göstərilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 35 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 2760 manat məbləğində əsas, 35 manat cərimə və MPM-in 445.7-ci maddəsinə əsasən 155 manat cəmi 2950 manat və 70 manat mediasiya xərci pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Tutma ünvan 1 ünvanında yerləşən saxlanc anbarındakı Cavabdeh məxsus mallara yönəldilməli, həmin mallar hərracda satılmalı, satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh borcu ödənilməli, artıq qalan vəsait cavabdehə qaytarılmalı, satışdan əldə olunan vəsait Cavabdeh borcunun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, həmçinin anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. İddia digər hissələrdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2760 manat məbləğində əsas, 35 manat cərimə və MPM-in 445.7-ci maddəsinə əsasən 155 manat cəmi 2950 manat və 70 manat mediasiya xərci pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Tutma ünvan 1 ünvanında yerləşən saxlanc anbarındakı Cavabdeh məxsus mallara yönəldilsin, həmin mallar hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh borcu ödənilsin. Satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh borcu ödəniləndən sonra artıq qalan vəsait cavabdehə qaytarılsın. Satışdan əldə olunan vəsait Cavabdeh borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilsin, həmçinin anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar