Məhkəmə qərarları › İş №e-2-2(113)-6044/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6044/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6044/2024 13.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, dəbbə pulu, üzləşmə aktı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən göstərilmiş xidmətə görə ödənilməli olan 10450 manat və dövlət rüsumu qismində ödənilmiş 121 manat, cəmi 10571.00 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, QAYA 060/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən 2023-cü ildə cavabdehin sifarişi əsasında 8150 manat dəyərində ölkə daxili yük daşıma xidməti göstərilimişdir. Lakin Cavabdeh MMC bugünə kimi göstərilmiş xidmətin dəyərini ödəməmiş və onun 8150 manat borcu qalmışdır. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 8150 manat əsas borcu və 2300 manat dəbbə pulu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

3. 11 sentybar 2024-cü il tarixdə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən 1000 manat ödəniş olduğunu qeyd etmiş və cavabdehdən göstərilmiş xidmətə görə ödənilməli olan 7150 manat əsas borc, gecikdirilmiş ödənişə görə 2445 manat dəbbə pulu və məhkəmə rüsumuna ödənilmiş 121 manat, cəmi 9716 manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. “Sifarişçi” Cavabdeh MMC və “İcraçı” İddiaçı MMC arasında bağlanmış 01 avqust 2023cü il tarixli, QAYA 060-2023D nömrəli ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin: 1.1-ci bəndinə əsasən, Sifarişçi ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada ölkədaxili yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı ilə müəyyənləşdirilir, bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair elektron-qaimə fakturada qeyd edilir. 2.3-cü bəndinə əsasən, bu müqavilə üzrə ödəniş İcraçı tərəfindən iş icra olunduqdan sonra ən geci 15 iş günü müddətində ödənilməli və ödəmə nağdsız qaydada həyata keçiriləcəkdir. 2.4-cü bəndinə əsasən, Sifarişçi göstərilmiş xidmətə görə xidmət haqqını İcraçıya vaxtında ödəmədiyi halda gecikdirilən hər gün üçün borcun ümumi məbləğinin 0.1 faizi qədər dəbbə pulu ödəyir.

9. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanan 01 avqust 2024-cü il tarixli QAYA 060-2023D nömrəli müqaviləyə 01 saylı əlavədən görünür ki, tərəflər müqavilə üzrə göstəriləcək xidmətlər üçün qiymət tarifini 1150 manat olması barədə razılığa gəlmişlər.

10. 31 avqust 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsinə dair Aktdan görünür ki, Daşıyıcı 01-31 avqust 2023-cü il üçün 5850 manat məbləğində yükdaşıma xidməti göstərərək işləri təhvil vermiş, Sifarişçi isə təhvil almışdır.

11. 30 sentyabr 2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsinə dair Aktdan görünür ki, Daşıyıcı 01-30 sentyabr 2023-cü il üçün 2300 manat məbləğində yükdaşıma xidməti göstərərək işləri təhvil vermiş, Sifarişçi isə təhvil almışdır. 12.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən EBDQ seriyalı 405426 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, yekun məbləğ 2300 manat təşkil edir. 13.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən EBDP seriyalı 285848 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, yekun məbləğ 5850 manat təşkil edir.

14. Cavabdeh MMC və İddiaçı MMC arasında imzalanan və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilən 27 mart 2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi Aktından görünür ki, 27 mart 2024-cü il tarixə olan borc 8150 manat təşkil edir.

15. **********59 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya göstərilmiş ölkədaxili yükdaşıma xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 avqust 2023-cü il tarixli, QAYA 060/2023/D nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 850.1-ci maddəsinə əsasən ,yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 31 avqust 2023-ci il tarixli, QAYA 060-2023D nömrəli ölkədaxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə yükdaşıma xidmətlərinin göstərilməsi vəzifəsini həyata keçirmiş, lakin cavabdeh öz vəzifəsini icra etməyərək, göstərilmiş xidmətlərin böyük bir hissəsinin dəyərini ödəməmişdir. Belə ki, tərəflər arasında 27 mart 2024-cü il tarixdə bağlanmış üzləşmə aktına əsasən cavabdeh 8150 manat məbləğində borcunun olmasını təsdiq etmişdir, sonradan cavabdeh tərəfindən 1000 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 7150 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

19. İddiaçı həmçinin 2445 manat dəbbə pulunun tutulmasını tələb edir.

20. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

21. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 357.5 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

22. İddiaçı ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbz iddiaçı tərəfindən məhkəmə xərcinin ödənildiyini təsdiqləyir.

25. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 121 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. III. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7150 manat əsas borc, 357.5 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 121 manat, cəmi 7628.5 (yeddi min altı yüz iyirmi səkkiz manat əlli qəpik) pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar