Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6047/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə” dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı2nə qarşı “pul tələbinə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə Açar sözlər: öhdəliyin icra edilməməsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 (bundan sonra - iddiaçı) nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 (bundan sonra – cavabdeh) iştirakları ilə, İddiaçının cavabdehərə qarşı “pul tələbinə” dair ilkin, cavabdehin iddiaçıya qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı əvvəllər "xxxx" MMC-də işləmişdir. Sonradan cavabdeh Cəmiyyətin direktoru X1 birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılığa gəlmişlər.
2. Şifahi razılaşmanın şərtinə görə tərəflər birgə fəaliyyət çərçivəsində taxta materiallarını xarici ölklərdən ixrac edərək "xxxx" MMC-yə satmalı idilər. Tərəflərin birgə fəaliyyəti 2022-ci ilin iyun-dekabr ayları müddətində davam etmiş, bu müddət ərzində cəmi invoys dəyəri 1.072.929,85 manat olan 3427,732 m3 (gömrük bəyannamələrində əks olunmuş məlumatlara əsasən) taxta ölkə ərazisinə ixrac edilmişdir. "xxxx" MMC-yə göndərilən elektron qaimə-fakturalarda taxtanın cəmi həcmi 3526,674 m3 olaraq müəyyən edilir.
3. İddiaçı birgə fəaliyyət üçün 500000 manat pul vəsaiti vermişdir. Şifahi razılaşmaya görə iddiaçı ölkəyə ixrac edilərək satılan taxtanın hər 1 m3-nə görə cavabdehə 10 ABŞ dolları məbləğinfə pul verməli idi.
4. Cavabdehin adından verilmiş və onun möhürü ilə xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmiş, Arayışın 1-ci bəndində iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərən, ********** nömrəli VÖEN sahibi “PRESTİJ A" MMC-nin fəaliyyətinə ümumi məbləği 500,000 manat sərmayə qoyuluşu etməsi, iddiaçının yuxanda göstərilən sərmayə qoyuluşundan irəli gələn aylıq qazancının, bütün vergilər çıxdıqdan sonra 20000 manat təşkil etməsi, 2-ci bəndində iddiaçının cavabdehə həm də onun gündəlik fəaliyyətində tələb olunan malların axtarışı, alınması və çatdırılmasından ibarət təchizat xidmətləri göstərməyi, iddiaçının yuxarıda göstərilən təchizat xidmətlərinə görə aylıq qazancının bütün vergilər çıxıldıqdan sonra 7000 manat təşkil etməsi qeyd edilmişdir. Arayış cavabdehin dirüktoru tərəfindən imzalanmışdır.
5. Birgə fəaliyyət nəticəsində iddiaçı, ümumilikdə 964000 manat pul almışdır.
a) İlkin iddia tələbi və onun dəlilləri.
6. İddiaçı cavabdehdən 584419.64 manat məbləğində əsas, 112599.78 manat bank uçot dərəcəsi, 1620 manat dövlət rüsumu olmaqla, ümumilikdə 698540,42 manat pulun tutulması barədə, sonradan dəqiqləşdirilməklə (xx.xx.2025-ci il tarixdə) ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı ilkin iddia ərizəsində və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci ildə cavabdeh iddiaçıya ölkə ərazisində taxta məhsulunun satışı ilə bağlı biznes əməkdaşlığı təklif etmişdir. Tərəflərin əldə etdikləri razılığa əsasən əsasən cavabdehin kommersiya fəaliyyətinin genişləndirilməsi üçün iddiaçı tərəfindən 500.000 manat məbləğində nağd pul vəsaiti sərmayə verilmişdir. Tərəflər arasındakı razılaşmaya əsasən onun tərəfindən qoyulmuş sərmayəyə görə aylıq qazanc olaraq bütün vergilər çıxıldıqdan sonar 20.000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Həmçinin, cavabdehin gündəlik fəaliyyətində tələb olunan malların axtarışı, alınması və çatdırılması istiqamətində iddiaçının göstərdiyi xidmətlərə görə cavabdeh ona aylıq bütün vergilər çıxıldıqdan sonra 7.000 manat pul vəsaiti ödəməli idi. Bu razılaşma Tərəflər arası şifahi qaydada rəsmiləşdirilsə də, sözügedən biznes əməkdaşlığı haqqında Sazişdən irəli gələn münasibətlərlə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən “tələb olunan yerə təqdim edilməsi üçün” arayış da verilmişdir. Qeyd edilən arayışda Tərəflər arası olan işgüzar münasibətlərin hansı formada olması ilə bağlı ətraflı izah verilmişdir. Təəssüf ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etsə də, cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Bununla bağlı dəfələrlə tərəfimizdən cavabdehə şifahi və yazılı bildirişlər təqdim edilsə də, təəssüf ki bu heç bir nəticə verməmişdir. Cavabdeh qərəzli şəkildə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaqdadır. Əməkdaşlığın real olaraq 33 ay müddətində şifahi olaraq aparılmasına baxmayaraq, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilmədiklərindən qeyd edilən müddətin məhz iyun-dekabr ayları kimi nəzərə alaraq toplam əməkdaşlıq müddətimizi 6 ay kimi qiymətləndirirlər. Belə olduğu halda cavabdeh 6 ay ərzində toplamda iddiaçıya (20.000+7.000)*6=162.000 manat məbləğində vəsaitindən əlavə məqsədlər üçün istifadə etdiyinə görə gəlir kimi pul ödəməli idi. Bundan əlavə ilkin iddia üzrə cavabdehin bildirdiyi kimi məhz "xxxx" MMC-yə satılmış mallarla bağlı tərəflər arası əlavə razılaşma da olmuşdur. Sözügedən razılaşmaya əsasən həmin təşkilata satılan mallarla bağlı malın maya dəyəri üzərində hər 1 kub taxtaya görə cavabdehə 10 ABŞ dolları məbləğində vəsait verilməli idi. Satışdan sonra əldə edilmiş qalıq gəlir isə iddiaçıya geri qaytarılmalı idi. Elektron qaimə çıxarışlarından görünür ki, toplamda əməkdaşlıq müddəti ərzində "xxxx" MMC-yə 1.764.609,44 manat əsas + 317.630 ƏDV = 2.082.239,44 manat məbləğində taxta satılmışdır. Qeyd edilən məhsulların maya dəyəri isə cavabdehin 10 ABŞ dolları qazancı daxil olmaqla, ilkin iddia üzrə cavabdehin bildirdiyi kimi ƏDV daxil 1.196.819,8 manat təşkil edir. Beləliklə cavabdehin iddiaçıya sırf gəlirdən olan borcu 2.082.239,44 - 1.196.819,8 = ƏDV daxil 885.419,64 manat təşkil edir. Cavabdehin iddiaçıya olan borcu aşağıdakı kimi olmuşdur: 500.000 (əsas vəsait) + 162.000 (arayış əsasında) + 885.419,64 ("xxxx" MMC) = 1.547.419.64 manat. Araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də cavabdehin bildirdiyi kimi toplamda 963.000 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə cavabdehin iddiaçıya olan yekun borcu: 1.547.419,64 - 963.000 = 584.419,64 manatdır. Lakin Mülki Məcəllənin digər 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2025-ci il tarixli qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində müəyyən edilib. Beləliklə sadə riyazi hesablamaqla müəyyən edilir ki: Bank uçot faiz dərəcəsinin toplam məbləği = 584.419,64 (toplam borc) * 0.07 (7 faiz bank uçot dərəcəsi) * 2.75 (toplam öhdəliyin gecikdirmə müddəti 33 ay/12) = 112.500,78 manatdır.
b) Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri
8. İddia ərizəsinə qarşı cavabdehin vəkili və nümayəndəsi yazılı etirazında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilənlər iddiaçının işin faktiki hallarını gizlətməklə şəxsi mülahizələrinə əsaslanır. Çünki iddiaçı MMC-dən 963000 manat məbləğində nəğd pul vəsaiti almağına baxmayaraq iddia ərizəsində qeyd edir ki guya cavabdehdən pul almayıb. Hərçənd ki, iddiaçı onunla bağlı məhkəməyə və hüquq –mühafizə orqanlarına müraciət edəcəklərini bildiyindən onlarıi qabaqlayıb hazırkı məqsədli iddianı qaldırmışdır ki bu iddia da qanunların aliliyi naminə rədd olunmalıdır. Çünki iddiaçı nəinki 500000 manatını və həmin pula görə yüksək qazancını hələ MMC-yə məxsus pul vəsaitlərini də əsassız olaraq almışdır. Hələ bunlar da azmış kimi MMC-dən yenidən qanunsuz və əsassız mülahizələrlə pul tələb etməkdə özünü “hüquqlu” saymasının qanunun qarşısı imperativ tələbləri ilə dərhal alınmalıdır. Cavabdeh 2018 ci ildən "xxxx" MMC ilə taxta məhsulunun alqı satqısı müqaviləsi əsasında işləyib. Hazırki iddiaçı da həmin şirkətin rəsmi işçisi olmaqla onların MMC-dən alınan malların alışına nəzarət edirdi. Onların iddiaçı ilə tanışlığı həmin vaxtdan başlamışdı. 2022 ci ilin may ayında iddaçı MMC-nin direktor müavini İlham İsmayılovla görüşüb artıq "xxxx"MMC-dən işdən çıxdığını və öz müstəqil işini qurmaq istədiyini və onun adı bilinmədən "xxxx" MMC-yə cavabdehin adından taxta verilməsinə pul –sərmayə qoyuluşu edilməsinə və xalis gəlirin qoyduğu pula uyğun bütün vergilər, xərclər və ƏDV-siz olmaqla aralarında bölünməsini, eləcə də məhz cavabdehin adından mallar gedəcəyinə görə hər kub taxtaya görə 10 ABŞ dolları onlara pul veriləcəyini təklif etdi. İddiaçının Şirkətlərlə alqı-satqı fəaliyyətlərinə heç bir aidiyyatı yox idi və yalnız "xxxx" MMC-yə göndəriləcək taxta məhsulunun alqı-satqısına dair birgə fəaliyyət göstərəcəkdirlər. Bu təkliflə razılaşdıqdan sonra hissə -hissə olmaqla iddiaçı 500000 manat "xxxx" MMC-yə göndəriləcək taxta məhsulun alınmasına sərmaye qoyuluşu etdi. Ancaq iddia ərizəsində qeyd edir ki guya 2022-ci ilin avqust ayında pul verib və guya ona bu birgə işi təklif etmişlər. Əslində isə may ayindan iddiaçının təkidi ilə iş başlanılıb (çünki biz onsuz işləyirdik və iddiaçıya ehtiyacımız yox idi) və iddiaçı ilə birgə 6 ay şərikli işbirliyi olub. 2022 ci ilin iyun ayının 25-dan ilkin taxta məhsulu "xxxx" MMC-yə göndərilib sonuncu dəfə isə 2022-ci ilin dekabr ayının 8-də göndərilib. İddiaçı ilə işbirliyi dövründə "xxxx" MMC-yə 3194,53 kub metr taxta materialı verilib və bu malın satış dəyəri 1.588218,25 manat olub. Taxta materialının maya dəyəri isə 1196819.8 manat olub. İddiaçı ilə bu 6 aylıq işbirliyindən xalis gəlirləri 391398,45 manat olub. Aralarında olan razılaşmaya əsasən bu pul materialın maya dəyərinə xərclədiklri vəsaitə mütənasib bölünməli idi. Belə ki, 1196819,8 manatlıq materialın 500000 manatı iddiaçıya qalanı yəni 696819,8 manatı isə MMC-yə məxsus idi. İddiaçı ilə işbirliyini bilən AZPİM- MMC nin rəhbəri Coşqun Zalov dərhal onlarla işbirliyi və müqaviləni pozaraq bütün ödənişləri dayandırdı. Səbəb isə iddiaçının həmin Şirkəti müflis vəziyyətə gətirməsi və işdən məhz buna görə çıxarıldığı məlum oldu. Onlar artıq pulun qaytarılması üçün məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin qərarı ilə "xxxx" MMC-dən pullarını geri almışlar. Məhkəməyə müraciət etdikləri 2023 cü ilin mart ayına qədər iddiaçı artıq 641000 manat bizdən pul almışdır. Sonradan məhkəmə qətnaməsi ilə "xxxx" MMC-dən alınan pulları da iddiaçı özünə götürərək, ümümilikdə ******* manat onlara verdiyi 500000 manatın müqabilində aldadaraq pul almışdır. Hərçənd ki, iddiaçı özü "xxxx" MMC ilə olan sənədləşmələri, hesabatları apardığından və çox təssüflər olsun ki, hazırda iddiaçının başlarına açdığı oyunları bildikdən sonra iddiaçını hüquq-mühafizə orqanına və məhkəməyə verəcəklərini bildirdilər. İddiaçı da bütün sadalanan faktları watsap yazışmalarını, səs yazılarını bir kənara qoyaraq sanki özünün hazirladığı indi məlum olan arayışla bizdən verdiyi pulun müqabilində 3 qat pul almaq arzusunu reallaşdırmaq istəyir ki bu hal yolverilməz və qanunsuzdur. İddiaçı işdən çıxdığı və oğlunun Amerikada oxumasına görə viza almaq adı ilə onlardan Şirkətin boş blankını hansı ki həmin blankda yuxarıda Şirkətin rekvizitləri və aşağıda şirkətin möhürü və direktorun imzası var həmin blankı gizlin yolla ofisdən götürərək guya noyabr 2022-ci il tarixdə arayış adı altında öz istədiyi məzmunlu halları həmin blankda əks etdirmişdir. Hərçənd onlar hazırda həmin arayışı götürdükdən sonra həmin arayışda heç bir çıxış nömrəsi olmadığını və əlyazma ilə yazılan xx.xx.2022-ci il yazısını direktora belə məxsus olmamasını müəyyən etmişlər. İddiaçı öz qabaqcıl planlarını həyata keçirmək üçün 2022-ci ilin may ayında verilən pulun əvəzinə guya avqust ayında pul verilməsini və 963000 manat aldığı halda guya pul almadığını qeyd etməsi tamamilə cəfəngiyyatdır. Təkcə iddiaçının watsap yazışmasında 2022-ci ilin may-dekabr ayında 241000 manat, 2022-ci ilin dekabr ayından 2023 cü ilin mart ayına qədər 400000 manat alması, ümümilikdə "xxxx" MMC ilə məhkəmə mübahisəsi düşənə qədər ümümilikdə ******* manat pul almasını etiraf edir. Guya cavabdehin ona 324500 manat "xxxx" MMC-nin pulunu verməsi qeyd olunur. Sonradan bu 2025 ci ilin iyun ayının əvvəllərində olan səs yazısında isə "xxxx" MMC-nin ödədiyi bütün pulu aldıqdan sonra onlardan 963000 manat almasını etiraf edir. Maraq doğurmur ki 2022-ci ildən bu 3 il ərzində əgər iddiaçı pulunu almamışdırsa nə səbəbə şirkətə,hər hansı hüquq-mühafizə orqanına və ya məhkəməyə müraciət etməyib? Əslində onsuz iddiaçı cavabdehin hesabına kifayət qədər əsassız varlanaraq 500000 pula görə 6 aya 463000 manat qazanc əldə edib. Hansı ki həmin pulun içində Şirkətin öz pulu, vergilər, ƏDVlər var. İddiaçı 500000 manat qoyduğu pula uyğun göndərilən malın xalis gəlirinə Şirkətin bütün vergiləri, ƏDV-si və hər kub metr taxtaya görə 10 ABŞ dolları çıxıldıqdan sonra yerdə qalan xalis gəlir iddiaçıya verilməli idi. İddiaçı isə razılaşmanı pozaraq nə vergiləri və nə də 10 ABŞ dollarının gəlirdən çıxılmasına razılıq verdi və hələ nağdlaşdırlmayan və qanunla əvəzləşdirilən ƏDV-ni belə xalis mənfəət kimi hesablayaraq Şirkətin belə öz puluna göndərdiyi taxtaların satışından əldə olunan xalis gəliri belə ələ keçirdi.
c) Qarşılıqlı iddia tələbi və onun dəlilləri.
9. Cavabdeh iddiaçıdan əsassız varlanaraq ələ keçirdiyi 299473 manat pulun və 31945 ABŞ dollar (54307 azn manat) və iddianın qaldırılması üçün ödənilmiş 643,78 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Qarşılıqlı iddia ərizəsinin əsasları ilkin iddia ərizəsinə verilmiş yazılı etirazla eynilik təşkil edir və təkrar olaraq qeyd edilmişdir ki, iddiaçı ilə 6 ay şərikli işbirlikləri olub. Taxta məhsulu 2022-ci ilin iyun ayının 25-də ilkin, sonuncu dəfə isə 2022-ci ilin dekabr aymın 8-də "xxxx" MMC-yə göndərilib. İddiaçı ilə işbirliyi dövründə AZPİM MMC-yə 3194,53 kub metr taxta materialı verilib və bu malın satış dəyəri 1.588218,25 manat olub. Taxta materialının maya dəyəri isə 1 196819.8 manat olub. İddiaçı ilə 6 aylıq işbirliyindən xalis gəlirlər 391398,45 manat olub. Aralarında olan razılaşmaya əsasən pul materialın maya dəyərinə xərclədikləri vəsaitə mütənasib aralarında bölünməli ıdı. Belə kı 1196819.8 manatlıq materialın 500000 manatı ilkin iddiaçıya, qalanı yəni 696819.8 manatı isə MMC-yə məxsus idi. Qazanc olan 391398,45 manat da malın maya dəyərinə qoyulan vəsaitin məbləğinə mütənasib faiz nisbətində bölünməli, bölünmə nəticəsində cavabdehin payına 500000/1196819.8x100= 41.78% hesablanır. Beləliklə, 391398.45 manat gəlirin 41.78 faizi yəni 391398.45x41.78% = 163527 manat hissəsi iddiaçıya veriİmeli idi. İddiaçı2 bundan əlavə 3194,53 kub metr taxtanın hər kubuna gorə (10 ABŞ dolları cəmi 31945 dollar) 17 manat cəmi 54307 manat verməli idi. İddiaçı ilə işbirliyini bilən "xxxx" MMC-nin rəhbəri dərhal onlarla işbirliyi və müqaviləni pozaraq bütün ödənişləri dayandırdı. Səbəb isə ilkin iddiaçının həmin Şirkəti müflis vəziyyətə gətirməsi və işdən məhz buna görə çıxarıldığı məlum oldu. Məhkəməyə müraciət etdikləri 2023-cü ilin mart ayına qədər cavabdeh artıq 641000 manat pul almışdır. Sonradan məhkəmə qətnaməsi icra şöbəsi tərəfindən icra edildikdən sonra "xxxx" MMC-dən alınan pulları da iddiaçı götürərək ümümilikdə ******* manat pulu onlara verdiyi 500000 manatın müqabilində aldadaraq almışdır.
d) İddiaçının qarşılıqlı iddiaya qarşı etirazının dəlilləri.
11. İddiaçı qarşılıqlı iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.
13. Cavabdehin nümayəndəsi və vəkili ilkin iddia ərizəsinə etiraz edərək yazılı etirazına uyğun izahat verərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
17. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinin dəlillərini, onlara əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır.
31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
32. MM-nin 386.1-ci maddəsində öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən edilmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
33. Tərəflər arasında birgə fəaliyyətlə bağlı yazılı müqavilənin bağlanmaması, bütün danışıq və razılaşmanın isə yalnız şifahi formada olması işin mübahisəsiz halıdır. Lakin qanunvericilikdə yazılı formada və ya xüsusi təsdiq etmə yolu bağlanması halları isitisna olmaqla, eyni zamanda qanuna zidd deyilsə, müqavilənin şifahi formada da bağlanması qanuni hüsab edilir. Əlbətdəki, şifahi müqavilə hər hansı bir sənədin tərtibi olmadan, yalnız tərəflərin şifahi (sözdə) razılıqlarına əsaslansa da, o zaman etibarlı hesab edilə bilər ki, hər bir halda müqavilə azadlığını və tərəflərin iradə ifadəsini əks etdirsin.
34. Məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericiliyin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar və onları icra etmək vəzifəsini daşıyırlar.
35. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında birgə fəaliyyətlə bağlı şifahi əqd bağlanmış, birgə fəaliyyət çərçivəsində tərəflər xarici ölkələrdən taxta ixrac eədərək cavabdeh Cəmiyyətin adı ilə "xxxx" MMC-yə satmalı idilər. Bu fəaliyyətin həyata keçirilməsi üçün iddiaçı tərəfindən 500000 manat pul sərf edilmişdir, həmçinin gətirilən hər 1 m3 taxtaya görə 10 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsinə görə iddiaçı öhdəlik götürmüşdür. Tərəflər arasındakı münasibət 2022-ci ilin iyundekabr ayları ərzində mövcud olmuşdur. Bu göstərilənlər, eyni zamanda işin mübahisəsiz halları kimi məhkəmə baxışı zamanı müəyyən edilmişdir.
36. İşin mübahisəli tərərfi isə birgə fəaliyyət çərçivəsində ölkəyə gətirilən taxtanın həcmi, onun alınmasına sərf olunmuş pulun həcmi (maya dəyəri), əldə edilən gəlirlərin tərəflər arasında bölüşdürülməsi və iddiaçı tərəfindən ona çatası gəlirin verilməsi ilə bağlıdır.
37. Əvvəldə də qeyd edildiyi kimi, tərəflərin xarici ölkələrdən taxta ixrac eədərək cavabdeh Cəmiyyətin adı ilə "xxxx" MMC-yə satılması birgə fəaliyyətin əsas istiqamətlərindən biri olmuşdur. İddiaçı bu fəaliyyət nəticəsində ümumilikdə 3526 m3 taxta ixrac edərək "xxxx" MMC-yə satıldığını iddia etsə də, iş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, tərərflərin birgə fəaliyyət dövrünə təsadüf edən müddət ərzində ölkəyə cavabdehin adına ixrac edilən taxtanın cəmi həcmi 3427,723 m3 olmuşdur. Həmçinin, işdə olan elektron qaiməfakturalardan görünür ki, tərərflərin birgə fəaliyyət dövrünə təsadüf edən müddət ərzində cavabdehin adından "xxxx" MMC-yə ümumilikdə 3526,674 m3 müxtəlif ölçülərdə taxta satılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, birgə fəaliyyət çərçivəsində "xxxx" MMC-yə satılan taxta yalnız xarici ölkələrdən (Rusiya və Belarusiyadan) ixrac olunmuşdur. Göründüyü kimi, təqdim edilmiş gömrük bəyannamələri ilə ixrac edilən taxtanın həcmi "xxxx" MMC-yə satılan taxtanın həcmindən 98,942 m3 (3526,674 m3 - 3427,723 m3 = 98,942 m3) azdır. "xxxx" MMC-yə satılan taxtanın yalnız xarici ölkələrdən ixrac edildiyi nəzərə alınarsa, elektron qaimə-faktura əsasında artıq satılan 98,942 m3-dən ibarət taxtanın da birgə fəaliyyətə daxil olması istisna edilir.
38. İxrac olunan taxtaya sərf olunan pul vəsaitnə gəldikdə, iddiaçı bununla bağlı bütünlüklə pul vəsaitinin 500000 manat olmaqla özü qoyduğunu, taxtanın isə bir dəfəyə deyil, birgə fəaliyyət müddəti ərzində hissə-hissə gətirildiyini, ixrac edilən taxtanın alışı zamanı yalnız onun sərmayə kimi yatrıdığı 500000 manat puldan istifadə edildiyini bildirsə də bununla məhkəməyə heç bir sübut təqdim etməmişdir.
39. İş materilalarında olan gömrük bəyannamələri əsasında isə müəyyən edilir ki, tərəflərin birgə fəaliyyət göstərdikləri müddət ərzində cavabdeh Cəmiyyətin adına ixrac edilən 3427,723 m3 taxtanın invoys dəyəri 1.072.929,85 manat olmuşdur. Həmin pul vəsaitindən iddiaçının birgə fəaliyyətin həyata keçirilməsi üçün verdiyi 500000 manat çıxıldıqda qalan pul vəsaiti 572929,85 manat təşkil edir. İddiaçı isə həmin pul vəsaitinin də həqiqətən onun tərəfindən verildiyini, yaxud iddia etdiyi kimi birgə fəaliyyət müddətində sərmayə kimi cəlb etdiyi 500000 manat pulun müxtəlif vaxtlarda taxtanın ixrac edilməsi nəticəsində yenidən dövriyəyə buraxılaraq 1.072.929,85 manata çatdırılması ilə bağlı məhkəməyə heç bir sübut tərqdim etməmişdir.
40. Belə olan halda, məhkəmə tərəflər arasındakı birgə fəaliyyətin məqsədini (xarici ölklərdən taxta ixrac edərək cavabdehin adından "xxxx" MMC-yə satmaq) nəzərə alaraq belə nəticəyə gəlir ki, birgə fəaliyyətin həyata keçirilməsi üçün gömrük bəyannamələri əsasında 3427,723 m3 taxtanın alınmasına və ölkəyə gətirilməsinə sərf edilmiş 1.072.929,85 manat pulun 500000 manat hissəsi iddiaçının, qalan 572929,85 manat hissəsi isə cavabdehin sərf etdiyi pul vəsaiti olmuşdur. Bu halda, birgə fəaliyyət üçün sərmayə şəklində qoyulmuş pulun faiz nisbətində tərəflərə hər birinə aid pay nisbəti isə belə olacaqdır: iddiaçı 47%, cavabdeh isə 53%.
41. Məhkəmə qeyd edir ki, tərəflər arasında birgə fəaliyyət nəticəsində əldə edilmiş gəlirin bölünməsi barədə tərəflərin hansı formada razılığa gəlməsi (cavabdehin adından verilmiş və onun möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Arayış) məhkəmə baxışı zamanı müəyyən edilmədi, daha doğrusu tərəflərin heç bir bununla bağlı məhkəməyə düzgün məlumat vermədilər. Buna baxmayaraq tərəflərin birgə fəaliyyət göstərdikləri müddətdə hansı məbləğdə taxtanı ölkəyə ixrac etdiklərini iş materiallarında olan gömrük bəyannamələri, həmçinin hansı məbləğdə taxtanın "xxxx" MMC-yə satılmasını isə sonuncuya göndərilmiş elektron qaimə-faktura əsasında müəyyən etmək mümkündür.
42. Tərəflərin birgə fəaliyyətdən hansı həcmdə gəlir əldə etmələrinin müəyyən edilməsi üçün məhkəmə hesab edir ki, "xxxx" MMC-yə satılmış taxtanın bir kubunun orta qiyməti müəyyən edilməldir. "xxxx" MMC-yə göndərilmiş elektron qaimə-faktura əsasında sonucuya, cəmi 3526,67 m3 həçmində 2.082.239,44 manat dəyərində müxtəlif ölçülü taxta göndərilməsi müəəyyən olunur. Satılmış taxtanın pulla ifadə edilən cəmi məbləğinin, yəni 2.082.239,44 manatın taxtanın həcminə, yəni 3526,67 m3- bölünməsi nəticəsində isə 1 kub metrə düşən taxtanın orta satış qiymətini müəyyən etmək mümkündür. Başqa sözlə, 2.082.239,44 manat /3526,67 m3=590,42 manat. Bundan sonra, tərəflərin birgə fəaliyyət nəticəsində əldə etdiklərin real gəlirin daha dəqiq müəyyən edilməsi isə gömrük bəyannamələri əsasında ölkəyə ixrac edilən taxtanın həcminin, yəni 3427,73 m3 taxtanın "xxxx" MMC-yə göndərilmiş taxtanın bir kubunun orta bazar qiymətinə, yəni 590,426 manata vurulması yolu ilə müəyyən olunur. Yəni, 3427,73 m3 x 590,426 manat = 2.023.800,34 manat (98,942 m3-dən ibarət taxta ilə bağlı sübutlar mövcud deyil). Beləliklə, aparılmış hesablama nəticəsində tərəflərin birgə fəaliyyət nəticəsində "xxxx" MMC-yə 2.023.800,34 manat dəyərində taxta satdığı müəyyən olunur.
43. Birgə fəaliyyət nəticəsində tərəflərin hansı məbləğdə gəlir əldə etmələrinin müəyyən edilməsi isə Azpim” MMC-yə real satılmış taxtanın dəyərindən (2.023.800,34 manat) ölkəyə ixrac edilən taxtanın invoys dəyərini (1.072.929,85 manat) çıxmaq yolu ilə müəyyən edilə bilər. Yəni, 2.023.800,34 manat - 1.072.929,85 manat = 950.870,49 manat. Göründüyü kimi, tərəflərin taxtanın alınmasına sərf etdikləri pul vəsaitləri çıxıldıqdan sonra 950.870,49 manat gəlir əldə etmələri müəyyən edilir. Sonuncu gəlir məbləğini isə tərəflərin qoyduğu maya nisbətində böldükdə isə tərəflərin hər birinə düşın real gəlir belə olmalıdır: iddiaçının 47% qoyduğu pul (maya) nisbətində real gəliri 446909,36 manat (950.870,49 manat x 47% = 446909,36 manat), cavabdehin isə 53% qoyduğu pul nisbətində real gəliri 503961,36 manat (950.870,49 manat x 53% = 503961,36 manat).
44. İddiaçı isə 964000 manat pul aldığını etiraf edir. Həmin pul vəsatinin 500000 manat hissəssi iddiaçının qoyduğu maya kimi nəzərə alındıqda, onun birgə fəaliyyətdən əldə etdiyi gəlir 464000 manat təşkil edir. Lakin yuxarıdakı hesablamadan da müəyyən edilir ki, iddiaçının 47% qoyduğu pul (maya) nisbətində real gəliri 446909,36 manat olmalı idi. Göründüyü kimi iddiaçı 17.090,87 manat daha artıq gəlir (464000 manat - 446909,36 manat = 17.090,87 manat) əldə etmişdir.
45. Lakin xx.xx.2022-ci il tarixli yazılı sənəd olan Arayışa əsasən cavabdehin iddiaçıya sərmatə qoyuluşundan hər ay 20000 manat, təchizat xidmətlərinə görə isə hər ay 7000 manat qazanc verməyi öhdəsinə götürmüşdür. Tərəflərin birgə fəaliyətrinin 6 ay davam etmələri nəzərə alındıqda, cavabdeh birgə fəaliyyət nəticəsində əlavə olaraq iddiaçıya 120000 manat və 42000 manat olmaqla, cəmi 162000 manat, iddiaçı isə cavabdehə taxtanın hər kubuna görə 10 ABŞ dolları, yəni 34277,3 ABŞ dolları (3427,73 x 10 ABŞ dolları = 34277,3 ABŞ dolları), yəni 58271,41 manat pul vermək öhədliyi götürmüşdür. Məhkəmə həm iddiaçıya artıq ödənilmiş gəliri (17.090,87 manat), həm də taxtanın hər kubuna görə cavabdehə verməli olduğu 58271,41 manat pulu da nəzərə alaraq hesab edir ki, həmin pul məbləğləri iddiaçıya ödənilməli olan 162000 manat çıxılmalıdır. Bu halda cavabdeh tərəfindən birgə fəaliyyət nəticəsində iddiaçıya ödənilməli olan pul vəsaiti 86.637,72 manat (162000 - 17.090,87 - 58271,41 = 86.037,72) təşkil edir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə fəaliyyətləri nəticəsində cvabdehin iddiaçıya ödənilməyən 86.037,72 manat pul öhdəliyi mövcuddur.
46. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi bank uçot faiz dərəcəsi ilə tələb edilən pul hissəsində də qismən əsaslıdır.
47. İddiaçı bank uçot faiz dərəcəsi ilə iddia etdiyi pulu Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələb edir. Normanın dispozitiv şərtinə görə kreditorun həmin maddədə nəzərdə tutulmuş faizləri tələb etməsi üçün hüquqi əsaslar o halda yaranır ki, borclu pul vəsaitini özündə saxlamaqla və digər üsulla qaytarmamaqla ondan faydalanmış olsun. “Faydalanmaq” sözünün leksik mənası fayda götürmək, xeyir götürmək, istifadə etmək, bəhrə götürmək deməkdir. Əşyadan faydalanmağın hüquqi baxımdan müəyyən mənada izahı Mülki Məcəllənin 135.12-ci maddəsində göstərilmişdir. Həmin müddəaya əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
49. Şərh edilənlər və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşma o nəticəyə gəlməyə əsas verir ki, kreditor Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitini qaytarmamağa görə əldən çıxmış fayda formasında pul tələb etməsi o zaman əsaslı ola bilər ki, borclunun həmin pul vəsaitindən faydalandığını sübuta yetirilmiş olsun. İddiaçı isə həmin tələbinin əsaslılığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
50. Lakin məhkəmə araşdırması nəticəsində də müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ödəməli olduğu 86.637,72 manat pulu ödəməmiş və həmin ödənişi 31 ay (yanvar 2023 - iyul 2025) müddətində kecikdirmişdir. Bu halda iddianın qanuni əsasını MM-nin 449.1-ci maddəsi deyil, 445.7-ci maddəsi təşkil edəcəkdir. Həmin müddəadan da görünür ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Cavabdehin iddiaçıya ödəməli olduğu 86.637,72 manat pulun 31 ay müddətində gecikdirilməsinə görə illik 5% nisbətində hesablanmış pul məbləği 11.190,69 manat təşkil edir (86.637,72 manat x 5% / 12 ay x 31 ay = 11.190,69 manat).
51. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli 86.637,72 manat pulu vaxtında ödəməməklə 31 ay gecikdirdiyinə görə cavabdehdən həmin pul vəsaitinə görə illik 5% nisbətində 11.190,69 manat pul məbləği də tutulmalıdır.
52. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsindən görünür ki, cavabdeh iddiaçıdan həm əsassız varlanma nəticəsində 299473 manat və 31945 ABŞ dolları (taxtanın hər kubuna görə verilməli olan 10 ABŞ dollarına əsasən) pul tələb edir.
53. Mülki Məcəllənin 1091-ci maddəsinin mənasından da gürünür ki, əsassız varlanma bir şəxsin başqa bir şəxsin əmlakı (əmlak hüquqları, yaxud iqtisadi dəyəri olan nemət) hesabına maddi və ya başqa bir faydanı hər hansı qanuni və ya müqavilə əsası olmadan, yaxud qanuniliyi sonradan aradan qalxmış əsasla əldə etməsi başa düşülür. Göründüyü kimi, əsassız varlanma o halda baş verir ki, aşağıdakı şərtlər birlikdə mövcud olsun: əldə edənin varlanması (əmlak və ya hər hansı əmlak hüquqarı əldə etməsi, yaxud hər hansı maddiiqtisadi dəyəri olan üstünlüklər əldə etməsi), bu varlanmanın başqasının (itirənin) hesabına baş verməsi, varlanmaya haqq qazandıracaq qanuni, yaxud müqavilə əsasının olmaması, yaxud bu əsasın sonradan aradan qalxması. Bu zaman iddia edən əldə edənin əsassız varalanmasını sübuta yetirməyə borcludur.
54. Lakin cavabdeh 299473 manat pul vəsaitini iddiaçının əsassız varlanması nəticəsində əldə etdiyini bildirsə də, sonuncunun həmin pulu necə və hansı qaydada əldə etməsi və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
55. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia digər hissədə - 31945 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz, ona görə ki, əvvəla məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə satılan taxtaya görə ödənilən pul vəsaiti iddiaçıya deyil, nağdsız qaydada cavabdehin hesabına ödənilmişdir. Bu halda, iddiaçının həmin pul vəsaitinə dair hər hansı sərəncam vermək imkanı ola bilməzdi. İddia həmin hissədə həm də, ona görə təmin edilə bilməz ki, ilkin iddiaya qiymət verilərkən iddiaçının öhdəliyi kimi taxtanın hər kubuna görə verilməli olan 10 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin iddiaçıya ödəməli olduğu puldan çıxılmışdır.
56. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh “Prestij A" MMC-dən 86637,72 manat əsas, 11190,69 manat faiz borcu olmaqla, ümumilikdə 97828,41 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 227 manat hissəsi tutularaq ilkin iddia üzrə İddiaçı2 xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 1393 manat hissəsi ilkin iddia üzrə İddiaçı2 özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı