Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6092/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11800 (on bir min səkkiz yüz) manat pul vəsaiti, xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli xidmət müqaviləsinin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanmış 299,04 manat və ödənilmiş 127,30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AAE23/05-24 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq əlavələrdə qeyd olunan reklam xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətin müqabilində icraçıya müvafiq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə edilmiş xx.xx.2024-cü il tarixli, 1 saylı əlavədə göstərilən şərtlərə əsasən cavabdeh tərəfindən ən geci 7 ay müddətində çəkilişi başlanmalı olan “Falçı” filmində mövcud olan avtomobil səhnələrində “Changan” markalı nəqliyyat vasitələrindən istifadə edilməsi, iddiaçı tərəfindən isə həmin əlavədə nəzərdə tutulmuş məbləğdə xidmət haqqının qabaqcadan ödənilməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli xidmət müqaviləsinin sözügedən 1 saylı əlavəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən əlavə dəyər vergisi də daxil olmaqla, 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti cavabdehin hesabına ödənilmiş, lakin sonuncu tərəfindən əlavədə razılaşdırılmış müddət ərzində filmin çəkilişlərinə başlanılmamışdır. Tərəflər arasında aparılmış danışıqlara əsasən “Falçı” filminin çəkilişinə 2024-cü ilin iyun ayında başlanılması planlaşdırılsa da, filmin çəkilməsinə başlanılması müxtəlif bəhanələrlə fərqli tarixlərə keçirilmiş, öhdəlik icra edilməmiş və beləliklə, cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli xidmət müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Ləğv edilmiş müqavilə üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair xx.xx.2025-ci il tarixində cavabdehə onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu təqdim olunmasına baxmayaraq, cavabdeh zərərin əvəzinin ödənilməsini təmin etməmişdir. Xidmət müqaviləsinin 3.2-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən sifariş edilən xidmətlərin yüksək keyfiyyətlə, qüsursuz və vaxtında icrasını təmin edir və sifarişçiyə təhvil verir. Həmin müqavilənin 3.2.5-ci bəndinə əsasən icraçı xidmətlərin icrasını və gedişatını ləngitməli deyil və belə hallar baş verdikdə, bu barədə sifarişçini dərhal yazılı və şifahi qaydada məlumatlandırmalıdır. Həmin müqavilənin 13-cü bəndində müqavilə şərtlərinin əsaslı pozulması halları baş verdikdə müqaviləyə birtərəfli qaydada xitam verilməsi razılaşdırılmışdır. Müqavilənin 13.2.1-ci bəndi ilə icraçının müqavilədə nəzərdə tutulmuş işlərin icrasını özünün və ya işçilərinin, kontragentlərinin, təmsilçilərinin təqsirindən 7 (yeddi) gündən artıq müddətə gecikdirməsi əsaslı pozuntu kimi müəyyən edilmişdir. Həmin müqavilənin xx.xx.2024-cü il tarixli, 1 saylı əlavəsinə əsasən əgər xidmətlər sifariçinin müqaviləyə uyğun olaraq tələb etdiyi keyfiyyətdə və miqdarda vaxtında təhvil verilməzsə və ya xidmətlər sifarişçi tərəfindən təhvil alınmazsa və yaxud hər hansı səbəbdən müqaviləyə vaxtından əvvəl xitam verilərsə, əvvəlcədən ödənilmiş bütün ödənişlər bu barədə tələbin irəli sürüldüyü tarixdən ən geci 3 iş günü ərzində sifarişçiyə tam şəkildə geri qaytarılmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 399.4, 421.1, 424.5, 442, 445.7, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq əlavələrdə qeyd olunan reklam xidmətlərini göstərir, sifarişçi isə bu xidmətin müqabilində icraçıya müvafiq xidmət haqqı ödəyir. Xidmətlərin spesifikasiyası müvafiq əlavələrdə təsbit edilmişdir, lakin sifarişçinin təklif etdiyi nümunə ilə əlavələr arasında ziddiyyət olarsa, sifarişçinin təklif etdiyi nümunə əsas götürüləcəkdir; 3.2-ci bəndinə əsasən icraçının sifarişçi tərəfindən sifariş edilən xidmətləri yüksək keyfiyyətlə, qüsursuz və vaxtında icrasını təmin etmək və sifarişçiyə təhvil vermək öhdəliyi vardır; 11.2-ci bəndinə əsasən icraçı zəmanət verir ki, xidmətlərdə və onların nəticələrində heç bir qüsur olmayacaqdır, xidmətlər tətbiq edilən və geniş qəbul olunan müvafiq beynəlxalq standartlara və müqavilənin şərtlərinə uyğun olaraq icra ediləcəkdir və xidmətlər və onların nəticələri adi istifadə təyinatına uyğun olaraq istifadə edilə bilərlər; 13.1-ci bəndinə əsasən müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, narazı tərəf digər tərəfə yazılı bildiriş verməklə müqaviləni dərhal bütövlüklə və ya qismən ləğv edə bilər; 13.2-ci bəndinə əsasən icraçının müqavilədə nəzərdə tutulmuş işlərin icrasını özünün və ya işçilərinin, kontragentlərinin, təmsilçilərinin təqsirindən 7 gündən artıq müddətə gecikdirməsi müqavilə şərtlərinin əsaslı pozuntusu sayılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli xidmət müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, icraçı tərəfindən çəkilişi həyata keçirilən “Falçı” filmində mövcud olan avtomobil səhnələrində “Changan” markalı nəqliyyat vasitələrindən istifadə edilməklə reklamın həyata keçirilməsi üçün ödənilməli olan xidmət haqqı ƏDV daxil 11800 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11147814 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11800 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli müqavilə qeyd edilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11147814 nömrəli elektron qaimə üzrə 1800 manat ƏDV ödənişi edilmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 211İNTL241570005 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 10000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2405 seriyalı, 11147814 nömrəli qaimə üzrə ödəniş qeyd edilmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, ödənilmiş məbləğin 3 gün ərzində tam geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçı ilə mübahisə yaranmışdır, belə ki, cavabdeh tərəfindən ən geci 7 ay müddətində çəkilişi başlanmalı olan “Falçı” filmində mövcud olan avtomobil səhnələrində “Changan” markalı nəqliyyat vasitələrindən istifadə edilməsi, iddiaçı tərəfindən isə həmin əlavədə nəzərdə tutulmuş məbləğdə xidmət haqqının qabaqcadan ödənilməsi razılaşdırılmışdır. Razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən göstəriləcək xidmətlərin dəyəri olan 11800 manat məbləğində pul vəsaiti cavabdehə əvvəlcədən ödənilsə də, cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulan xidmətlər göstərilməmiş, beləliklə, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir.
16. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 saylı xidmət müqaviləsinə əsasən 11800 manat pul vəsaitinin tutularaq iddiaçıya qaytarılması təşkil edir.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, AAE-23/05-24 saylı xidmət müqaviləsi üzrə 11800 (on bir min səkkiz yüz) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 211İNTL241570005 nömrəli ödəniş tapşırığı və xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 11800 manat ödəniş edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də iddia qəbul edilərək, xidmətin göstərilmədiyi və ödənilmiş vəsaitin geri qaytarılmalı olduğu təqdiq edilmişdir.
18. İddia tələbinin digər hissəsini cavabdehdən AAE-23/05-24 nömrəli xidmət müqaviləsinin ləğv edildiyi xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 299,04 manat faiz borcunun tutulması təşkil edir.
19. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
20. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin olunmalı, illik 5%-lə hesablanmış 289,34 manat (iki yüz səksən doqquz manat otuz dörd qəpik) faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, qaimənin üzərində xx.xx.2025-ci il tarix qeyd edilmişdir, pretenziyada üç iş günü ərzində ödənilmiş məbləğin geri qaytarılması xahiş edilmişdir. Ona görə də gecikdirilmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən götürülməlidir. Beləliklə, cavabdehdən tutulmalı olan faiz məbləği xx.xx.2025-ci il tarixdən pretenziya məktubunun göndərildiyi tarixə qədər hesablanmalıdır (iddiaçının tələbinə uyğun). Belə olan halda, illik 5%-lə hesablanmalı olan faiz məbləği (179 gün üçün) 289,34 manat (11800x5:100:365x179=289,34) olacaq.
21. Eləcə də, iddiaçı işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 127,30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 126,20 manat (yüz iyirmi altı manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 11800 (on bir min səkkiz yüz) manat pul vəsaiti, illik 5%-lə hesablanmış 289,34 manat (iki yüz səksən doqquz manat otuz dörd qəpik) faiz məbləği və ödənilmiş dövlət rüsumuna görə 126,20 manat (yüz iyirmi altı manat iyirmi qəpik) olmaqla, ümumilikdə 12215,54 manat (on iki min iki yüz on beş manat əlli dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova