Məhkəmə qərarları › İş №e-2-2(113)-6112/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6112/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6112/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu, vəkil xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 916.35 manat əsas borc, 467 manat əsas borc üzrə yaranmış dəbbə pulu, 40 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu və 400 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaiti olmaqla, ümumilikdə 1823 manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən, Cavabdeh MMCninistifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitəsinə, "xxxx" MMC-yə məxsus servis mərkəzində texniki servis xidmətləri göstərilmişdir. Qeyd edilən xidmətlərlə bağlı yaranmış borcun dəfələrlə tələb edilməsinə baxmayaraq ödəniş cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilən tələb üzrə Cavabdeh MMC-nin "xxxx" MMC-yə borcu 1823 manat təşkil etməkdədir. Həmin borc məbləğinin izahı aşağıdakı kimidir: - 916.35 manat əsas borc (621.35 manat xx.xx.2023-cü il tarixli Mİ-144287 saylı iş kartı üzrə, 295 manat xx.xx.2023-cü il tarixli Mİ-115689 saylı iş kartı üzrə); - 467 manat əsas borc üzrə yaranmış dəbbə pulu (xx.xx.2021-ci il tarixli Müqavilənin 3.5-ci bəndinə əsasən gecikdirilmiş borc məbləğinin 50%-i olmaqla, yəni hər gecikdirilmiş həftə üzrə borc məbləğinin 1%-i həcmində); - 40 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu; - 400 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaiti. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, İcraçı Müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirir. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, Şifarişçi İcraçının yerinə yetirdiyi xidmətin qiymətini təqdim edilən ödəniş sənədinə əsasən vaxtında ödəməlidir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, ödənişdə gecikmə halları olarsa , gecikdirilən hər həftəyə görə 1(bir) % dəbbə pulu hesablanır. Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq, mülki-hüquq xarakterli müqavilə bağlanmış və bağlanmış müqavilə üzrə öhdəliklər və vəzifələr müəyyənləşdirilmişdir. İddiaçı "xxxx" cavabdehlə bağladığı xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən öhdəlik və vəzifələrini tam olaraq yerinə yetirsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə öhdəliklərindən yayınmışdır. Qeyd edilən səbəbdən qanunvericiliyə əsasən, iş üzrə Cavabdeh MMC, iddiaçı "xxxx" MMC qarşısında müqavilə üzrə öhdəliklərini könüllü icra etmədiyindən hazırkı iddia tələbinə məhkəmə qaydasında baxılmaqla hüquqi qiymət verilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək bildirmişdir ki, iddia tələbi üzrə əsas borc məbləği olan 916 manat cavabdeh tərəfindən ödənilmişdir. Ona görə də 467 manat əsas borc üzrə yaranmış dəbbə pulu, 40 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu və 400 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul vəsaiti olmaqla, ümumilikdə 907 manat pul vəsaitinin Cavabdeh MMCdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 011/2021&CES-0121-011 saylı texniki servis xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi”-nin tapşırığına dair “İcraçı” isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öz öhdəsinə götürür:

10. Müqavilənin 1.1.1-ci bəndinə əsasən “İcraçı”-nm Bakı-Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən servisinə müraciət edən müştərinin qarşılanması;

11. Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Sifarişçi”-nin tapşırığına əsasən avtomaşının ümumi texniki sazlığının yoxlanılması;

12. Müqavilənin 1.1.3-cü bəndinə əsasən “Sifarişçi”-nin tapşırığına əsasən avtomaşının ehtiyat hissələrinin və aksessuarlarının dəyişdirilməsi;

13. Müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” öz üzərinə aşağıdakı öhdəlikləri götürür:

14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən “İcraçı”-nm yerinə yetirdiyi xidmətin qiymətini “Sifarişçi”-yə təqdim edilən ödəniş sənədinə əsasən nağd və ya köçürmə yolu ilə vaxtında ödəmək;

15. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilə üzrə nəzərdə tutulan hesablaşmalar manatla (AZN), Azərbaycan Respublikasında mövcud olan nağd və nağdsız hesablaşmalar qaydasında aparılır;

16. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan xidmətlərin qiyməti: Göstərilmiş xidmətlərə uyğun olaraq ümumi xidmətin qiyməti “Sifarişçi”-yə təqdim edilən hesabda əks etdirilir və ödəniş üçün əsas sayılır;

17. Müqavilənin 3.3-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq “Sifarişçi”-yə hesab-faktura,təhvil-təslim aktı və elektron qaimə (imzalı,möhürlü) təqdim edilir. Hesabın icrası (ödəniş), hesabın-fakturanm, təhvil təslim aktının,elektron qaimənin təqdim edildiyi gündən etibarən 15 (on beş) təqvim günü ərzində həyata keçirilir;

18. Müqavilənin 3.4-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilən xidmətlərə uyğun olaraq, “Sifarişçi”-yə təqdim edilən hesab, tərtib edilmiş akt və elektron X3 (VHF) 15 (on beş) təqvim günü ərzində “İcraçı”-nm müqavilənin 10-cu bəndində göstərilən bank hesabına ödənilir.

19. Müqavilənin 3.5-ci bəndinə əsasən ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1 (bir) % dəbbə pulu hesablanır və gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyy vasitəsinə servisdə texniki xidmət göstərilməsinə qadağa qoyulur.

20. İddiaçının xx.xx.2023-cü il tarixli Mİ-144287 saylı hesab fakturasına əsasən Mitsubishi KA0T/KB0T DNN **-PS-*** nəqliyyat vasitəsinə 621,35 manat dəyərində göstərilmiş xidmət Mİ-145287 saylı akta sifarişçi tərəfindən qəbul edilmiş, o cümlədən xx.xx.2023-cü il tarixli, EBDN294737 saylı e-qaimə tərtib edilmişdir.

21. İddiaçının xx.xx.2023-cü il tarixli Mİ115689 saylı hesab fakturasına əsasən Mitsubishi KA0T/KB0T DNN **-PC-*** nəqliyyat vasitəsinə 295 manat dəyərində göstərilmiş xidmət Mİ-145284 saylı akta sifarişçi tərəfindən qəbul edilmiş, o cümlədən xx.xx.2023-cü il tarixli, EBDP024420 saylı e-qaimə tərtib edilmişdir.

22. İddiaçı MMC-yə məxsus xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən EBDN294737 saylı və EBDP024420 saylı e-qaimələr üzrə 776,56 manat dəyərində əsas məbləğ və 139,79 manat dəyərində ƏDV məbləğləri ödənilmişdir.

23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. İddiaçı borcun (məhkəmə gedişatı zamanı ödənilmiş 916 manat əsas borc məbləğinin) ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 011/2021&CES-0121-011 saylı texniki servis xidmətlərinin göstərilməsinə dair müqavilənin 3.5-cı bəndinə əsasən hesablanmış 467 manat cərimə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh şirkətinin Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

27. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

29. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc (məhkəmə gedişatı zamanı ödənilmiş 916 manat əsas borc məbləğinin) məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 46 manat məbləğində müəyyən edilməlidir.

31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu və 400 manat vəkil xərci ödənilmişdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

33. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 40 manat və vəkil xərcinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 46 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 40 manat və vəkil xərcinin əvəz olaraq 400 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar