Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6142/2022 13.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ləğv prosesində olan Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 14.855 (on dörd min səkkiz yüz əlli beş) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 152.1 və 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəf iddia ərizəsində Cavabdeh ASC ilə 2019-cu ildən partnyor olaraq işlədiyini, daim orada hesabının olduğunu və ona məxsus İddiaçı MMC-nin köçürmələri və digər maliyyə hərəkətlərini həmin bankla apardığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə növbəti olaraq “X1” MMC-yə pul köçürmək üçün bankın Gəncə filialının xəzinəsinə 14.855 manat məbləği mədaxil etmiş və əməliyyatçılar həmin pula dair order təqdim etmişlər. Pulu mədaxil etdikdən bir neçə saat sonra həmin pulu internet bankinq vasitəsi ilə öz hesabından xam malın alınması üçün “X1” MMC-nin hesabına köçürmək istəmiş, ancaq köçürmə baş tutmamışdır. Təkrarən banka yaxınlaşanda ona bankın artıq bağlandığını və pulu nə köçürdə nədə qaytara bilməyəcəklərini bildirmişlər. İddiaçı qeyd edir ki, Cavabdeh ASC 2020-ci il may ayının 20-də bağlanmışdır, yəni burada o pulu 1 ay qabaq mədaxil etmiş, ancaq pulunun hansı səbəbdən saxlanılmasına ona aydınlıq gətirməmişlər. Qeyd edilməlidir ki, hazırkı iddia ərizəsinin cavabdeh bölməsindən də göründüyü kimi cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti göstərilsə də, pulun həmin bankın məhz ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondundan tutulmasını xahiş edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 60.2-ci maddəsinə əsasən Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. Həmin Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə də, işin müəyyən edilmiş faktiki hallarını mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından təhlil edən məhkəmə hesab edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid deyil, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir. Odur ki, hazırkı iddia ərizəsinə inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə baxılmalı idi. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 151-152, 155, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “pul” tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə rəsmi qaydada verilsin. Ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6142/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6142/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver