Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6257/2023 25.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1rşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mobil rabitə xidməti müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları:
1. İddiaçı MMC Cavabdeh MMC-dən 181,98 manat (yüz səksən bir manat doxsan səkkiz qəpik) ödənilməmiş borc məbləğinin, 20 (iyirmi) manat mediasiya xərcinin və ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 27 fevral 2019-cu il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan koorporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 181,98 manat (yüz səksən bir manat doxsan səkkiz qəpik) ödənilməmiş borcu qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 27 fevral 2019-cu il tarixində ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə şirkət korporativ abunəçiyə mobil rabitə xidməti göstərir, “korporativ abunəçi” isə xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ abunəçi tərəfindən “şirkət”in təqdim etdiyi və hazırki müqavilənin 2 saylı qoşmasında əks olunmuş tariflərin arasından seçilmiş korporativ tarif əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. 3.1-ci bəndə əsasən bu müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti müvafiq korporativ tarifə uyğun, digər xidmətlərin və cihazın dəyəri isə hazırki müqavilənin müvafiq qoşmalarında göstərilir və ödəniş bank köçürməsi yolu və ya başqa şirkətin müəyyən etdiyi digər qaydada həyata keçirilir. Bank köçürməsi yolu ilə hesab faktura əsasında ödəniş edən korporativ abunəçi hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq, ödənişi təmin etməlidir.
6. ***-**** nömrəli 27 fevral 2019-cu il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1 saylı qoşmada fərdi qayda ilə ödəniş edən nömrələrin siyahısı qeyd edilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hesab fakturada 154,22 manat əsas borc, 27,76 manat ƏDV məbləği olmaqla ümumilikdə 181,98 manat ödəniləcək məbləğ hesablanmışdır.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda 181,98 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
9. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında 27 fevral 2019-cu il tarixində ***-**** nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə danışıq haqqının vaxtında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun iddiaçıya borcu yaranmışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
13. Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləsi ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklərin tam icra edilmiş, lakin cavabdeh tərəfindən öz üzərinə düşən öhdəliklərinin icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 181,98 manat ödənilməmiş borc məbləği Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
14. Eləcə də, iddiaçı 20 (iyirmi) manat ödənilmiş mediasiya dair xərcin və 10 (on) manat dövlət rüsumunun da, cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
15. Hesab edirəm ki, iddia tələbi təmin edildiyindən mediasiyaya ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti və 10 (on) manat dövlət rüsumu da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq,
qət etdim:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 181,98 manat (yüz səksən bir manat doxsan səkkiz qəpik) ödənilməmiş borc məbləği, 20 (iyirmi) manat mediasiya xərci və ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov