Məhkəmə qərarları › İş №e-2-2(113)-629/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-629/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-629/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Hacıyev Nizami Babaşah oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzindən bağlanmış müqaviləyə əsasən təhvil verilmiş maye oksigen qazına görə 203.000 manat və çənlərə görə isə 320.000 manat məbləğində pulun, 593 manat mediasiya xərci və dövlət rüsumunun, ümumilikdə 523.593 manat məbləğində pulun eyni zamanda çənlərə görə məhkəmə qətnaməsi icra olunanadək hər ay 20.000 manat (ƏDV daxil deyil) məbləğində pulun cavabdeh tutularaq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Hacıyev Nizami Babaşah oğlu iddianın Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinə qarşı qaldırılmalı olduğunu qeyd etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və müddətdə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prossesual Məcəllənin 50.1-ci maddəsinə əsasən Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Mülki Məcəllənin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinə qarşı iddia tələbi irəli sürmüşdür. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-629/2023 saylı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin tabeliyində qurum olduğunu bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-629/2023 saylı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti haqqında xx.xx.2006-cı il tarixli Əsasnaməni məhkəməyə göndərmişdir. Göründüyü kimi, qanunvericilikdə hüquqi şəxslərin mülki prossesual hüquq qabiliyyətinin olması imkanı nəzərdə tutulmuş və yuxarıda verilmiş anlayışda hüquqi şəxsin məhz kim hesab olunduğu aydın şəkildə görünür. Hazırkı halda isə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinin onun fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini, fəaliyyətinin təşkilini əks etdirən əsasnaməsi və yaxud nizamnaməsi, müstəqil balansı yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzi cavabdeh kimi iş üzrə tərəf ola bilməz. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarınının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 260.4-cü maddəsinə əsasəən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 193 manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar