Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6382/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 sentyabr 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 1494 manat ƏDV daxil olmaqla 9794 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 417 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,63 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 9 sentyabr 2024-cü il tarixdə AE/043/2024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı sifariş üzrə tərtib olunmuş və müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən malları sifarişçinin mülkiyyətinə vermək və əlavədə göstərilən xidmətləri göstərmək, sifarişçi isə malları və xidmətləri qəbul edib əvəzində müəyyən olunmuş qiyməti icraçıya ödəmək öhdəliyi götürmüşdür. xx.xx.2024-cü il tarixdə ümumi dəyəri 9794 manat olan (ƏDV daxil) 01 nömrəli qiymət razılaşma protokolu tərtib edilmişdir. Həmin protokol əsasında isə xx.xx.2024-cü il tarixdə AE-79 nömrəli xidmətlərin təhvil-təslim aktı imzalanmış və elektron qaimə-faktura tərtib edilmiş, müqavilə tələblərinə tam riayət olunaraq xidmət sifarişçiyə tam təhvil verilmişdir. Lakin qarşılığında müqavilə üzrə ödənilməli olan 9794 manat məbləğ cavabdehə bu günə qədər ödənilməmişdir. 2.2. Halbuki müqavilənin 2.5-ci maddəsinə əsasən, qiymət razılaşma protokolunun şərtlərinə uyğun mal və xidmətlər təhvil verildikdən əvvəl 30 % məbləğ və mal və xidmət təhvil verildikdən sonra isə elektron qaimə-fakturaya və ona uyğun təsdiq edilmiş hesab-fakturaya əsasən qalan 70 % məbləğ 5 gün ərzində sifarişçiyə köçürülməli idi. İşin yubanmaması və münasibətlərin pozulmaması üçün öncədən ödənilməli olan 30 % məbləğ tələb edilməmiş, işlər tam təhvil verildikdən sonra tam məbləğin ödəniləcəyi güman edilmişdir. Başqa sözlə, ən geci 22 sentyabr 2024-cü ildə ödənilməli olan məbləğ artıq 11-ci aydır ki, ödənilmir. İddiaçı müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri vaxtında və vicdanla yerinə yetirimiş, lakin cavabdeh öhdəliklərini gecikdirdiyi üçün əldə edilməyən gəlirə görə iddiaçının vergi öhdəliyi yaranmışdır. Cavabdehə öhdəliyin icra edilməsi, ödənişin həyata keçirilməsi üçün xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə elektron ərizələr yazılmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilərək cavabdehdən ödənişin 5 gün ərzində edilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Pretenziya ərizəsi həm elektron formada, həm də kağız daşıyıcıda poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilmiş, 5 gündən artıq vaxt keçməsinə baxmayaraq, nəticə yenə də dəyişilməz olaraq qalmış, ödəniş edilməmişdir. Bu səbəblə mübahisənin məhkəmə qaydasında həll edilməsinə ehtiyac yaranmışdır. 2.3. Bundan başqa, müqavilənin 3.2.1-ci maddəsinə əsasən də ödənişi vaxtında həyata keçirmək sifarişçinin vəzifəsidir. Müqavilə şərtinə əsasən isə sifarişçi ödənişi ən geci 22 sentyabr 2024-cü ildə ödəməli idi. Lakin məbləğ icraçıya ödənilmədiyinə görə müvafiq müqavilə və qanunun tələblərinə əsasən iddiaçının cavabdehdən öhdəliyinin qarşılığı olan 8300 manat əsas məbləği, 1494 manat 18% əlavə dəyər vergisini ümumilikdə 9794 manatı tələb etmək hüququ vardır. Həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdeh öhdəliyini 24 sentyabr 2024-ci ildə etməli olduğu təqdirdə, 10 ay 7 gün icra etmədiyinə görə əsas öhdəlikdən əlavə 417 manat məbləği iddiaçıya ödəməlidir (hesablanma qaydası: 9794 AZN * 5 % = 489,7 AZN; 489,7 / 12 ay * 10 ay = 408 AZN (10 ay üçün); 489,7 AZN / 12 ay / 31 gün * 7 gün = 9 AZN (7 gün üçün hesablama); toplam: 408 AZN + 9 AZN = 417 AZN).
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425, 442-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı tərəfindən cavabdeh üçün kabellərin izolyasiya müqavimətinin ölçülməsi xidmətləri göstərilmiş, həmin müqaviləyə 02 və 03 nömrəli əlavələr üzrə ödənişlər edilsə də, hazırkı işlərin dəyəri ödənilməmişdir.
6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdehin hüquqi ünvanına göndərilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmişdir. Lakin cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli AE/043/2024 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişlərinə əsasən və hər bir sifariş üzrə tərtib olunacaq və hazırkı müqavilənin ayrılmaz hissəsi hesab olunacaq əlavələrdə göstərilən müxtəlif növ malları cavabdehin mülkiyyətinə verməyi və müxtəlif növ xidmətləri göstərməyi, cavabdeh isə malları və xidmətləri qəbul edib müqaviləyə əlavələrdə müəyyən olunmuş qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtlərinə əsasən mal və xidmətlərin dəyərinin təhvil verilməmişdən əvvəl 30 %-i, təhvil verildikdən sonra 5 (beş) gün ərzində qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təsdiq edilmiş hesabfakturaya əsasən 70 %-i köçürmə yolu ilə ödənilir. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli xidmətlərin təhvil-təslim aktına əsasən 9794 manat dəyərində xidmət və mal təhvil alınmışdır (qəbul edilmişdir), malların (xidmətlərin) verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2409 11075766 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli AE/043/2024 nömrəli xidmət müqaviləsi üzrə 9794 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AE/043/2024 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
22. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimləyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
23. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
24. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
25. Bu mənada məhkəmə göstərir ki, cavabdehin göstərilmiş xidmətlər üzrə 9794 manat məbləğində borcu yaranmış, sonuncu xx.xx.2024-cü il tarixli AE/043/2024 nömrəli xidmət müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
32. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 9794 manat əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
33. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 417 manat məbləğində pulun da tutulmasını tələb edir.
34. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
36. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
37. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar təsdiqlənməlidir.
38. Məhkəmə qeyd edir ki, tərəflər müqavilədə malların (xidmətlərin) dəyərinin 30 faizinin əvvəlcədən, qalan 70 faizinin isə elektron qaimə təqdim edildikdən sonra 5 gün ərzində ödənilməsini razılaşdırsalar da, işgüzar münasibətlər fərqli şəkildə formalaşmış, cavabdeh ilkin ödənişi həyata keçirmədiyi halda xidmətlər göstərilmişdir. İddiaçı yalnız xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya göndərərək borcun ödənilməsini tələb etmişdir.
39. Beləliklə, borclunun icranı gecikdirməsi anı xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla 163 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 218,69 (9794 manat * 5 % / 100 % / 365 gün * 163 gün) manat təşkil edir.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia qismən təmin edilməli, 218,69 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. c) Məhkəmə xərcinin tutulması ilə bağlı
41. İddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********38 nömrəli mədaxil qəbzi ilə 120,63 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
46. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.
47. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,63 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 1494 manat ƏDV daxil 9794 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 218,69 manat olmaqla ümumilikdə 10012,69 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,63 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova