Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6401/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, iddianın etirafı) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 2104 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 07-24 saylı xidmət müqaviləsi və onun həmin tarixli 01 saylı əlavəsi olan “qiymətlərin razılaşdırılması protokolu”na əsasən hazırkı iddia tələbi üzrə cavabdeh icraçı qismində iddiaçı üçün “Safeguard” adlı videoçəkilişlər üçün kastinq xidmətlərinin göstərilməsini, iddiaçı isə sifarişçi qismində göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 01 saylı əlavəsinə əsasən, həmin əlavə üzrə göstərilən xidmətlərin ümumi dəyəri 2104 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlə göstərilmiş xidmətlərin təhvil-təsliminə dair akt bağlanmış və həmin aktın 1-ci bəndinə görə, aktda göstərilən xidmətlər sifarişçi tərəfindən kəmiyyət baxımından qəbul edilmiş, xidmətlərin keyfiyyəti ilə bağlı sifarişçi tərəfindən təqdim edilmiş kastinq materialları tam həcmdə yoxlanıldıqdan sonra məlumat veriləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən təqdim edilmiş hesabfaktura, xx.xx.2024-cü il tarixli EBED seriyalı 107386 nömrəli elektron qaiməyə və təhviltəslim aktına uyğun olaraq xidmətlərin dəyəri 5 gün müddətində icraçı olaraq cavabdehin bank hesabına ödənilmişdir. Təhvil verilmiş xidmət üzrə cavabdeh tərəfindən təqdim edilmiş kastinq materialları öyrənilərkən müəyyən edilmişdir ki, xidmət lazımi qaydada yerinə yetirilməmiş, çəkiliş üçün yığılan heyət müqavilə bağlanılarkən icraçıya bəyan edilmiş meyarlara uyğun deyildir. Bu səbəbdən cavabdehə aşkar edilmiş qüsurlar barədə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu təqdim edilmiş və tərəflərin birgə iştirakı ilə yenidən kastinq materiallarına baxış keçirilməsi zamanı cavabdeh bəyan edilmiş qüsurları qəbul etmişdir. 2.2. xx.xx.2024-cü il tarixdə tərəflər arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əlavə razılaşma bağlanmış və razılaşmanın şərtləri aşağıdakı kimi olmuşdur:
1. “İcraçı” təsdiq edir ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “xidmət müqaviləsi”nin həmin tarixli 01 saylı əlavəsinə əsasən üzərinə götürdüyü “Safeguard” tam video çəkiliş üçün kastinq xidmətləri “Sifarişçi” tərəfindən əvvəlcədən bəyan edilmiş meyarlara uyğun gəlmədiyindən, “İcraçı” tərəfindən lazımi keyfiyyətdə yerinə yetirilməmişdir; 2. İcraçı təsdiq edir ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “xidmət müqaviləsi”nin həmin tarixli 01 saylı Əlavəsi və xx.xx.2024-cü il tarixli EBED seriyalı 107386 nömrəli elektron qaiməyə əsasən “Sifarişçi” tərəfindən ona ödənilmiş 2104,00 (iki min bir yüz dörd) manat məbləğində xidmət haqqını bu Razılaşmanın bağlandığı tarixdən 60 (altmış) gün müddətində “Sifarişçi”yə geri qaytarmaqla, xx.xx.2024-cü il tarixli EBED seriyalı 107386 nömrəli elektron qaimənin ləğv edilməsini təmin edir; 3. “Sifarişçi” təsdiq edir ki, ödənilmiş xidmət haqqının geri qaytarılması müqabilində gələcəkdə “İcraçı”ya qarşı xidmətlərin lazımi qaydada göstərilməməsi ilə bağlı dəymiş zərərin, əldən çıxmış faydanın ödənilməsi ilə bağlı hər hansı bir iddia və tələbi olmayacaqdır. 2.3. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, cavabdeh xx.xx.2024-cü il tarixli “xidmət müqaviləsi”nin həmin tarixli 01 saylı Əlavəsi və xx.xx.2024-cü il tarixli EBED seriyalı 107386 nömrəli elektron qaiməyə əsasən “Sifarişçi” tərəfindən ona ödənilmiş 2104,00 (iki min bir yüz dörd) manat məbləğində xidmət haqqını bu Razılaşmanın bağlandığı tarixdən 60 (altmış) gün müddətində “Sifarişçi”yə geri qaytarmağı öhdəsinə götürsə də, buna riayət etməmiş, dəfələrlə cavabdehlə ödənişin qaytarılması ilə bağlı aparılan danışıqlar müsbət nəticə verməmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2025-ci il tarixdə elektron kabinet üzərindən pretenziya göndərilərək, 10 gün ərzində xidmət haqqının qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh maliyyə imkanının olmaması səbəbindən öhdəliyini icra edə bilməyəcəyini bildirmişdir. Cavabdehin pretenziya məktubunu almasından 10 gün keçməsə də, həmin pretenziya məktubuna cavabda bəyan etdiyi iradə ifadəsi cavabdehin 2104,00 manat məbləğində borcu qaytarmaq niyyətində olmamasını göstərir. Cavabdeh borcunu könüllü şəkildə ödənilməsindən yayındığından həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 445.1, 448.1-ci və s. maddələri göstərilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq məhkəmə bildirişi cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana rəsmi qaydada göndərilmiş, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilmiş, cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, iddia tələbini 2104 manat borcun və 42 manat dövlət rüsumunun tutulması hissəsində qəbul etdiklərini, lakin maliyyə imkanları olmadığından ödənişi icra edə bilmədiklərini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 07-24 nömrəli kastinq xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh “Safeguard” tam video çəkiliş üçün kastinq xidmətinin iddiaçıya göstərilməsini, iddiaçı isə xidmətin qəbul edilərək dəyərinin ödəniməsini öhdəsinə götürmüşdür. 2104 manat dəyərində xidmət kəmiyyət baxımından xx.xx.2024-cü il tarixdə təhvil alınmış, həmin aktda xidmətlərin keyfiyyəti ilə bağlı yoxlamadan sonra məlumat veriləcəyi qeyd edilmişdir. Eyni zamanda xidmətlərin göstərilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli EBED 107386 seriya və nömrəli elektron qaimə tərtib edilərək göndərilmiş, xidmətlərin dəyəri həmin elektron qaiməyə istinad etməklə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli 07-24 nömrəli kastinq xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsinə 1-1 nömrəli əlavə olan razılaşma bağlanmış, cavabdeh xidmətlərin lazımi keyfiyyətdə olmadığını qəbul edərək 2104 manat məbləğində pulu xx.xx.2024-cü il tarixindən 60 gün müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.
11. İddiaçı xx.xx.2024-cü il tarixli 07-24 nömrəli kastinq xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsi üzrə 2104 manat məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdeh iddia tələbini etiraf edərək qəbul edir.
13. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
14. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
15. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
16. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
17. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı etiraf edərək əsas və faiz məbləği hissəsində iddianı qəbul etməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
18. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
19. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli 07-24 nömrəli kastinq xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsi üzrə 2104 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı
20. İddiaçı həmçinin 42 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
21. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 42 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 07-24 nömrəli kastinq xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsi üzrə 2104 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova