Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6432/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı «pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya olan debitor borcu üçün 289.36 manat, mediasiya təşkilatına ödənilən 30 manat, iddia tələbi üçün ödənilən 31 manat dövlət rüsumu və xəbərnaməli məktubların göndərilməsi üçün ödənilən 7.8 manat pul vəsaiti, ümumilikdə 358,16 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli ******* nömrəli müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əməl edilməmiş, cavabdehə göstərilən xidmətlərin dəyərinin 2020-ci ilin mart, aprel aylarına görə ödənişi həyata keçirilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 289.36 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli 130-1-130/129-22 nömrəli Xəbərdarlıq məktubu yazılmışdır. Eyni zamanda müvafiq qanunvericiliyə əsasən cavabdehə Mediasiya Təklifi göndərilməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həlli üçün Azərbaycan Respublikasının Mediasiya haqqında qanununun müvafiq maddəsinə əsasən mediatorun təyin edilməsi üçün 5 saylı mediasiya təşkilatına müraciət olunmuşdur. Bakı 5 saylı mediasiya Təşkilatınin mediatoru tərəfindən xx.xx.2022-ci il tarixə ilkin mediasiya sessiyası təyin edilmişdir. Buna baxmayaraq cavabdeh bu ilkin mediasiya sessiyasına da gəlməmişdir. Bununla əlaqədar Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli MŞB/5-02817 nömrəli arayış təqdim olunmuş və bu arayışın əsasında da aidiyyatı məhkəməyə müraciət olunmuşdur. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə bağlanmış, 2020-ci ilin mart, aprel aylarına görə 289.36 manat borcu yaranmışdır. Lakin həmin dövr ölkədə elan edilmiş sərt karantin rejiminə düşdüyü üçün internet xidmətlərindən istifadə edilməmişdir, bu hal onu müqavilə öhdəliklərindən azad etməli idi. Bu barədə iddiaçıya vaxtında şifahi məlumat verilmişdir. Bu səbəbdən onun iddiaçıya ödənilməli olan borcu yoxdur. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi və cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh arasında bağlanmış 27 iyul 2017-ci il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən bu müqavilə operator ilə abunəçi arasında “telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara əsasən abunəçinin seçim etdiyi (o cümlədən, hazırkı müqavilənin tərkib hissəsi olan əlavələrdəki) telekommunikasiya xidmətlərinin göstərilməsi münasibətlərini tənzimləyir. Müqavilənin 4.1-ci bəndinə əsasən telekommunikasiya xidmətlərinə görə birdəfəlik və aylıq ödənişlər, həmçinin şəhərlərarası və beynəlxalq danışıq haqları Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təsdiq etdiyi Tariflər Preyskurantı, əlavə xidmətlər isə (preyskurantda olmayan) İddiaçı MMC-nin təsdiq etdiyi tariflər əsasında edilir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli ******* nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin 2020-ci ilin mart və aprel aylarına görə ümumilikdə 289,36 manat məbləğində borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, həmin borc pandemiya şəraitində ölkədə elan edilmiş sərt karantin rejimi ilə əlaqədar sahibkar kimi fəaliyyət göstərməməsi səbəbindən ödənilməməlidir. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş həmin xidmətlərdən istifadə edilmədiyini və bu barədə iddiaçıya vaxtında məlumat verildiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 27 iyul 2017-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 289.36 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 289.36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 289.36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 avqust 2022-ci il tarixli MŞB/5-02817 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı hazırkı iddia ərizəsi verilərkən 31 manat artıq dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, artıq ödənilmiş 31 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 289,36 (iki yüz səksən doqquz manat otuz altı qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6432/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6432/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver