Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6438/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 cavabdeh BOKT "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2881.56 AZN əsas borcun,145 (bir yüz qırx beş manat) AZN cərimə borcunun cəmi 3025.63 AZN pulməbləğinin, 51 manat dövlət rüsumunun və vəkil orderi ilə bağlı ödənilmiş 700 AZN pulməbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 (bundan sonra - İddiaçı) ilə"xxxx" MMC (bundan sonra-cavabdeh) arasında xx.xx.2024- cü il tarixli, № 33/2024 saylı Xidmət müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmış və müqavilə üzrə olan öhdəliklər tərəfimizdən yerinə yetirilmişdir. Hazırda Cavabdehin İddiaçı qarşısında 2881.56 AZN ödənilməyən borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, “Sifarişçi” görülən işlərin müqabilində təqdim olunmuş E-qaimə fakturaya əsasən 15 (on beş) iş günü ərzində ödəniş etməyi öhdəsinə götürür Bundan başqa Müqavilənin 7.2-ci maddəsində “Sifarişçi” hazırki müqavilə üzrə ödənişi müqavilə ilə nəzərdə tutulmuş müddətdə həyata keçirməzsə, hər gecikmə gününə görə Müqavilənin ümumi məbləğinin 0.1%-i həcmində, lakin hər bir halda aylıq məbləğin 5%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Müqavilə şərtlərini pozduğuna görə Cavabdehin İddiaçıya ödəməli olduğu pul məbləğləri aşağıdakı kimidir: - Əsas borc – 2881.56 AZN; - xx.xx.2025-ci il tarixinə hesablanmış cərimə - 145 AZN; - Cəmi – 3025.63 AZN Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində deyilir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə nəticə olaraq BOKT "xxxx" MMC tərəfindən təsdiqlənməmişdir. Belə ki, tərəfin təqdim etdiyi sənədləşmədən də göründüyü kimi təqdim edilmiş 15 avqust 2024-cü il tarixli 33/2024 Salı, müqavilə BOKT "xxxx" tərəfindən təsdiqlənməmişdir. Həmçinin İddiaçının təqdim etdiyi guya xidmətin göstərilməsini təsdiq edən digər subutlar da təşkilatımız tərəfindən təsdiqlənməmişdir. Qiymət razılaşırma protokolu və.s). Həmçinin tərəflərindən araşdırma zamanı məlum olmuşdur ki, aşağıda qeyd olunan 3 qaimə sistem tərəfindən avtomatik qəbul olunmuş, digər 2 qaimənin qəbul olunmasıdan isə imtina olunmuşdur. Nəzərə almaq lazımdır ki, tərəf iddia ərizəsinində göstərilən məbləği təqdim etdiyi sübutlarla tam əsaslandıra bilməmişdir.
4. Cavabdehin iddiaya ikinci etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş tələblərə cavab olaraq bildirir ki, iş üzrə təqdim edilmiş materiallar iddianın hüquqi və faktiki əsaslara söykənmədiyini göstərir. Bu səbəbdən, iddia tələbləri əsassız hesab olunmalı və rədd edilməlidir. 1. E-qaimələrin təqdim olunması ilə bağlı hallar Məhkəməyə təqdim etdikləri sistem tarixçəsi aşağıdakı vəziyyəti açıq şəkildə göstərir: • Birinci e-qaimə, əməkdaşların texniki səhvi nəticəsində, xidmət faktiki olaraq təhvil alınmadan sistem tərəfindən avtomatik qəbul edilmişdir. - (qaimə nömrəs xx.xx.2025 MT2503 10552390 - məbləğ 971.14 manat, ƏDV-siz) • İkinci e-qaimə, iddiaçı tərəfindən sistem üzərindən ləğv olunmuşdur və bu qaimə üzrə hüquqi əsas mövcud deyildir. - (qaimə nömrəsixx.xx.2025 MT2504 10952704 - məbləğ 774.08 manat, ƏDV-siz) • Üçüncü və dördüncü e-qaimələr üzrə sistemdə bir neçə dəfə imtina və imtinanın ləğv olunması prosesi qeydə alınmış, qaimələr təkrar-təkrar göndərilmişdir nəticədə cavabdehin iradəsinin əksinə imtina etmək mümkün olmamış və sistem tərəfindən qəbul olunmuşdur. - (qaimə nömrəsi 12.05.25 MT2505 10017929 məbləğ 1083.24 manat, ƏDV-siz) - (qaimə nömrəsi 18.05.25 MT2505 12524971 53.1 manat, ƏCV-siz) Bu hallar göstərir ki, sistemdəki texniki əməliyyatlar iddianın faktiki əsasını təşkil etmir və təqdim edilən qaimələr iddiaçı tələbinin məzmununu sübut etmir. 2. Cavabdeh tərəfin obyektiv fəaliyyəti Tərəflərindən iddiaçıya əvvəllər bir neçə ödəniş edilmişdir. Bu, cavabdeh tərəfin əməkdaşlıq münasibətlərinə obyektiv və səmimi yanaşdığını göstərir. Əgər cavabdeh ümumiyyətlə xidmətləri qəbul etməmə mövqeyində olsaydı, əvvəlki ödənişlər həyata keçirilməzdi. 3. İddiaçıya rəsmi dəvət məktubu göndərilməsi və münasibət bildirilməməsi Cavabdeh tərəfindən iddiaçının tələblərinin araşdırılması, göstərildiyi iddia edilən xidmətlərin faktiki təqdim olunmasına dair sənədlərin qarşılıqlı müqayisəsi və vəziyyətə aydınlıq gətirilməsi məqsədilə 24 noyabr 2025-ci il tarixində iddiaçı tərəfə rəsmi dəvət məktubu göndərilmişdir (etiraz ərizəsinə əlavə olunur). Həmin məktubda iddiaçıdan və ya onun səlahiyyətli nümayəndəsindən: • təqdim olunmuş qaimələrin mənbəyinə, • göstərilən xidmətlərin faktiki icrasına, • müqavilə və ya təhvil-təslim sənədlərinin müzakirəsinə, • ziddiyyətli məlumatların dəqiqləşdirilməsinə dair cavab və iştirakı tələb olunmuşdur. Lakin iddiaçı, o cümlədən onun nümayəndəsi tərəfindən məktuba heç bir münasibət bildirilməmiş, görüşdə iştirak edilməmiş və sorğuya cavab təqdim olunmamışdır. Bu hal iddiaçının: • faktiki xidmətin təqdim olunmasını sübut edən heç bir sənədinin olmadığını, • mövcud uyğunsuzluqları aradan qaldırmağa maraqlı olmadığını, • eləcə də iş üzrə əməkdaşlıq və aydınlıq gətirilməsi niyyətində olmadığını Göstərir və iddia tələblərinin əsassızlığını bir daha təsdiqləyir.
5. İddiaçının nümayəndəsi cavabdehin etirazına yazılı münasibət bildirərək, qeyd etmişdir ki, etirazda cavabdehin qeyd etdiyi ilkin məqam, onlar tərəfindən iddiaçıya müvafiq məsələnin həlli üçün danışıqların aparılmasının təklif edildiyi məktubun ünvanlanması idi. Qeyd edilən məktub vəkil olaraq ona təqdim edilmiş və onun tərəfimdən iddiaçıya bu barədə məlumat təqdim edilmişdir. İddiaçı isə ona hər hansı razılığa gəlməyin mümkün olmaycağını, çünki daha əvvəl iddiaçının özü və ya işçiləri tərəfindən dəfələrlə cavabdehə müraciət edilmiş, cavabdehin işçiləri ilə əlaqə saxlanılmış, aylarla məbləğin ödəniləcəyi bildirilsədə cavabdeh tərəfindən hər hansı müsbət addım atılmamışdır. Bu isə iddiaçını haqqlı olaraq, həmin məktuba olan inamının yaranmamasına əsas verir. Yəni tərəflərindən daha əvvəl dəfələrlə mübahisənin danışıqlar yolu ilə həll edilməsinə çalışılsada hər hansı nəticə əldə olunmamışdır. Bu səbəbdən də həmin məktuba iddiaçının özü razılıq verməmişdir. Cavabdehin “vaxtı gecikdirilmiş” etiraz ərizəsində qeyd edilən digər məqam bəzi elektron qaimələr barədə olmuşdur. Sözügedən elektron qaimələrin bir çoxu cavabdeh tərəfindən təsdiq edilmişdir. Sistem tərəfindən təsdiqlənmiş elektron qaimələr barədə qeyd edir ki, faktiki olaraq elektron qaimələr İqtisadiyyat Nazirliyinin təsis etdiyi AVİS altsistemi vasitəsilə tərtib edilərək, ünvanlanır. Orada elektron qaimənin ünvanlanması olduğu kimi, elektron qaimənin ləğvə göndərilməsi bəndi də mövcuddur. Yəni qeyd edilən qaimələr ilə cavabdeh razı olmasa idi bu qədər uzun müddət gözləməyərək elektron qaimələri ləğvə göndərə, yenidən İqtisadiyyat Nazirliyinin təsis etdiyi elektron kargüzarlıq portalı vasitəsilə elektron qaimənin ləğv edilməsi üçün məktub ilə bizə müraciət edə bilərdi. Lakin qeyd edilən halların heç biri cavabdeh tərəfindən həyata keçirilməmiş, sadəcə formal mülahizələrə istinad edilərək qaimələrin “guya” bizim tərəfimizdən qanunsuz olaraq ünvanlanmasını qeyd etmişdir. Bundan əlavə tərəflərindən təqdim edilmiş bank çıxarışlarından da aydın olur ki, cavabdeh ilə daimi olaraq müvafiq əməliyyatlar yerinə yetirilmişdir. Yəni tərəflərindən hər hansı bir malın əksik verilməsi və ya malların verilməməsi halı mövcud olmamış və ödəniş edilmiş elektron qaimələrdə qeyd edilən mallar tam təhvil verildikdən sonra ödənişlər həyata keçirilmişdir. II. Tərəflərin mövqeləri:
6. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdirlər.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İş materiallarında olan xx.xx.2024- cü il tarixli, № 33/2024 saylı Xidmət müqaviləsi iddiaçı tərəfindən təsdiq edilsə də, cavabdeh BOKT "xxxx" MMC tərəfindən təsdiq edilməmişdir.
10. 08 mart 2025-ci il tarixli 028 №-li X4 əsasən 18 adda xidmətin cəmi qiyməti 971,14 manat, 10 aprel 2025-ci il tarixli 044 №-li X4 əsasən 18 adda xidmətin cəmi qiyməti 774,08 manat, 10 aprel 2025-ci il tarixli 048 №-li X4 əsasən 15 adda xidmətin cəmi qiyməti 1083,24 manat, 30 may 2025-ci il tarixli 078 №-li X4 əsasən HP 106A dolum xidmətinin göstərilməsinin qiyməti 53,10 manat müəyyən edilmişdir. Protokollar yalnız iddiaçı tərəfindən təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə göstərilmiş xidmətlərə dair xx.xx.2025ci il tarixli MT**********90 saylı 971,14 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********29 saylı 1083,24 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT**********71 saylı 53,10 manat məbləğində, xx.xx.2025-ci il tarixli 774,08 manat məbləğində e-qaimələr göndərilmişdir. Həmin qaimələrdən 2-si sistem tərəfindən təsdiq edilmiş, 2 qaimə isə yalnız fiziki olaraq iddiaçının möhürü ilə təsdiq edilmişdir.
12. Hesandan çıxarışa əsasən BOKT "xxxx" MMC tərəfindən X1 hesabına 215 manat məbləğində, xx.xx.2024-cü il tarixində 501,50 manat məbləğində ödəniş edilmişdir.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
20. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
24. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024- cü il tarixli, № 33/2024 saylı Xidmət müqaviləsi və qiymət Razılaşma protokolları yalnız iddiaçı tərəfindən təsdiq edilmişdir, cavabdeh BOKT "xxxx" MMC tərəfindən həmin müqavilə və qiymət razılaşdırma protokolları təsdiq etməmişdir. Doğrudur, hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən əvvəllər edilmiş ödənişlər zamanı (hazırda mübahisə edilməyən məbləğlər üzrə) ödənişin təyinatı olaraq xx.xx.2024- cü il tarixli, № 33/2024 saylı müqaviləyə istinad edilmişdir, beləliklə, tərəflər arasında xx.xx.2024-cü il tarixli müqavilənin bağlanması ehtimalı mövcüddur, lakin iddiaçı tərəfindən cavabdehin imza və möhürü ilə təsdiq edilən müqavilə təqdim edilmədiyi üçün və cavabdeh etiraz ərizəsində məhkəməyə təqdim edilən müqavilə və giymət razılaşdırma protokollarını mübahisələndirdiyi üçün təqdim edilən müqavilənin şərtlərinin etibarlılığı, cavabdeh tərəfindən həmin müqavilə şərtlərinin qəbul edilməsi şübhə doğurur və məhkəmə tərəfindən təkzibolunmaz sübut qismində qəbul edilə bilməz. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilən e-qaimələr dəfələrlə cavabdeh tərəfindən düzəlişə və ləğvə göndərilmiş, lakin iddiaçı tərəfindən ləğvdən imtina edilmiş və nəticə olaraq iki eqaimə sistem tərəfindən təsdiq edilmişdir, digər iki qaimə isə ümumiyyətlə sistem tərəfindən deyil, sadəcə iddiaçının imza və möhürü ilə fiziki olaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən xidmətlərin göstərilməsinə dair hər-hansı başqa (təhvil-təslim aktı və sair) sübut məhkəməyə təqdim edilməmişdir.
25. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
26. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
27. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, 2881,56 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehə 2881,56 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyi üçün iddia təmin edilə bilməz.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
32. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
33. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
34. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia rədd edildiyi üçün məntiqi davam olaraq iddia ərizəsi 145 manat dəbbə pulu hissəsində də təmin edilə bilməz (öhdəliklərin vaxtındə icra edilməməsinə görə cavabdehin dəbbə pulu ödənilməsi şərtini nəzərdə tutan cavabdehin imza və möhürü ilə təsdiq edilən müqavilənin təqdim edilməməsi əsası ilə) və prosessual qənayət prinsipini rəhbər tutaraq həmin tələb üzrə ətraflı əsaslandırma aparılmasını zəruri hesab etmir.
35. Məhkəmə xərclərinə gəldikdə, iddiaçı tərəfindən 51 manat dövlət rüsumunu və 700 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
38. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova