Məhkəmə qərarları › İş №e-2-2(113)-6448/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6448/2025

15.08.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6448/2025 15.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdeh X1 “müflis elan edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müflis elan edilməsi və 137 500 manat məbləğində borcun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5138/2025 nömrəli qərardadı ilə iddiaçının diqqətinə iddia ərizəsi tərtib edilərkən yol verilən nöqsanlar çatdırılmış, lakin iddiaçı həmin nöqsanları aradan qaldırmadan yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən:

1. Kreditorun iflas haqqında iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

2. İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı; b) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; c) ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı; ç) ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları; d) ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti; e) bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi; ə) borclunun aktivləri barəsində ərizəçidə olan məlumat; f) iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı; g) kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar.

3. İflas haqqında ərizənin məhkəməyə verildiyi tarixdə borclunun vaxtı çatmış, lakin ödənilməmiş tələblərinin ümumi məbləği Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydaya uyğun olaraq müəyyənləşdirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən başqa, kreditorun iflas haqqında iddia ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) məhkəmə rüsumunun ödənilməsini; b) iflas haqqında iddia ərizəsinin və ərizəyə əlavə edilmiş bütün sənədlərin surətlərinin borcluya verildiyini; c) dövlət müəssisəsidirsə – iflas haqqında iddia ərizəsinin surətinin müvafiq icra hakimiyyəti orqanına göndərildiyini. Göründüyü kimi, müflisləşmə və iflas haqqında qanunvericilikdə kreditorun iflas haqqında iddia ərizəsinə məzmun və həmin ərizəyə əlavə edilən sənədlər baxımınıdan xüsusi tələblər müəyyən edilmişdir. Belə ki, kreditorun iflas prosesinə başlamaq üçün təqdim etdiyi ərizədə borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun kreditor qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti və borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi, ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları barədə məlumat göstərilməlidir. Lakin ərizəçi həmin məlumatları tələb olunan formada ərizədə göstərməmiş və təsdiqləyici sənədlər əlavə etməmişdir. Əksinə təqdim edilən sənədlərdən iddiaçının tələb hüququ öz təsdiqini tapmır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, kreditorun iflas prosesinə başlamaq üçün təqdim etdiyi ərizənin müflisləşmə və iflas haqqında qanunvericiliyi ilə müəyyən edilmiş məzmun tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh X1 “müflis elan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar