Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-645/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: səhmdar cəmiyyətə aid sənədlərin verilməsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı “sənədlərin təqdim olunması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ATSCnin nizamnaməsinin surətinin, "xxxx" ATSC-nin 2020-2021-2022-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin, "xxxx" ATSC-nin 2020-2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin, şərtləri ilə birlikdə surətlərinin, "xxxx" ATSC-nin Emissiya prospektinin surətinin, "xxxx" ATSC-nin 2020-2021- 2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin, "xxxx" ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın mənə təqdim edilməsi və 100 manat məbləğində ödənilən dövlət rüsumunu əvəzinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli depo hesabından çıxarışa əsasən "xxxx" ATSCnin səhmdarıdır. Müxtəlif tarixlərdə o cümlədən xx.xx.2024-cü il tarixdə "xxxx" ATSC-dən ATSC-nin nizamnaməsinin surətinin, ATSC-nin 2020-2021-2022- 2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin, ATSC-nin 2020- 2021-2022-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə surətlərinin, ATSC-nin Emissiya prospektinin surətinin, ATSC-nin 2020-2021- 2022-2023-cü illərin yekunlarına dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətlərinin, ATSC-nin 2020-2021-2022-2023-cü illərin maliyyə nəticələri haqqında hesabatının, müəssisənin balansının, mənfəət vergisi bəyannamələrinin surətlərinin, ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması haqqında yazılı arayışın, surətlərinə əsli ilə düzdür ştampı vurulmaqla təqdim edilməsini xahiş etmişdir. "xxxx" ATSC-nə müraciət etməyinə baxmayaraq Səhmdar cəmiyyəti bəzi hallarda müraciəti qəbul etməmiş sonuncu olaraq isə müraciətə cavab verməmiş və qanunvericiliyə əsasən Səhmdar cəmiyyətinin ona təqdim etməli olduğu müraciətində Səhmdar Cəmiyyətindən tələb etdiyi sənədlər təqdim edilməmişdir. "xxxx" ATSC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən bir sıra hüquqları, o cümlədən Mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin bu cür qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına şikayətlər ünvanlamışdır. "xxxx" ATSCnin rəhbərliyini mülkiyyətçi olaraq onun hüquqlarını pozması qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. "xxxx" ATSC-nin rəhbərliyi hər-hansı bir açıqlama vermir tələb etdiyi sənədlər ona və digər səhmdarlara təqdim edilmir və beləliklə bir vətəndaş və səhmdar olaraq onun hüquqlarını pozur. Halbuki, Mülki Məcəllənin 107.1.-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Ümumi yığıncağın müzakirəsinə Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabat və ümumiyyətlə səhmdar cəmiyyətinin bütün fəaliyyəti barədə məsələlər salınır müzakirə olunur bu barədə səhmdara ətraflı məlumat verilir və həmin məsələlər barədə protokol tərtib edilir və səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilir. ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə (fiziki və ya hüquqi şəxslərə) aid olması barədə yazılı arayışlar, məlumatlar verilmir, cəmiyyətin gəliri və xərcləri barədə məlumatlar gizli saxlanılır və bu azmış kimi göndərdiyi məktublar cavab verilmir və tələb etdiyi sənədlər ona təqdim edilmir. ATSC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə təmin edilən və almağa hüququ olan sənədləri və məlumatları ona verməkdən dolayıda olsa verməkdən imtina edilir. Pozulmuş hüquqlarının bərpa edilməsini "xxxx" ATSC-nin rəhbərliyindən tələb etmək bir səhmdar və bir vətəndaş kimi onun Konstitusion hüququdur. Cəmiyyət isə mülki qanunvericiliklə ona verilmiş hüquqlardan onu məhrum edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2024-cü il tarixli depo hesabından çıxarışa əsasən İddiaçı "xxxx" ASC-də 300 ədəd qiymətli kağızı vardır.
8. xx.xx.2025-ci il tarixli qiymətli kağİz mülkiyyətçilərinin reyestrinə əsasən Mühərrik- Quraşdırma ASC-yə 97913 ədəd adlı səhm yerləşdirildiyi qeyd olunmuşdur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Müərrik-quraşdırma ATSC-nin Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz aşkar edilmədiyi qeyd olunmuşdur.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlsərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanladığı məlktubunda idarədə olan reystdə "xxxx" ATSC-nin 2020-2023-cü illərdə reyestrdə qeydə alınmış aktların sonrakı dəyişikliyi ilə bağlı hər hansı müraciəti və sənədlərin təqdim edilməsinə dair məlumat müəyyən edilməmişdir.
11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
12. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, iddianın verilməsi iddiaçının səhm sahibi olduğu cavabdeh tərəfindən ona sənədlərin təqdim edilməməsi səbəbindən irəli gəlmişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
14. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:
15. 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri;
16. 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;
17. 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri;
18. 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;
19. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir.
20. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.
21. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:
22. -106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;
23. -106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək;
24. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.
25. Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.
26. Həmin Məcəllənin 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidi.
27. Məhkəmə ilkin olaraq qeyd olunan maddi hüquq normaları əsasında iddia tələbinin "xxxx" X2 Cəmiyyətinin 2020-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin, "xxxx" X2 Cəmiyyətinin emissiya prospektinin, "xxxx" X2 Cəmiyyətinin 2020-2023-cü illərin yekunlarına dair keçirilmiş ümümi yığıncağının protokollarının surətlərinin verilməsinə dair təmin olunmuş hissəsinə barədə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
28. Belə ki, MM-in 106-1.3.2, 106-1.3.5, 106-2.3, 107-5.3, 107-6.3-cü maddələrinə görə səhmdarın yalnız səhmdar cəmiyyətindən onun reyestrinin, illik hesabatlarının, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququ vardır.
29. Buna görə də məhkəmə həmin normalar əsasında iddiaçının tələbini həmin hissələrdə haqlı hesab edərək təmin edilməsi qərarına gəlmişdir.
30. Bundan əlavə məhkəmə iddianın təmin edilməyən - ASC-nin yerləşdiyi torpaq sahəsinin kimə aid olmasına dair arayışın, nizamnamənin və fiziki və digər şəsrlərlə bağlanmış icarə müqavilələrinin surətlərinin təqdim edilməsi tələbi ilə bağlı hesab edir ki, iddia bu hissədə əsassızdır.
31. Belə ki, iddiaçı ATSC-nin yerləşdiyi torpaq sahəsinin kimə aid olmasına dair məlumatı müvafiq dövlət orqanına sorğu verməklə əldə edə bilər. Və daşınmaz əmlaka dair mülkiyyət hüququ iddiaçı tərəfindən ASC-dən tələb olunan arayışla deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapır. İddiaçının vəsatətinə əsasən məhkəmənin göndərdiyi sorğusuna əsasən ATSC-nin əmlakları ilə bağlı məlumat da məhkəməyə daxil olmuşdur.
32. Məhkəmə onu da qeyd edir ki, məhkəmə gedişatı zamanı ATSC-nin nizamnaməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir artıq. 2020-2023-cü illərdə fiziki və digər şəxslərlə bağlanmış icarə müqavilələrinə gəldikdə isə, məhkəmə qeyd edir ki, müvafiq qurumlara iddiaçının vəsatəti əsasında göndərilən sorğulara cavabda icarə müqavilələrin mövcüdluğu ilə bağlı məlumatın olmadığı qeyd edilmişdir, digər tərəfdən iddiaçının özü də ATSC-nin icarə müqavilələrin bağlanmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
33. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" X2 Cəmiyyətinin 2020-2023-cü illər üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surəti, "xxxx" X2 Cəmiyyətinin emissiya prospektinin surəti, "xxxx" X2 Cəmiyyətinin 2020-2023-cü illərin yekunlarına dair keçirilmiş ümümi yığıncağının protokolları "xxxx" X2 Cəmiyyəti tərəfindən İddiaçı təqdim edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat "xxxx" X2 Cəmiyyətindan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova