Məhkəmə qərarları › İş №e-2-2(113)-6532/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6532/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6532/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyinin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X3 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23000 manat əsas, 1150 manat faiz, 46000 manat cərimə məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 301 manat olmaqla, cəmi 70451 (yetmiş min dörd yüz əlli bir) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixdə bağlanmış texniki xidmətin göstərilməsi haqqında 6999 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı www.glob.az domenli sistem üzrə texniki xidmət göstərir, göstərilən xidmətə görə hər ay cavabdeh tərəfindən iddiaçıya 1000 (min) manat xidmət haqqının ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilədən irəli gələn bütün öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmiş, bununla bağlı son tarixədək hər hansı etiraz olmamışdır. Hazırkı günə cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli xidmət haqqı məbləği 23000 (iyirmi üç min) manat təşkil edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən hər ay ödənilməli məbləğ 1000 manat müəyyən olunmuşdur. Müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi bu müqavilənin 4-cü bəndində qeyd olunan hər hansı xidmət haqqının ödənilməsini 10 (on) təqvim günündən daha çox gecikdirdikdə icraçıya aylıq xidmət haqqının iki misli miqdarında cərimə ödənilməldir. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə 10 gün qalmış tərəflərdən birinin müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti olmadıqda, müqavilə eyni şərtlərlə və eyni müddətə hər növbəti dəfə uzadılmış hesab olunur. Bu müqavilədən irəli gələrək 46000 (qırx altı min) manat cərimə məbləği də ödənilməlidir. Əməkdaşlıq münasibətləri rəhbər vəzifəlilərin səmimi münasibəti üzərində qurulduğu üçün göstərilən xidmətin haqqının ödənilməsində yaranan gecikmələr anlaşmalı şəkildə gözlənilmişdir. 14 mart 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə malların, xidmətlərin və işlərin təqdim edilməsi haqqında 653224 nömrəli 2000 manat həcmində elektron qaimə-faktura göndərilmişdir. 06 fevral 2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə malların, xidmətlərin və işlərin təqdim edilməsi haqqında 244866 nömrəli 2000 manat həcmində elektron qaimə-faktura göndərilmişdir. 28 iyul 2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə malların, xidmətlərin və işlərin təqdim edilməsi haqqında 2022-ci il 27 dekabr tarixindən 2024-cü il 29 noyabra qədər xidmət haqqı üçün 12193594 nömrəli 23000 manat həcmində elektron qaimə-faktura ünvanlanmışdır. Bağlanılmış müqavilə üzrə xidmətlərin vaxtında və lazımı qaydada həyata keçirilməsini, eyni zamanda təhvil verilməsini tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktı da təsdiq edir. Cavabdeh 12 iyun 2025-ci il tarixdə e-mail hesabına rəsmi xəbərdarlıq-müqaviləyə xitam məktubu ünvanlamışdır. Həmin müraciətdə guya son aylarda texniki tapşırıqlara cavab verilmədiyi, zəng və yazışmaların cavabsız qaldığı bildirilmişdir. Halbuki həmin bildirilən son aylardan cəmi 27 gün qabaq tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Həmin aktda da bütün xidmətlərin, işlərin görülməsi və təhvil verilməsi təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərindən yayınması üçün iddiaçıya belə bir əsassız müraciət ünvanlamışdır. Lakin təqdim edilən sənədlərdən də görünür ki, öz öhdəliklərini icra etməyən tərəf məhz cavabdeh olmuşdur. Keçən müddət ərzində göstərilmiş xidmətin haqqının ödənilməsi üçün danışıqlarla verilmiş zamanın da yekunlaşmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Həmçinin gecikdirilmiş ödəniş üçün aylar üzrə 5% illik fazi hesablanmaqla əlavə olaraq 1150 (min yüz əlli) manat da cavabdehdən tutulmalıdır. Hazırkı tarixdə Cavabdeh MMC tərəfindən 23000 manat əsas, 1150 manat faiz, 46000 manat cərimə məbləği olmaqla, cəmi 70150 (yetmiş min yüz əlli) manat pul məbləği tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilən tələbləri əks etdirən pretenziya məktubu xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanlansa da, müraciətə heç bir cavab verilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 421.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, 1150 manat məbləğ gecikməyə görə hesablanmışdır. Ödəniş qaydası elektron qaimə əsasında olmalı idi. 10 təqvim günü ərzində xidmət haqqının ödənilməsi nəzərdə tutulubdur. Gecikmə ilə bağlı hesablanan məbləğlə bağlı iddia tələbinin təmin edilməməsinə etiraz yoxdur.

6. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına izahat verərək qeyd etdi ki, iddiaçı tərəfindən xidmət göstərilmiş və xidmət haqqı da ödənilmişdir. Xidmət haqqı nağd qaydada ödənilmişdir. Onlara hər hansı qaimə kəsilməmişdir. onların iddiaçıya hər hansı borcu yoxdur. Təhvil-təslim sənədlərindəki imza ona məxsus deyil, lakin möhür onların möhürüdür və möhürü qarşı tərəf özü vurubdur. Həmin sənədlər hazır formada təqdim edilmişdir. Elektron qaimələr üzrə ödənişlər edilmişdir. 25 iyul tarixli qaimə sistem tərəfindən təsdiq olunub. Özü şirkətdə olmadığı vaxtlarda işləri E.Məmmədov aparıbdır. Aralarında bir ədəd müqavilə olmuş və onun da bütün səhifələri imzalanmışdır. Ona deyilib ki, texniki dəstəklə bağlı ödəniş edilməlidir və ödəniş edilmişdir. İddianı qəbul etmir və rədd olunmasını xahiş edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində X3 ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022ci il tarixli, 6999 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə icraçı sifarişçiyə aşağıda qeyd olunan vebsaytla bağlı aylıq əsasla müqavilənin 1.2-ci bəndində qeyd olunan texniki dəstək xidmətini göstərir, sifarişçi isə bunun müqabilində icraçıya müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir: vebsaytın adı: www.glob.az.; 2.2-ci bəndinə əsasən sifarişçinin xidmətlərin müqabilində, icraçıya müqavilənin 4-cü bəndinə uyğun olaraq xidmət haqqını vaxtında və tam şəkildə ödəmək, müqavilənin ləğv edilməsi halında icraçının gördüyü işlərə xidmət haqqının ödənilməmiş hissəsinin icraçıya ödənilməsini təmin etmək vəzifələri vardır; 4.1-ci bəndinə əsasən sifarişçi icraçıya hər ay üçün 1000 manat məbləğdə xidmət haqqı ödəyir; 4.3-cü bəndinə əsasən müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş ödənişlər hər xidmət ayının sonunda sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə ödənilir; 5.2-ci bəndinə əsasən sifarişçi müqavilənin 4-cü bəndində qeyd olunan hər hansı xidmət haqqının ödənilməsini 10 təqvim günündən artıq gecikdirdikdə icraçıya aylıq xidmət haqqının iki misli miqdarında cərimə ödəməlidir; Müqavilənin 6.1-ci bəndinə əsasən Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və qüvvəyə mindiyi vaxtdan etibarən 1 (bir) ay müddətinə etibarlıdır; 6.2-ci bəndinə əsasən Müqavilənin müddətinin bitməsinə on azı 10 (on) gün qalmış tərəflərdən birinin Müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti olmadıqda, Müqavilə eyni şərtlərlə və eyni müddətə hər növbəti dəfə uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 653224 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2000 manat təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 244866 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2000 manat təşkil edir.

10. xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı, 12193594 nömrəli elektron qaimədən müəyyən edilir ki, X3 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23000 manat təşkil edir. Qaimədə xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinə qədər göstərilmiş xidmətlərin ümumi dəyəri qeyd edilmişdir.

11. X3 ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 333/1 nömrəli Glob.az vebsaytının və mobil tətbiqinin hazırlanması üçün müqaviləyə və tərəflər arasında bağlanan bütün digər müqavilələr əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli görülmüş işlərin yekun təhvilinə dair təhvil-təslim aktına əsasən aktda siyahısı qeyd edilmiş xidmətlər sifarişçinin faktiki istifadəsinə verilmişdir. Aktda qeyd olunur ki, www.glob.az saytı və mobil tətbiqi ilə bağlı texniki dəstək xidməti tam göstərilmişdir. Tərəflər təsdiq edir ki, xidmətlər və texniki dəstək xidmətləri vaxtında, tam və keyfiyyətli şəkildə icra edilmiş, sifarişçinin qeyd olunanlarla bağlı heç bir əlavə tələb və etirazı yoxdur. Hazırkı təhvil-təslim aktı ilə xidmətlərin təhvil verildiyi andan etibarən yaranan problemlərə görə icraçı hər hansı məsuliyyət daşımır. Akt Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Aktda həmçinin qeyd olunur ki, tərəflər arasında bağlanmış www.glob.az saytı və mobil tətbiqin hazırlanması və həmçinin texniki dəstək göstərilməsi ilə bağlı müqavilələrə xitam verilir.

12. "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən X1 bank hesabına 2000 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2023-cü il tarixli, 333/1 nömrəli müqavilə əsasında tərtib edilmiş EBDB seriyalı, 653224 nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir.

13. "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən X1 bank hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2023-cü il tarixli, 333/1 nömrəli müqavilə əsasında tərtib edilmiş EBDY seriyalı, 244866 nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir.

14. Cavabdehin nümayəndəsi baxış mərhələsində sonradan xidmətin göstərilməsi ilə bağlı müəyyən sənədlər (tərcümə olunmamış) təqdim etmişdir, iddiaçının nümayəndəsi mövqeyi bundan ibarət olmuşdur ki, təqdim olunanlar proqram təminatı yox, server xidməti ilə bağlıdır.

15. Cavabdeh MMC tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlıq – müqaviləyə xitam və texniki dəstək təhvil-təslimi adlı məktubda texniki tapşırıqlara cavab verilmədiyi, zəng və yazışmaların cavabsız qaldığı, proqram təminatına və ona bağlı resurslara, o cümlədən “Məntəqə App”ə girişin dayandırıldığı, yaranan xətalarla bağlı məlumatlandırılmalarına baxmayaraq, iddiaçı tərəfindən heç bir tədbirin görülmədiyi, habelə, şirkətin məlumatlarının yerləşdiyi serverin elektron poçt ünvanı və şifrələrinə müdaxilə edilərək, parollar və elektron poçt ünvanlarının dəyişdirildiyi qeyd edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq parollar və elektron poçt məlumatlarında edilən icazəsiz dəyişikliklər bərpa edilməmişdir. Həmin tarixdən sonra məntəqə mobil tətbiqi işləmir və nə kimi dəyişikliklər edildiyi onlara məlum deyildir. Qeyd edilənlərə əsasən təhvil-təslim aktı və təhvil verilməli olan bütün texniki resurslara dair məlumatların 5 iş günü ərzində şirkətə təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbədarlıq edilmişdir.

16. X3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, mövcud borcun 10 gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

17. Cavabdeh MMC tərəfindən X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla qeyd edilmişdir ki, pretenziya məktubunda qeyd edilmiş məlumatlar və maddi tələblər əsassızdır. Tələblər reallığı əks etdirmir və bu səbəbdən də tələblər qəbul edilmir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 6999 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icraçı sifarişçiyə www.glob.az. vebsaytı ilə bağlı aylıq əsasla müqavilənin 1.2-ci bəndində qeyd olunan texniki dəstək xidmətini göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, yəni texniki dəstək xidmətinin göstərilməsi təmin edilsə də, cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin etməmiş, bununla da müqavilə üzrə öhdəliklər və mülki qanunvericiliyin normalarını pozmuşdur. Həmin hal tərəflərin izahatları, müqavilə, təhvil-təslim aktı, elektron qaimələrlə öz təsdiqini tapmışdır. Eyni zamanda müqavilə üzrə mütəmadi aylıq xidmətlər göstərilmişdir. Həmin hal işin mübahisəsiz halını təşkil etmişdir. Eləcə də, müqavilənin 6.1-ci bəndinə əsasən Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və qüvvəyə mindiyi vaxtdan etibarən 1 (bir) ay müddətinə etibarlıdır; 6.2-ci bəndinə əsasən Müqavilənin müddətinin bitməsinə on azı 10 (on) gün qalmış tərəflərdən birinin Müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti olmadıqda, Müqavilə eyni şərtlərlə və eyni müddətə hər növbəti dəfə uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilə 1 ay müddətinə bağlanmış və hər ay da müqavilənin müddəti uzadılmışdır.

21. İddia tələbini Cavabdehndən 23000 manat xidmət haqqı borcunun tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə üzrə xidmət haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və Cavabdehndən 20000 (iyirmi min) manat əsas borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir.

23. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi icraçıya hər ay üçün 1000 manat məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına (həmin aktla tərəflər arasında bağlanmış müqaviləyə xitam verildiyi və xidmətlərin təhvil verildiyi təsdiqlənmişdir) əsasən aktda adıçəkilən xidmətlərin icraçı tərəfindən sifarişçiyə təhvil verilməsi Cavabdeh MMCnin imzası və möhürü ilə təsdiq edilmişdir. Aktda www.glob.az saytı və mobil tətbiqi ilə bağlı texniki dəstək xidmətinin tam göstərildiyi, xidmətlər və texniki dəstək xidmətlərinin vaxtında, tam və keyfiyyətli şəkildə icra edildiyi, sifarişçinin qeyd olunanlarla bağlı heç bir əlavə tələb və etirazının olmadığı qeyd edilmişdir. X3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli elektron-qaimədə 27 dekabr 2022-ci il tarixindən 29 noyabr 2024-cü il tarixinə qədər göstərilmiş xidmətlərin ümumi dəyərinin 23000 manat olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından müəyyən olunur ki, sifarişçi tərəfindən icraçıya 3000 manat ödəniş edilmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilməli olan məbləğ 23000-3000=20000 manat olacaqdır. 3000 manat məbləğində ödəniş xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 653224 nömrəli və xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 244866 nömrəli elektron qaimələr üzrə həyata keçirilsə də, hesab olunur ki, həmin məbləğ ümumi məbləğdən çıxılmalıdır. Belə ki, iddiaçının tələbi bütün dövrü əhatə etmiş, ödənişlər də həmin dövrdə göstərilmiş xidmətlərlə bağlı olmuşdur.

24. Həmçinin qeyd edilən təhvil-təslim aktı və ödəniş tapşırıqlarında xx.xx.2023-cü il tarixli, 333/1 nömrəli xidmət müqaviləsi qeyd edilmiş, təklif olunsa da, belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Göstərilən təhvil-təslim aktında həmin aktın əsas müqavilənin tərkib hissəsi olduğu qeyd olunmuş və məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6999 nömrəli müqavilədən başqa bir müqavilə təqdim olunmamışdır. Ona görə də hazırkı mübahisə, edilən ödəniş, göndərilən qaimənin məhz təqdim olunan müqavilə ilə bağlı olduğu nəzərə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara, tərəflərin izahatlarına əsasən məhkəmə ödənilmiş 3000 manat məbləğində pul vəsaitini hazırkı mübahisə ilə bağlı müqavilə öhdəliklərinin icrası kimi qəbul edir və iddiaçı tərəfindən tələb edilən 23000 manatdan çıxılmasını məqsədəmüvafiq hesab edir.

25. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda borc məbləğini qəbul etmədiklərini və təhvil-təslim aktındakı imzanın özünə məxsus olmadığını, möhürün də onlara aid olsa da, iddiaçı tərəfindən sənədə vurulduğunu qeyd etmiş, lakin müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Hesab olunur ki, cavabdehin etirazı həmin hissədə əsaslı sayılmamalıdır. Belə ki, möhür sadəcə aid olduğu müəssisənin səlahiyyətli şəxslərinin istifadəsində olur və müəssisə ilə heç bir əlaqəsi olmayan bir şəxsin ondan istifadə etməsi ağlabatan deyildir. Cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmasa belə, cavabdeh həm müqavilə, həm də aktı özünə məxsus möhürlə təsdiqləmiş və sənədlərin ona məxsus möhürlə təsdiqləndiyini mübahisələndirməmişdir. Digər tərəfindən cavabdehin nümayəndəsi müqavilənin bütün səhifələrinin imzalanmadığına istinad edərək, müqavilənin dəyişdirildiyini iddia etmiş, lakin müqavilə tərəfi olaraq bütün səhifələri imzalanmış müvafiq müqaviləni məhkəməyə təqdim etməmişdir (halbuki müqavilənin axırıncı səhifəsindən görünür ki, tərəflərin hər birində müqavilənin bir nüsxəsinin saxlanıldığı qeyd olunmuşdur). Ona görə də cavabdehin həmin hissədə də etirazı əsassızdır. Bundan başqa, cavabdehin nümayəndəsi aylar üzrə xidmət haqlarının nağd qaydada ödənildiyini bildirmiş, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddia tələbinin qeyd olunan hissəsində hazırkı nəticəyə gəlmişdir.

26. İddia tələbinin digər hissəsini 46000 manat məbləğində cərimənin cavabdehdən tutulması təşkil edir.

27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1000 (min) manat müəyyən edilməli, cərimə məbləğinin tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. İddia tələbinin digər hissəsini gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1150 manat pulun iddiaçının xeyrinə cavabdehdən tutulması təşkil edir.

30. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı öhdəliklərin icrasının gecikdirilməsinə görə faiz məbləinin tutulması xahiş etsə də, hesablama düsturu və hansı aylar üzrə nə qədər hesablandığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda hazrkı qənaətə gələrkən iddiaçı tərəfindən elektron qaimənin cavabdehə 2025-ci ilin iyul ayında göndərildiyi nəzərə alınmışdır. Eləcə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə iddianın təmin olunmamasına etiraz etmədiyini bildirmişdir.

31. Eləcə də, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 301 manatın tutularaq ona ödənilməsini xahiş edir.

32. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 90 (doxsan) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 20000 (iyirmi min) manat əsas borc, 1000 (min) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 90 (doxsan) manat olmaqla, ümumilikdə 21090 manat (iyirmi bir min doxsan) məbləğində pul vəsaiti X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar