Məhkəmə qərarları › İş №e-2-2(113)-6558/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6558/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6558/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarışıq müqavilə - alqı-satqı və xidmət, qanuni faiz, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlamış 08 aprel 2021-ci il tarixli təchizat və xidmət müqaviləsi üzrə 11200 manat əsas borc, 2016 manat ƏDV borcu, illik 5% hesablanmaqla 1456 manat faiz borcunun və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təchizat və xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin xx.xx.2021-ci il tarixli 05 nömrəli razılaşma protokoluna əsasən iddiaçı tərəfindən cavabdehdən poladəritmə sexinin enerji dövriyəsi üçün aşağıda qeyd edilən və ümumi dəyəri 23100 (ƏDV xaric) olan məhsullar sifariş edilmişdir. 1. Açar-eleqaz açarla birlikdə - 2 ədəd, 630 A; 2. Açareleqaz açarla birlikdə - 1 ədəd; 1250 A; 3. Şin ayırıcı - 1 ədəd. Qeyd olunan fakt elektron qaimələrdə öz əksini tapmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli EBBO 410756 seriya nömrəli qaiməyə əsasən, 27258 manat dəyərində (ƏDV daxil) məhsullar cavabdehdən sifariş edilmişdir. Siyahıda qeyd olunan 1-ci və 3-cü məhsullar cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Lakin dəyəri 11200 manat (ƏDV xaric) olan 1 ədəd “açareleqaz açarla ilə birlikdə - 1250 A” adlı razılaşdırılmış məhsul iddiaçıya təhvil verilməyib. Həmçinin məhsulun dəyəri cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. 2.2. xx.xx.2024-cü il tarixdə cavabdehin ofisinin “Elektron ünvan ” elektron poçt ünvanından borcun etirafı ilə bağlı məktub daxil olmuşdur. Belə ki, cavabdehin direktoru Qanuni nümayəndə bu borcun mövcud olduğunu öz imza və möhürü ilə təsdiq edərək bildirmişdir ki, “siyahı üzrə bütün məhsullar təhvil verilmişdir. Lakin 1 ədəd “açar-eleqaz açarları ilə 1250 A” adlı məhsulun yeri düz gəlmədiyi üçün geri qaytarılmışdır. Həmçinin Cavabdeh MMC şirkəti olaraq, geri qaytarılan məhsulun dəyərinin 11.200,00 manat (ƏDV xaric) ödənilməsini tam üzərimizə götürürük”. Beləliklə, cavabdehin direktoru Qanuni nümayəndə rəsmi elektron poçt ünvanından göndərdiyi məktubla məhsulun təhvil verilmədiyini və bununla əlaqədar iddiaçıya borcu olduğunu öz imzası və möhürü ilə təsdiq etmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təchizat və xidmət müqaviləsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli razılaşma protokoluna əsasən, iddiaçıya 11200 manat (ƏDV xaric) borcu yaranmışdır. 2.3. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə və dəfələrlə telefon danışıqları aparılmasına baxmayaraq, cavabdeh tərəfindən 11200 manat (ƏDV xaric) məbləğində borc bu günədək ödənilməmiş olaraq qalır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 439.3, 443.1, 448.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi cavabdehin xx.xx.2024-cü il tarixində elektron poçt vasitəsilə cavab məktubu göndərək ödəniş edilməsi üçün 1 ay vaxt verilməsini xahiş etdiyini, lakin heç bir ödəniş etmədiyini, malların təqdim edilməsinə dair təhvil-təslim aktının olmadığını, iddiaçı şirkətin “e-mail” hesabı olmadığı üçün cavabdeh tərəfindən pretenziyaya cavab məktubunun onun (iddiaçının nümayəndəsi Nümayəndə2) elektron poçt ünvanına göndərildiyini, əsas borca illik 5% borcun müqavilə tarixindən etibarən hesablandığını bildirdi.

7. Cavabdehin və onun qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə, Cavabdeh MMC-nin X1 Sistemində yaradılan elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmış, lakin məhkəmə iclaslarında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (“Sifarişçi” qismində) ilə cavabdeh (“İcraçı” qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təchizat və xidmət müqaviləsinin predmetlə bağlı şərtlərindən görünür ki, icraçı tam təfsilatı, təsviri, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr- Razılaşma Protokolları ilə müəyyən olunan mallar və xidmətlər ilə sifarişçini təchiz etməyi, sifarişçi isə malları və xidmətləri qəbul edib onların müqavilə ilə razılaşdırılmış qiymətini icraçıya ödəməyi öhdəsinə götürür (1.1).

12. Adıçəkilən müqavilənin qiymət və hesablaşma qaydası ilə bağlı şərtlərinə əsasən, malların və xidmətlərin sifarişçiyə təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində 1 nüsxə saxlanılmaqla icraçı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsi ilə rəsmiləşdirilir (2.3). İcraçı malları və xidmətləri sifarişçiyə təhvil verdiyi gün təhvil-təslim aktını və onun əsasında elektron qaimə-fakturanı da sifarişçiyə təqdim etməlidir (2.4). Malların və xidmətlərin qiymətinin ödəniş qaydası protokolda təsbit edilir (2.5).

13. Qeyd edilən müqavilənin müddətlə bağlı şərtlərinə görə, müqavilə hər iki tərəfdən imzalandıqda müqavilənin birinci vərəqində qeyd olunmuş tərtib olunma tarixindən qüvvəyə minir və 12 ay müddətində etibarlıdır (10.1). Müqavilədən irəli gələn öhdəliklər icraçı tərəfindən icra edilmədikdə və ya keyfiyyətsiz şəkildə icra edildikdə, aşkar olunmuş çatışmazlıq və ya qüsurlar tərəflərin razılaşdırdıqları müddətdə icraçı tərəfindən aradan qaldırılmadıqda və sifarişçi tərəfindən tələb olunan məlumatlar düzgün verilmədikdə, sifarişçinin müqaviləni birtərəfli qaydada ləğv etmək və dəymiş ziyanı icraçıdan tələb etmək hüququ yaranır (10.2).

14. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli 05 nömrəli razılaşma protokolundan görünür ki, tərəflər ümumilikdə 23100 manat dəyərində (ƏDV xaric) məhsulun (Açar-eleqaz açarla birlikdə - 2 ədəd, 630 A; Açar-eleqaz açarla birlikdə - 1 ədəd; 1250 A; Şin ayırıcı - 1 ədəd) dəyəri barədə razılığa gəlmiş, ödənişin təhvil-təslim aktı əsasında 30 gün ərzində edilməsi şərtləşdirilmişdir.

15. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli EBBO 410756 seriya və nömrəli elektron qaimə-fakturadan görünür ki, ƏDV daxil olmaqla cəmi 27258 manat malın verilməsinə dair cavabdeh tərəfindən elektron qaimə tərtib edilərək iddiaçıya təqdim edilmişdir.

16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli müqavilə üzrə 23100 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə köçürülmüşür.

17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən EBBO 410756 seriya və nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV üzrə 4158 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə cavabdehin hesabına köçürülmüşdür.

18. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən iddiaçının pretenziya məktubuna cavab olaraq elektron poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilən cavab məktubunda İddiaçı MMC tərəfindən poladəritmə sexinin enerji dövriyyəsi üçün 23100 manat (ƏDV xaric) məhsulların sifariş edildiyi, siyahı üzrə bütün məhsulların təhvil verildiyi, lakin 01 ədəd “Açar Eleqaz açarları ilə 1250 A” adlı məhsulun yeri düz gəlmədiyi üçün geri qaytarıldığı, geri qaytarılan məhsulun dəyərinin – 11200 manatın (ƏDV xaric) ödənilməsini cavabdehin üzərinə götürdüyü, borcun qaytarılması üçün 1 ay müddətinə möhlət verilməsini xahiş etdiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən elektron poçt ünvanına göndərilən cavab məktubunun ekran görüntüsü iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, həmçinin məhkəmənin yekun baxış iclasında iddiaçının nümayəndəsinin elektron poçt ünvanına göndərilən cavab məktubuna baxış keçirilmişdir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təhcizat və xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh mallar və xidmətlər ilə iddiaçını təchiz etməyi, iddiaçı isə malları və xidmətləri qəbul edib onların müqavilə ilə razılaşdırılmış qiymətini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı adıçəkilən müqavilə üzrə xx.xx.2021-ci il tarixində məhsulların dəyərini – ƏDV daxil 27258 manat məbləğində pulu tam ödəmişdir.

20. İddiaçı xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli müqavilə üzrə təqdim edilməyən məhsulun dəyəri olan 13216 manat (ƏDV daxil) pulun ödənilməsini tələb edir.

21. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

22. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

25. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

26. Məhkəmə tətbiq ediləcək hüquqa münasibətdə isə göstərir ki, xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təhcizat və xidmət müqaviləsində müqavilənin predmeti olaraq tam təfsilatı, təsviri, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr- Razılaşma Protokolları ilə müəyyən olunan mallar və xidmətlərlə iddiaçının təchiz edilməsi göstərilmiş, müqavilə alqı-satqı və xidmət münasibətlərini ehtiva etməklə qarışıq müqavilə olmuşdur.

27. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

28. Məhkəmə hazırkı mübahisənin iddiaçı tərəfindən dəyəri ödənilmiş əşyanın iddiaçıya verilməməsi, iddiaçının isə verilməyən malın dəyərini tələb etməsi ilə bağlı olduğunu, başqa sözlə, mübahisənin bilavasitə xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təhcizat və xidmət müqaviləsinin alqı-satqı ilə bağlı ünsürləri ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, mübahisə mülki qanunvericiliyin alqı-satqı ilə bağlı müddəaları tətbiq edilməklə həll edilməlidir.

29. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

31. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

32. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

33. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

34. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

35. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli AH/RC/0804 nömrəli təhcizat və xidmət müqaviləsi üzrə öhdəliyini icra etdiyini – razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir. Əksinə xx.xx.2024-cü il tarixdə göndərilən cavab məktubundan 11200 manatın (ƏDV xaric) ödənilməsini cavabdehin üzərinə götürdüyü, borcun qaytarılması üçün 1 ay müddətinə möhlət verilməsini xahiş etdiyi görünür.

36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

37. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

41. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının pulun tutulması tələbi əsaslı olduğundan həmin hissədə iddia təmin edilməli, 2016 manat ƏDV daxil 13216 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı

42. İddia ərizəsində iddiaçı əsas borca illik 5 faizlə hesablanan 1456 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

43. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).

44. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

45. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

46. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən müqavilənin dəyərinin ödənilməsi ilk dəfə pretenziya məktubu ilə tələb edilmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə “onlayn kargüzarlıq” sistemi vasitəsilə cavabdehə göndərilmişdir.

47. Belə olan halda məhkəmə hesab edir ki, 16 iyul 2024-cü il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək (xx.xx.2024-cü il) 42 gün üçün əsas borca (13216 manat) illik 5 faizlə hesablanmaqla 76,04 manat pul (13.216 manat*5 % /100/365 gün*42 gün) Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

48. İddiaçı həmçinin 130 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

49. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

52. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tutulmalı olan dövlət rüsumunun məbləği 118 manat təşkil edir, ona görə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2021-ci il tarixdə bağlanmış təchizat və xidmət müqaviləsi üzrə 2016 manat ƏDV məbləği daxil olmaqla 13216 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 76,04 manat olmaqla ümumilikdə 13292,04 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat məbləğində Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar