Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6587/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” dair kommersiya mübahisəsi (açar sözlər: müqavilədən imtina və onun hüquqi nəticələri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 21 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 215 000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 505 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 21 sentyabr 2024-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında birgə fəaliyyət haqqında müqaviləyə razılaşma protokolu təsdiq edilmişdir. Həmin protokola əsasən, iddiaçı öhdəlik götürür ki: 5 gün ərzində 30 ədəd “Chevrolet Onix” və 5 ədəd “VGV” markalı avtonəqliyyat vasitələrinin sifariş edilməsi məqsədilə 215 000 manat pulu nağd və ya bank köçürülməsi vasitəsi ilə cavabdehə verir; qeyd edilən vəsait nəqliyyat vasitələrinin lizinq yolu ilə alınması üçün nəzərdə tutulmuş vəsaitdir; avtonəqliyyat vasitələri Azərbaycan Respublikasına gətirildikdən sonra həmin avtonəqliyyat vasitələrini 4 il müddətinə taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə Cavabdeh təhvil verir və bununla bağlı tərəflər arasında birgə fəaliyyətlə bağlı müqavilə imzalanır; avtonəqliyyat vasitələrinin öz adına keçirilməsini birgə fəaliyyət müddəti (4 il) bitdikdən sonra tələb edir. 2.2. Cavabdeh öhdəlik götürür ki: 215 000 manat pulu iddiaçıdan əldə etdikdən 5 gün ərzində 30 ədəd “Chevrolet Onix” və 5 ədəd “VGV” markalı avtonəqliyyat vasitələrinin sifarişini həyata keçirəcək, nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsinin son müddəti 15 oktyabr 2024-cü il təşkil edir; avtonəqliyyat vasitələrini öz adına sifariş edir, sənədləşmə işlərini aparır, lakin avtonqliyyat vasitələrinin iddiaçıya məxsus olduğunu qəbul edir və tərəflər arasında nəzərdə tutulmuş birgə fəaliyyət müddəti (4 il) bitdikdən sonra avtonəqliyyat vasitələrinin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə zəruri tədbirləri görür; avtonəqliyyat vasitələri Azərbaycan Respublikasına gətirildikdən sonra həmin avtonəqliyyat vasitələrini 4 il müddətinə taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə qəbul edir və bununla bağlı tərəflər arasında birgə fəaliyyətlə bağlı müqavilə imzalanır. 2.3. İddiaçı tərəfindən öhdəliklər tam icra olunmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər tam olaraq icra olunmamışdır. Belə ki, tərəflər arasında 21 sentyabr 2024-cü il tarixdə imzalanmış qəbzdən görünür ki, iddiaçı razılaşma protokolunda öz əksini tapmış 215 000 manat pul vəsaitini cavabdehə təhvil vermişdir. Cavabdeh nəqliyyat vasitələrinin 15 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikasına gətirilməsini təmin etməmiş, eləcə də bu günə kimi dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, birgə fəaliyyətlə bağlı müqavilə imzalamaqdan yayınmışdır. Cavabdeh tərəfindən öhdəliklər vaxtında və tam olaraq icra olunmadığından iddiaçının maliyyə vəziyyətinə zərər vurulmuş və müqavilə şərtləri kobud şərildə pozulmuşdur.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı vəsatət təqdim etməmiş, iddiaya yazılı münasibət bildirməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxmışdır. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Müqavilə üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 21 sentyabr 2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə razılaşma protokolu imzalanmış, iddiaçı 5 gün ərzində 30 ədəd “Chevrolet Onix” və 5 ədəd “VGV” markalı avtonəqliyyat vasitələrinin sifariş edilməsi məqsədilə 215 000 manat pulu nağd və ya bank köçürülməsi vasitəsi ilə cavabdehə verməyi, cavabdeh 215 000 manat pulu əldə etdikdən 5 gün ərzində 30 ədəd “Chevrolet Onix” və 5 ədəd “VGV” markalı avtonəqliyyat vasitələrinin sifarişini həyata keçirməyi və nəqliyyat vasitələrini 15 oktyabr 2024-cü il tarixədək Azərbaycan Respublikasına gətirməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, qeyd edilən vəsait nəqliyyat vasitələrinin lizinq yolu ilə alınması üçün nəzərdə tutulmuş vəsaitdir, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasına gətirildikdən sonra həmin avtonəqliyyat vasitələrini 4 il müddətinə taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə cavabdehə təhvil verilir və bununla bağlı tərəflər arasında birgə fəaliyyətlə bağlı müqavilə imzalanır, iddiaçı avtonəqliyyat vasitələrinin öz adına keçirilməsini birgə fəaliyyət müddəti (4 il) bitdikdən sonra tələb edir, cavabdeh avtonəqliyyat vasitələrini öz adına sifariş edir, sənədləşmə işlərini aparır, lakin avtonqliyyat vasitələrinin iddiaçıya məxsus olduğunu qəbul edir və tərəflər arasında nəzərdə tutulmuş birgə fəaliyyət müddəti (4 il) bitdikdən sonra avtonəqliyyat vasitələrinin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə zəruri tədbiləri görür, cavabdeh avtonəqliyyat vasitələri Azərbaycan Respublikasına gətirildikdən sonra həmin avtonəqliyyat vasitələrini 4 il müddətinə taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə qəbul edir və bununla bağlı tərəflər arasında birgə fəaliyyətlə bağlı müqavilə imzalanır. 21 sentyabr 2024-cü il tarixli qəbzə əsasən, cavabdeh 215 000 manat məbləğində pul vəsaitini təhvil almışdır.
12. İddiaçı həmin müqavilə üzrə cavabdehin öhdəliyini icra etmədiyini bildirir və ödənilmiş 215 000 manat məbləğində pulun qaytarılmasını tələb edir.
13. Cavabdeh iddiaya münasibət bildirmir, hər hansı etiraz təqdim etmir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilənin icra edilmədiyini, bu səbəbdən ödənilmiş pul məbləğini geri tələb etdiyindən müqavilədən imtina ilə bağlı hüquq normaları nəzərdən keçirilməlidir.
15. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
16. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir ... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir ... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. ... Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
17. Beləliklə, iddiaçı hazırda Mülki Məcəllənin 447.1-ci maddəsinə nəzərdə tutulmuş müqavilən imtina hüququnu realizə edir. Müqavilədən imtina isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Başqa sözlə, müqavilədən imtina öhdəliyin icra edilməməsi halında müqavilədən əvvəlki ilkin vəziyyətin bərpası ilə nəticələnir.
18. Hazırkı halda, cavabdeh tərəfindən müqavilə icra edilməmiş, iddiaçı tərəfindən isə 215 000 manat ödəniş edilmişdir. Bu mənada müqavilədən imtinanın hüquqi nəticəsi həmin ödənişin iddiaçıya qaytarılmasından ibarətdir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
23. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 21 sentyabr 2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə razılaşma protokolu üzrə 215 000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
24. İddiaçı eyni zamanda ödənilmiş 505 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 505 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 505 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2024-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə razılaşma protokolu üzrə 215 000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 505 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova