Məhkəmə qərarları › İş №e-2-2(113)-6612/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6612/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6612/2024 30.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli AZT/GVV/56 saylı xidmət müqaviləsinə əsasən 12.521.53 AZN əsas borcun və ödəniş gecikdirildiyi üçün hesablanılmış 32589.86 AZN dəbbə pulunun, 227 manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 AZN xidmət haqqının iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə aralarında AZT/GVV/56 saylı Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin tapşırığına əsasən, Laçın rayonu ərazisində Sifarişçinin tapşırdığı yerdə ekskavator yükləyici ilə qazıntı və torpaq işlərini icra etməyi, Sifarişçi isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə və ya Əlavə Razılaşmalarla müəyyən edilmiş muzdu İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, Sifarişçi İcraçının gördüyü işlərin dəyərini bu Müqavilə ilə nəzərdə tutulan müddət ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan Elektron qaimə və ya Təhvil-təslim aktı əsasında rəsmiləşdirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilə və Əlavə Razılaşmalarla ödənilməsi nəzərdə tutulan müddətdə ödəniş icraedilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 1%i miqdarında Sifarişçi İcraçıya cərimə ödəyir. Belə ki, xx.xx.2023-cü il tarixli EBDR 786164 nömrəli elektron qaimə üzrə 6190.42 AZN; xx.xx.2023-cü il tarixli EBDT 219120 nömrəli elektron qaimə üzrə 4220.74 AZN, xx.xx.2023-cü il tarixli EBDU 070609 nömrəli elektron qaimə üzrə isə 2110.37 AZN, ümumilikdə isə 12521.53 AZN ödənilməyən borc mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli AZT/GVV/56 saylı Xidmət müqaviləsi üzrə ödənilməyən 12.521.53 (on iki min beş yüz iyirmi bir manat əlli üç qəpik) AZN əsas borcun və ödəniş gecikdirildiyi üçün hesablanılmış 32589.86 (otuz iki min beş yüz səksən doqquz manat səksən altı qəpik) AZN dəbbə pulunun ödənilməsi ilə bağlı qarşı tərəfə pretenziya göndərilmiş, lakin cavabdeh heç bir cavab verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

3. Daha sonra iddia iddia tələbinin azaldılması barədə ərizə verərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli AZT/GVV/56 saylı xidmət müqaviləsinə əsasən 12.521.53 (on iki min beş yüz iyirmi bir manat əlli üç qəpik) AZN əsas borcun və ödəniş gecikdirildiyi üçün hesablanılmış 1 000 (min manat) AZN dəbbə pulunun, 227 (iki yüz iyirmi yeddi) manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) AZN xidmət haqqının iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli AZT/GVV/56 saylı xidmət müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin tapşırığına əsasən, Laçın rayonu ərazisində Sifarişçinin tapşırdığı yerdə ekskavator yükləyici ilə qazıntı və torpaq işlərini icra etməyi, Sifarişçi isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə və ya Əlavə Razılaşmalarla müəyyən edilmiş muzdu İcraçıya ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, Sifarişçi İcraçının gördüyü işlərin dəyərini bu Müqavilə ilə nəzərdə tutulan müddət ərzində ödəməyi öz öhdəsinə götürmüşdür.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən, yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan Elektron qaimə və ya Təhvil-təslim aktı əsasında rəsmiləşdirilir.

13. 4.2-ci bəndinə əsasən, bu Müqavilə və Əlavə Razılaşmalarla ödənilməsi nəzərdə tutulan müddətdə ödəniş icraedilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 1%-i miqdarında Sifarişçi İcraçıya cərimə ödəyir.

14. xx.xx.2023-cü il tarixli EBDR 786164 nömrəli elektron qaimə üzrə 6190,42 AZN; xx.xx.2023-cü il tarixli EBDT 219120 nömrəli elektron qaimə üzrə 4220,74 AZN, xx.xx.2023-cü il tarixli EBDU 070609 nömrəli elektron qaimə üzrə isə 2110.37 AZN, ümumilikdə isə 12521.53 AZN ödənilməyən borc mövcud olduğu qeyd olunmuşdur.

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş mühasibatlıq və hüquqi xidmətlərinə görə cavabdehin ona 12521,53 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

19. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. İddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən müqavilə, göstərilmiş xidmətlərin təsdiq olunmasına dair elektron qaimələri sübut qismində məhkəməyə təqdim etmişdir.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

24. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

25. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

26. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

27. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

28. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

30. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir, qaimələr cavabdeh tərəfindən düzəliş üçün geri qaytarılmamış, əksinə onlar təsdiq edilmişdir.

31. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 12521,53 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləsinin müqaviləyə əsasən hesablanmış 1000 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilə bilər.

36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 227 manat məbləğində dövlət rüsumu xərci və 320 manat vəkil haqqı iddiaçı tərəfindən ödənilmişdir.

37. Azərbaycan Respublikası MPM-in:

38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

40. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 227 manat məbləğində pul vəsaiti və 320 manmat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli AZT/GVV/56 saylı xidmət müqaviləsi üzrə 12.521,53 manat əsas borc, 1000 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 227 manat və vəkil xərcinin əvəzi olaraq 320 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar