Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6614/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcu öhdəliyinə qarşılıqlı əvəzləşdirmə yolu ilə xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" ASC-dən 13 fevral 2020-ci il tarixdə 1***-*******TK100220-01 saylı müqavilə əsasında yaranmış kredit borcu öhdəliyinə, ona məxsus "xxxx" MMC-nin cavadeh Əmanətlərin Sığortalanması Fondunda qalmış pul vəsaitləri arasında ona dair müsbət saldo əsasında qarşılıqlı əvəzləşdirmə yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Nümayəndə tərəfindən imzalanmışdır. Həmin şəxsin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə İddiaçı tərəfindən verilmiş və iddia ərizəsinə əlavə edilmişdir. Lakin etibarnamədən göründüyü kimi ərizəni imzalan şəxs vəkil olsa da, vəkil orderi və ya iddiaçı ilə yaxın qohum olmasına dair müvafiq sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə Nümayəndə İddiaçı əvəzinə nümayəndə kimi iddia ərizəsini imzalamağa hüququ yoxdur. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə imzalanmış iddia ərizəsində iddiaçının tələbi göstərilsə də, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini və iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1, 152.1.2, 152.1.4 və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcu öhdəliyinə qarşılıqlı əvəzləşdirmə yolu ilə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6614/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6614/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver