Məhkəmə qərarları › İş №e-2-2(113)-6628/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6628/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6628/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqısatqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1059 nömrəli müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq ödənməli olan 5962,80 manat, ƏDV üzrə 1073,30 manat daxil olmaqla, ümumilikdə 7036,10 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 91 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 1059 nömrəli müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, sifarişçi avadanlıqların bu müqavilə ilə müəyyən edilmiş dəyərini əvvəlcədən ödəməli, icraçı isə sifarişçiyə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən telefoniya avadanlıqlarını və xidmətlərini bu müqavilə ilə təyin olunmuş vaxtda təhvil verməli idi. Qeyd edilir ki, müqavilə şərtlərinə əsasən İddiaçı MMC icraçı kimi üzərinə düşən öhdəlikləri icra etsə də, Cavabdeh MMC sifarişçi kimi müqavilə ilə öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, ödəməli olduğu məbləği İddiaçı MMC-yə hazırkı vaxtadək ödəməmişdir. Belə ki, hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə müqavilə öhdəlikləri üzrə 5962,80 manat, ƏDV üzrə isə 1073,30 manat daxil olmaqla, ümumilikdə 7036,10 manat məbləğində borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci maddəsinə əsasən sifarişçi icraçı tərəfindən təqdim edilmiş müvafiq hesab-fakturaları vaxtlı-vaxtında ödəyir. Bu Müqavilədən irəli gələn digər vəzifə və öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirir. Həmin Müqavilənin 3-cü maddəsində qeyd olunur ki, müqavilənin dəyəri müqavilənin müvafiq əlavələri ilə müəyyən olunur. Sifarişçi bu müqavilə üzrə avadanlıqların alınması üçün təqdim olunmuş hesab-faktura üzrə müqavilənin imzalandığı gündən 3 gün ərzində ödənişi Azərbaycan Respublikası manatı ilə köçürmə yolu ilə həyata keçirilir. Qeyd olunan müqavilənin 5-ci maddəsinə əsasən bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində tərtib edilib və təsir göstərir. Bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisəli danışıqlar yolu ilə həlli mümkün olmadığı təqdirdə onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Əlavə olaraq qeyd edilir ki, cavabdehə pretenziya göndərilmiş və pretenziyada göstərilənlərə əsasən müqavilə öhdəlikləri üzrə ödənməli olan 7036,10 manat məbləğində pulun 3 gün müddətində İddiaçıMMC-yə ödənilməsi xahiş edilmiş və əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin hazırkı vaxta qədər qeyd olunan borc məbləği ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 389.1, 399.4, 425.1, 425.2, 442, 443.1, 443.2, 448.1, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 05 sentyabr 2022-ci il tarixli, 1059 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi avadanlıqların müqavilə ilə müəyyən edilmiş dəyərini əvvəlcədən ödəməlidir, icraçı isə sifarişçiyə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən telefoniya avadanlıqlarını və xidmətlərini müqavilədə təyin olunmuş vaxtda təhvil verməlidir; 2.1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə əlavələrdə digər müddət qeyd olunmamışdırsa, ödəniş olunduğu gündən 1 iş günü ərzində avadanlıqları və xidmətləri təhvil verir; 2.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən təqdim edilmiş müvafiq hesab-fakturaları vaxtlı-vaxtında ödəyir; 3.1-ci bəndinə əsasən müqavilənin dəyəri müqavilənin müvafiq əlavələri ilə müəyyən olunur; 3.2-ci bəndinə əsasən müqavilənin dəyəri icraçının sifarişçiyə təqdim etdiyi hesab-faktura üzrə müqavilə imzalandığı gündən 3 gün ərzində köçürmə yolu ilə həyata keçirilir; 4.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2025-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 6436,77 manat dəyərində məhsul(lar)un verilməsi barədə razılıq əldə edilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. 1059 saylı müqaviləyə əlavə olan xx.xx.2025-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 422,68 manat dəyərində məhsul(lar)un verilməsi barədə razılıq əldə edilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2025-ci il tarixli, 0000-000061 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 176,65 manat olan mal(lar) (ƏDV – 26,95 manat) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2025-ci il tarixli, 0000-000167 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6436,77 manat olan mal(lar) (ƏDV – 981,87 manat) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2025-ci il tarixli, 0000-000387 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 422,68 manat olan mal(lar) (ƏDV – 64,48 manat) təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10659885 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 176,64 manat (ƏDV – 26,94 manat) təşkil edir. Qaimənin əsası kimi 1059 nömrəli müqavilə göstərilmişdir.

14. xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10339062 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6436,77 manat (ƏDV – 981,88 manat) təşkil edir. Qaimənin əsası kimi 1059 nömrəli müqavilə göstərilmişdir.

15. xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10215647 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 422,67 manat (ƏDV – 64,47 manat) təşkil edir. Qaimənin əsası kimi 1059 nömrəli müqavilə göstərilmişdir.

16. Kapital Bank” ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 000İCZ1252690C01 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 507,95 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2501 seriyalı, 10659885, xx.xx.2025-ci il tarixli və MT2504 seriyalı, 215647 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimələr qeyd edilmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, **********437085 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə MT2504 seriyalı, 215647 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 64,48 manat ƏDV ödənişi edilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, **********437250 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə MT2501 seriyalı, 10659885, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 26,95 manat ƏDV ödənişi edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən sifarişçi avadanlıqların müqavilə ilə müəyyən edilmiş dəyərini əvvəlcədən ödəməlidir, icraçı isə sifarişçiyə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən telefoniya avadanlıqlarını və xidmətlərini müqavilədə təyin olunmuş vaxtda təhvil verməlidir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca, tam icra etməmiş, qalıq borcu yaranmışdır. Həmçinin məhkəmə icraatının gedişində borcdan müəyyən ödəniş edilmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr, ödəniş sənədləri və s.) öz təsdiqini tapır.

22. İddia tələbini 1059 nömrəli müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq ödənməli olan 5962,80 manat, ƏDV üzrə isə 1073,30 manat məbləğində borcun tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 5454,85 manat (beş min dörd yüz əlli dörd manat səksən beş qəpik) əsas borc, 981,87 manat (doqquz yüz səksən bir manat səksən yeddi qəpik) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməli, qalan hissədə təmin edilməməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 7036,1 manat (6436,77+422,68+176,65=7036,1, (5962,8 manat əsas, 1073,3 manat ƏDV məbləğ)) olan mal(lar) təhvil verilmişdir. Aktlar cavabdeh tərəfindən imzalanmışdır. Təhvil verilmiş malların əvəzi olaraq cavabdeh tərəfindən ümumilikdə 599,38 manat (507,95 manat əsas borc üzrə, 91,43 manat ƏDV borcu üzrə) ödəniş edilmişdir. Belə olan halda Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu əsas borc üzrə 5962,8-507,95=5454,85 manat, ƏDV borcu üzrə 1073,3- 91,43=981,87 manat təşkil edəcəkdir.

24. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamış, mübahisə predmeti olan borcun tam ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

25. Eləcə də, iddiaçı hazırkı iddia tələbinə görə ödənilmiş 91 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82,7 manat (səksən iki manat yetmiş qəpik) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1059 saylı müqavilə üzrə 5454,89 manat (beş min dörd yüz əlli dörd manat səksən doqquz qəpik) əsas borc, 981,88 manat (doqquz yüz səksən bir manat səksən səkkiz qəpik) ƏDV məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82,7 manat (səksən iki manat yetmiş qəpik) olmaqla, ümumilikdə 6519,47 manat (altı min beş yüz on doqquz manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar