Məhkəmə qərarları › İş №e-2-2(113)-6689/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6689/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6689/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “təchizat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “təchizat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət, tərəflər arasında bağlanmış 15 sentyabr 2021ci il tarixli və 01 yanvar 2022-ci il tarixli təchizat müqavilələri üzrə 1200 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 15 sentyabr 2021-ci il tarixli və 01 yanvar 2022ci il tarixli ROV002/22 saylı təchizat müqaqvilələri bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdeh tərəfindən sifariş əsasında sifariş edilən malları sonuncunun mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 3.8-ci maddəsinə görə, iddiaçı müqavilə ilə bağlı cavabdeh tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesabfakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürmüş, həmin müqavilə bağlanan zaman cavabdehin adı "xxxx" MMC olmuş, daha sonradan hüquqi şəxsin məlumatlarında dəyişiklik edilmişdir. 2.2. Müqavilələr üzrə öhdəliklər iddiaçı tərəfindən tam yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, müqavilədə malların dəyərinin elektron qaiməyə əsasən 14 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehə xx.xx.2022-ci il tarixli EBCJ 198695, xx.xx.2022-ci il tarixli EBCJ 198680, xx.xx.2022-ci il tarixli EBCJ 198687, xx.xx.2022-ci il tarixli EBCJ 198691, xx.xx.2022-ci il tarixli EBCJ 198693, xx.xx.2022-ci il tarixli EBCJ 198684, xx.xx.2022-ci il tarixli EBCJ 463164, xx.xx.2022-ci il tarixli EBCA 577315 seriya və nömrəli elektron qaimələr təqdim olunsa da, iki il ərzində cavabdeh tərəfindən həmin qaimələr üzrə ödənişləri tam həyata keçirməmişdir. xx.xx.2022-ci il tarixli EBCA 577315 seriya və nömrəli elektron qaimə üzrə ödəniş isə qismən edilmişdir. 2.3. Beləliklə, 15 sentyabr 2021-ci il tarixli təchizat müqaviləsi və 01 yanvar 2022-ci il tarixli ROV002/22 saylı təchizat müqaviləsi üzrə cavabdehin ƏDV daxil 1200 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Buna baxmayaraq, hazırkı tarixə qədər hər hansı ödəniş olunmamışdır. Odur ki hazırkı ərizə ilə 1200 manat həcmində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələb olunmaqdadır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443-cü və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində ərizələr ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (təchizatçı qismində) ilə "xxxx" MMC (alıcı qismində, hazırkı cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli təchizat müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Təchizatçı Alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür (1.1). Alıcı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Xüsusi Şərtlərə (Kommersiya Şərtlərinə) uyğun olaraq Malın təchizatı müqabilində ödəniş edəcək (3.1). Bütün ödənişlər hesabfaktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir (3.2). Hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür (3.3). Ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir (3.4).

11. Məhkəməyə təqdim edilən iddiaçı (təchizatçı qismində) ilə "xxxx" MMC (alıcı qismində, hazırkı cavabdeh) arasında xx.xx.2022-ci il tarixli ROV002/22 nömrəli təchizat müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Təchizatçı Alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür (1.1). Alıcı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Xüsusi Şərtlərə (Kommersiya Şərtlərinə) uyğun olaraq Malın təchizatı müqabilində ödəniş edəcək (3.1). Bütün ödənişlər hesabfaktura əsasında Alıcı tərəfindən Təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir (3.2). Hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür (3.3). Ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir (3.4).

12. İnternet Vergi İdarəsindən əldə olunan məlumatlardan görünür ki, "xxxx" MMCnin adı Cavabdeh MMC kimi dəyişdirilmişdir.

13. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCA 577315 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 131,33 manat, EBCA 579535 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 177,06 manat, xx.xx.2022-ci il tarixli EBCJ 198687 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 145,63 manat, EBCJ 198691 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 134,91 manat, EBCJ 198693 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 169,36 manat, EBCJ 198695 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 195,31 manat, EBCJ 198680 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 129,87 manat, EBCJ 198684 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 192,92 manat, xx.xx.2022-ci il tarixli EBCJ 463164 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 123,04 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 1399,43 manat məbləğində malın təqdim edilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.

14. İş materiallarına əlavə edilən İnternet Vergi İdarəsinin “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBCA 577315, EBCA 579535, xx.xx.2022-ci il tarixli EBCJ 198687, EBCJ 198691, EBCJ 198693, EBCJ 198695, EBCJ 198680, EBCJ 198684 və xx.xx.2022-ci il tarixli EBCJ 463164 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən təsdiqlənmişdir.

15. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, qeyd olunan elektron qaimələrə istinad olunmaqla xx.xx.2022-ci il tarixdə 131,33 manat və 171,06 manat, xx.xx.2022-ci il tarixdə 192,92 manat, 129,87 manat, 195,32 manat, 169,36 manat, 134,92 manat, 145,64 manat, xx.xx.2022-ci il tarixdə 123, 04 manat dəyərində mallar təhvil-təslim edilmişdir.

16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ROV002/22 nömrəli alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən sifariş əsasında sifariş edilən malları sonuncunun mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təhvil-qəbul aktları və xx.xx.2022-ci il tarixli EBCA 577315, EBCA 579535, xx.xx.2022-ci il tarixli EBCJ 198687, EBCJ 198691, EBCJ 198693, EBCJ 198695, EBCJ 198680, EBCJ 198684 və xx.xx.2022-ci il tarixli EBCJ 463164 seriya və nömrəli elektron qaimələr əsasında ümumilikdə ƏDV daxil olmaqla 1399,43 manat dəyərində mal cavabehə təqdim edilmiş, həmin qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir.

17. İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ROV002/22 nömrəli alqısatqı müqavilələri üzrə malların qalıq dəyəri olan 1200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilələrin 3.2-ci və 3.3-cü bəndləri nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ROV002/22 nömrəli alqı-satqı müqavilələri üzrə cəmi 1200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı eyni zamanda ödənilmiş 32 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********16 nömrəli mədaxil qəbzi ilə 33 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Beləliklə, iddia tələbinin təmin edildiyini, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021-ci il və 01 yanvar 2022-ci il tarixli təchizat müqavilələri üzrə 1200 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar