Məhkəmə qərarları › İş №e-2-2(113)-6702/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6702/2025

25.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6702/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (daşınmaz əmlakın sökülməsi ilə əlaqədar ziyanın ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X5 (VÖEN **********) cavabdeh məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən ona mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın dövlət ehtiyacları məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq tikilinin 258 kv.m-nin hər 1 kv.m-nə 2000 manat hesablanmaq şərtilə ümumilikdə 516000 manat pulun iddiaçı X12 (şəxsiyyət vəsiqəsinin seriya tarixdə Nizami RPİ tərəfindən verilmişdir) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak ona məxsusdur. Həmin daşınmaz əmlak onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, bu barədə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə texniki passport tərtib edilmişdir. Həmin sənəddə daşınmaz əmlakın ümumi sahəsi 258 kv.m qeyd olunmuşdur (yaşayış sahəsi 234.7 kv.m, köməkçi sahə 23.3 kv.m). Qeyd edilən daşınmaz əmlak əlaqədar cavabdeh tərəfindən sökülmüş, əmlakın yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır. Lakin, bununla bağlı cavabdeh tərəfindən bu günədək onun əmlakına vurulmuş ziyana görə hər hansı bir kompensasiya ödənilməmişdir.

3. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbləri əsassız olmaqla rədd edilməlidir. Belə ki, yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar yolun tikintisi altına düşən tikililər köçürülmüşdür. Həmin dövrdə vaxt məhdudiyyəti nəzərə alınaraq yolun tikinti və abadlaşdırma işlərinin layihəsi altına düşən tikililər müxtəlif təşkilat-müəssisə sahibləri tərəfindən sökülərək kənarlaşdırılmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsi hal-hazırda yerləşir. Tikintinin hansı təşkilat tərəfindən sökülməsi barədə məlumat olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3); yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlamaq və həyata keçirmək səlahiyyətinə malikdir (4.9.14) Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göründüyü kimi, iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir və cavabdeh inzibati orqan isə, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək ölkə xaricində olması səbəbindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etiraz ərizəsini müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş texniki passportdan görünür ki, Aqil Quliyev küçəsi, ev 7, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 258 kv.m (yaşayış sahəsi 234.7 kv.m, köməkçi sahə 23.3kv.m) təşkil edən daşınmaz əmlak X3 məxsusdur.

9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun adına aşkar edilməsi barədə arayış verilmişdir.

11. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 806 manat dövlət rüsumu ödənilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak, əmlak (mülkiyyət) hüququ ilə X3 məxsusdur hissəsinin yenidən qurulması layihəsi çərçivəsində sözügedən daşınmaz əmlak sökülmüş və onun yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır.

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

14. “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Broniovski (Brorniowski) Polşaya qarşı” məhkəmə işi üzrə qərarında əks olunmuş hüquqi mövqeyə görə, "134.1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, Razılığa gələn Dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Lakin bu üç norma təcrid halında deyil, bir-biri ilə əlaqəlidir. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır”.

16. Göründüyü kimi, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin nəzərdə tutduğu ən mühüm şərt dövlət orqanları tərəfindən mülkiyyətin toxunulmazlığına yönəlmiş hər hansı bir müdaxilənin hüquqa uyğun olması tələbidir. Qeyd edilən maddənin 1-ci bəndinin 2-ci cümləsi mülkiyyətdən məhrum etməyə yalnız qanunla nəzərədə tutulmuş şərtlərə uyğun olduqda icazə verir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (maddə 386.1). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Beləliklə, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanının 2.4-cü bəndində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) da daxil edilmişdir.

20. Daşınmaz əmlakın bazar qiymətinin müəyyən olunması məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması “X10 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmişdir. Məhkəməyə daxil olmuş mütəxəssis Samir Əliyev tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 131 nömrəli rəyə əsasən, X3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 258 kv.m təşkil edən daşınmaz əmlakın 1 kv.m-nin qiyməti 1500 manat təşkil etməklə hazırkı bazar qiyməti 387000 manat məbləğində müəyyən edilmişdir.

21. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı sözügedən daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş real zərərin həcmini və zəruriliyini sübutlar vasitəsi ilə əsaslandırmışdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi qanuna uyğun aparılmamış, idiaçının ona əmlak hüququ ilə məxsus olan əmlakından məhrum edilməsi, beləliklə iddiaçının əmlak hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. 23 . Məhkəmə AR MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçıya dəyən ziyanın məbləği ümumi sahəsi 258 kv.m təşkil edən daşınmaz əmlakın hər kv.m-ə görə 1500 manat hesablanmaqla, 258 kv.m üçün cəmi 387000 manat müəyyən edilməli, qalan hissədə iddia təmin edilməməlidir. ((258x1500=387000)). 24 . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş 806 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

26. AR MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddır. V. Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh yerləşən əmlak (mülkiyyət) hüququ ilə X3 məxsus daşınmaz əmlakının dövlət ehtiyacları məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq ümumilikdə 387000 (üç yüz səksən yeddi min) manat pul iddiaçı X2 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AZE 13845030, xx.xx.2013-cü il tarixdə Nizami RPİ tərəfindən verilmişdir) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar