Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6737/2023 30.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin cavabdeh “İntenational Centre for Youth Academic and Professional Excellence” MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış İFM-0111/21 nömrəli, xx.xx.2022-ci il tarixli reklam xidmətlərinə dair müqavilə üzrə 3705,20 manat borcun, maddi zərərə görə 1000 manat və ödənilmiş 78 manat dövlət rüsumunun, ümumilikdə 4783,20 manat məbləğində pulun cavabdeh "İnternational Centre for Youth Academic and Professional Excellence" MMC-dən tutularaq iddiaçı "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, "xxxx"MMC İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində xx.xx.2018-ci il tarixində qeydiyyatdan keçmişdir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. "xxxx" MMC fəaliyyətə başladığı gündən etibarən öz işgüzar nüfuzunu qorumaq üçün cəmiyyətdə müsbət imic formalaşdıraraq, vətəndaşların və digər sahibkarlıq subyektlərinin etibarını qazanmışdır. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Cavabdeh "İnternational Centre for Youth Academic and Professional Excellence" MMC ilə iddiaçı "xxxx"MMC arasında İFM-0111/21 nömrəli, xx.xx.2022-ci il tarixli reklam xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx"MMC icraçı kimi sifarişçinin sifarişi əsasında reklam xidmətləri göstərməyi, "İnternational Centre for Youth Academic and Professional Excellence" MMC isə sifarişçi kimi göstərilmiş xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstəriləcək xidmətlər və onların yerinə yetirilmə müddətləri Müqaviləyə əlavə olunan Xidmətlərin təsnifatı və Qiymətlərin razılaşma protokolu (Əlavələri) ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. İFM-0111/21 nömrəli, xx.xx.2022-ci il tarixli Müqaviləyə dair 001 nömrəli Əlavə tərəflər arasında möhür və imzalarla təsdiqlənmişdir. Həmin Əlavədə sifariş olunan reklam lövhələri və onlara dair müvafiq qiymət cədvəli cavabdehə təqdim edilmişdir. Bundan sonra ümumi dəyəri 3705,20 manat miqdarında verilən sifarişlər qüsursuz, tam həcmdə yerinə yetirilərək iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir və bu isə İFM-0111/21 nömrəli, xx.xx.2022-ci il tarixli Müqaviləyə dair 001 nömrəli təhvil aktında öz əksini tapmışdır. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir, bununla bağlı iddiaçıya Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/10-000286 nömrəli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq göstərilən xidmətlərə görə 3705,20 AZN manat məbləğində borcun ödənilməsindəm imtina etdiyinə görə iddiaçı qərara alıb ki, məhkəməyə müraciət etsin. Qanunla müəyyən edilmiş müddətdə cavabdeh “İntenational Centre for Youth Academic and Professional Excellence” MMC-nin ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ.İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, İFM-0111/21 saylı İddiaçı MMC ilə cavabdeh “İntenational Centre for Youth Academic and Professional Excellence” MMC arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilə ilə icraçı sifarişçinin sifarişi əsasında reklam xidmətləri göstərir, sifarişçi isə icraçıya göstərilmiş xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada xidmət haqqını ödəyir. xx.xx.2022-ci il tarixli 001 saylı aktdan görünür ki, İddiaçı MMC “İntenational Centre for Youth Academic and Professional Excellence” MMC-nin sifarişi ilə 3705,20 manat dəyərində işləri yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 78 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/10-000286 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 386.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh borcunu ödəməməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələbi İFM-0111/21 nömrəli, xx.xx.2022-ci il tarixli reklam xidmətlərinə dair müqavilə üzrə 3705,20 manat borc hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 78 manat dövlət rüsumunun ödənilməsi tələbi ilə bağlı hissədə qeyd edir ki, hazırki tələb üzrə dövlət rüsumu 67,06 manat təşkil edir, mediasiya xərci kimi ödənilmiş 60 manat hazırda tələb edilən dövlət rüsumunun 60 manatını əhatə etdiyinə görə ödənilmiş dövlət rüsumunun 7,06 manatın tutulması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı maddi zərərlə bağlı məhkəməyə sübut təqdim etmədiyi üçün iddia maddi zərərə görə 1000 manatın ödənilməsi tələbi hissəsində isə rədd olunmalıdır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdeh “İntenational Centre for Youth Academic and Professional Excellence” MMCdən 3705,20 manat borc və dövlət rüsumu kimi ödənilmiş 7,06 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh “İntenational Centre for Youth Academic and Professional Excellence” MMC-dən 3705,20 manat borc və dövlət rüsumu kimi ödənilmiş 7,06 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6737/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6737/2023
30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver