Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-674/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X7rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə, işgüzar praktika, “respondeat superior”, iddia müddətinin başlanması anı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X7rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X7rşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 avqust 2018-ci il tarixli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 2585,77 manat məbləğində xidmət haqqının və 60 manat mediasiya xərcinin, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 29 avqust 2018-ci il tarixli ***-**** saylı mobil rabitə xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planına əsasən xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin 2023-cü ilin avqust ayına olan dövr üçün iddiaçıya 2585,77 manat ödənilməmiş borcu qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.20233-cü il tarixdə iddiaya yazılı etiraz təqdim edərək, İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X7rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı 06 yanvar 2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək adıçəkilən müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulduğunu, göstərilmiş rabitə xidmətlərinə görə 2587,77 manat məbləğində borcun yarandığını və bu borcun 10 iş günü müddətində ödənilməsini bildirmişdir. Müvafiq pretenziya məktubu ilə bağlı iddiaçı ilə işçi qaydada əlaqə saxlanılmış və bu zaman cavabdehə müqaviləyə 1 saylı qoşmada öz əksini tapmayan əlavə nömrələrin olduğu bildirilmiş və onların siyahısı “Excel” cədvəlində təqdim edilmişdir. Pretenziya məktubuna cavab olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli 3-44-14/2-3/16-273/2022 nömrəli məktub göndərilmiş və qeyd edilmişdir ki, müqaviləyə 1 saylı qoşmaya əsasən, cavabdehin işçilərinin xidmət istifadəsi üçün 60 ədəd əlaqə nömrəsi təqdim olunmuşdur. Lakin cavabdehə təqdim olunan əlaqə nömrələrinin əks olunduğu “Excel” cədvəlinə əsasən ödənilməli olan 2587,77 manat borc məbləğinin 402 ədəd əlaqə nömrəsinə mütənasib olaraq yarandığı müəyyən olunmuşdur. Pretenziya məktubunda qeyd edilən borc məbləğinin formalaşdığı tarix aralıqları ilə bağlı isə heç bir məlumat əks olunmamışdır. Sözügedən məsələ ilə bağlı münasibət bildirmələri iddiaçıdan xahiş edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan məktuba heç bir münasibət bildirilməmişdir. 5.2. Müqavilə bəndlərindən görünür ki, cavabdehə təqdim olunan telefonların, cihazların, ödəmə və kontur kartı və ya digər rabitə xidmətlərinin dəyəri müvafiq əlavə(lər) ilə müəyyən edilməli və təhvil-təslim aktı əsasında təqdim olunmalı idi. Lakin iddiaçı tərəfindən cavabdehə “Excel” cədvəlində göstərilən 402 nömrədən yalnız 60 nömrənin verilməsinə dair sənəd təqdim olunmuşdur, digər nömrələrin iddiaçıya təqdim olunmasına dair heç bir sənəd və ya təhvil-təslim aktı göndərilməmişdir. 5.3. Həmçinin tərəflər arasında imzalanmış müvafiq müqaviləyə əsasən, iddiaçının öhdəliklərindən biri kimi də hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ay ərzində göstərilmiş xidmətlərə görə hesabı və izahlı qaiməni cavabdehə təqdim etmək müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən bu öhdəlik pozulmuş, cavabdehə təqdim olunmuş xidmətlərə dair hesab və izahlı qaimə iddiaçı tərəfindən göndərilməmişdir. Eyni zamanda müqaviləyə əsasən, iddiaçının istifadə edilməyən nömrələri cavabdehi xəbərdar etmədən üçüncü şəxslərə vermək səlahiyyəti olmuşdur. Lakin xidmətlərə dair hesab və izahlı qaimə, təhvil-təslim aktı göndərilmədiyi üçün cavabdeh hansı nömrələrin, hansı müddət ərzində istifadə edildiyi və borcun dəqiq yaranma tarixi barədə məlumat əldə edə bilməmişdir. Həmçinin Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. Əgər borc məbləğinin hansı müddətdə yarandığı məlum olarsa, iddiaçının borc məbləği üzrə məhkəməyə müraciət etməsi də qanunsuz və əsassız hesab oluna bilər.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6615/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış 29 avqust 2018-ci il tarixli müqaviləyə əlavədə qeyd edilən 60 mobil nömrə ilə yanaşı, cavabdehin istifadəsinə digər nömrələr də verilmişdir. Belə ki, tərəflər arasında yaranmış işgüzar praktika müqavilənin 1.5-ci bəndinə uyğun olaraq mobil nömrələrin elektron qaydada tələb edilməsi və aktivləşdirilməsi şəklində olmuşdur. İddiaçının sisteminə cavabdehin nümayəndəsi tərəfindən bu barədə müraciət edilmiş, iddiaçı isə həmin müraciətlərə müsbət yanaşmış, mobil nömrələri təqdim etmişdir. Lakin təqdim edilmə təhvil-təslim aktları ilə rəsmiləşdirilməmişdir. Müraciətlərin elektron qaydada qəbul edilməsi və baxılmasının məqsədi də məhz kağız sərfiyyatının, yazılı rəsmiləşdirmənin aradan qaldırılması olmuşdur. Müraciətlərin elektron qəbulu imkanı isə birbaşa 29 avqust 2018-ci il tarixli müqavilənin 1.6-cı bəndində təsbit olunmuşdur.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, borc məbləği (1) 29 avqust 2018-ci il tarixli müqaviləyə əlavə olunan 60 nömrədən 2 nömrə, (2) elektron müraciət nəticəsində təqdim edilən nömrələr və (3) elektron müraciəti aşkarlanmamış, lakin cavabdehin istifadəsinə verilmiş nömrələr olmaqla üç qrup nömrədən yaranmışdır.
9. Cavabdehin nümayəndəsinin 2 ədəd mobil nömrə (**********, 5********) üzrə borcun müqavilənin 1 saylı əlavəsində müəyyən edilən 1 manatlıq limitdən çox olması ilə bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, müqaviləyə 1 saylı əlavədə əks olunan nömrələr üçün müəyyənləşdirilən limitlər danışıq limitləridir. Belə ki, 2 saylı qoşmada digər xidmətlər və onların dəyəri əks olunmuşdur. Bu səbəbdən mobil nömrənin limitdən artıq borcu olması digər xidmətlərdən istifadə olunduğunu göstərir.
10. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, müqaviləyə əlavədə əks olunan 60 mobil nömrə istisna olmaqla digər nömrələrin təqdim edildiyini cavabdeh qəbul etmir. Sirac Hümbətov 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlinədək cavabdehin departament müdiri olsa da, 29 avqust 2018-ci il tarixli müqavilədə əlaqələndirici şəxs kimi göstərilsə də, o, mobil nömrələrin tələb edilməsi üçün 29 avqust 2018-ci il tarixli müqavilənin 1.6-cı bəndində göstərilən “səlahiyyətli şəxs” hesab oluna bilməz. Həmçinin mobil nömrələrin verilməsi ilə bağlı təhvil-təslim aktı da iş materiallarına əlavə edilməmişdir. Məhkəməyə təqdim edilən elektron poçtla yazışmalardan isə görünür ki, Sirac Hümbətov “Hənifə xanımın ailəsi üçün 5 nömrə lazımdır” qeyd edir. Bu isə həmin nömrələr üzrə cavabdehin məsuliyyətinin olmadığını göstərir.
11. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, cavabdeh nizamnaməsində göstərilən məqsədlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə ki, fiziki və hüquqi şəxslərə göstərilən ayrı-ayrı laborator xidmətlər ödənişli qaydada həyata keçirilir, onlardan xidmət haqqı alınır. Eyni zamanda iddia müddəti ilə bağlı izah edildi ki, hər bir mobil nömrə üzrə 3 illik iddia müddəti ayrı-ayrılıqda hesablanmalıdır.
12. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.20233-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, əgər 2018-ci ildə bağlanmış müqaviləyə görə borc yaranıbsa, bu borcun yaranma tarixi barədə iddiaçı cavabdehə vaxtında məlumat verməli idi. Lakin bu barədə cavabdehə 2023-cü ilin yanvar ayında (pretenziya məktubu ilə) bildirilmişdir. Əgər iddia edilən borc məbləği, həqiqətən, cavabdehə aiddirsə, bu borcun yaranmasından 4 ildən çox müddət ötmüşdür. Bu səbəbdən də (iddia müddəti ötdüyündən) İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X7rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasından imtina barədə qətnamə çıxarılmalıdır.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sözügedən müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılan 60 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və xidmət haqqını vaxtlıvaxtında ödənməyi öz öhdəsinə götürmüşdür. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı əlavə ilə razılaşdırılmışdır.
17. İddiaçı 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsi üzrə cavabdehin istifadəsinə verilmiş 402 mobil nömrə üzrə ümumilikdə 2585,77 manat məbləğində xidmət haqqının tutulmasını tələb edir, təqdim etdiyi maliyyə arayışı və ona əlavə olunan sənədlərlə 402 mobil nömrədən 2 nömrənin 29 avqust 2018-ci il tarixli ***- **** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasındakı nömrə, 318 nömrənin elektron müraciət əsasında cavabdehə verilmiş nömrə, 82 nömrənin isə cavabdehin istifadəsində olan, lakin sonuncuya verilməsi təsdiq oluna bilməyən nömrə olduğunu iddia edir.
18. Cavabdeh 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsi yalnız 60 nömrənin təqdim edildiyini, xidmət haqqı tələb olunan digər 400 nömrənin cavabdehə təhvil verilmədiyini (bu barədə təhvil-təslim aktlarının iş materiallarında mövcud olmadığını), Sirac Hümbətovun iddiaçıdan cavabdehin nümayəndəsi kimi elektron qaydada nömrə tələb etmək səlahiyyətinin olmadığını, 29 avqust 2018-ci il tarixli müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbinə dair iddia müddətinin ötdüyünü bildirir.
19. Məhkəmə qeyd edir ki, işin mübahisəli hallarına müvafiq olaraq hazırkı kommersiya mübahisəsi üçün müəyyən edilməlidir: 1) 400 ədəd mobil nömrənin cavabdehin istifadəsinə verilib-verilməməsi; 2) iddia tələbi üzrə iddia müddətinin ötübötməməsi.
20. Birinci müəyyən edilməli hal – 400 ədəd mobil nömrənin cavabdehin istifadəsinə verilib-verilməməsi ilə bağlı aşağıdakıların göstərilməsi zəruridir.
21. Məhkəməyə təqdim edilən xx.xx.2018-ci il tarixli müştəri məlumat blankından görünür ki, “cavabdehin vebsayt və “email” sətrində “Elektron ünvan ” elektron poçtu, cavabdehin əlaqələndici şəxsi qismində isə Hümbətov Sirac göstərilmişdir.
22. İş materiallarında olan 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1.5-ci bəndində əsasən, bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azaldılması “Korporativ Abunəçi”nin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər.
23. İş materiallarına əlavə edilən “Elektron ünvan ” elektron poçtuna və ya elektron poçtundan ünvanlanan yazışmalarından görünür ki: – 08 oktyabr 2018-ci il tarixdə iddiaçı tərəfindən 100 ədəd mobil nömrənin (XXXX) aktivləşdirilməsinin təsdiq edilməsi xahiş edilir, Sirac Hümbətov tərəfindən həmin nömrələrin aktiv edilməsi təsdiq edilir; – 12 oktyabr 2018-ci il tarixdə Sirac Hümbətov tərəfindən siyahısı əlavədə olan 114 ədəd mobil nömrənin (XXXX) gün ərzində çatdırılması xahiş olunur, 16 oktyabrda iddiaçının nümayəndəsi həmin nömrələrin aktivləşdirilməsinin təsdiq edilməsini xahiş edir, həmin gün Sirac Hümbətov tərəfindən nömrələrin 1 AZN limitlərlə aktiv edilməsi təsdiqlənir; – 13 noyabr 2018-ci il tarixdə iddiaçı tərəfindən 18 ədəd (552540101, 552060011, 552202100, 552520413, 552520421, 552520445, 552520449, 552520470, 552520495, 552520546, 552520578, 552520579, 552520650, 552520671, 552520674, 552520683, 552520715, 5********) mobil nömrənin aktiv edilməsi xahiş edilir, həmin gün Sirac Hümbətov tərəfindən nömrələrin aktivləşdirilməsi təsdiq edilir; – 12 avqust 2021-ci il tarixdə Sirac Hümbətov nömrə sifarişlərinin hazırlandığını və günün sonuna kimi təqdim ediləcəyini iddiaçıya bildirir, 16 avqust 2021-ci il tarixdə iddiaçının nümayəndəsi 123 ədəd nömrənin (XXXX) qısa zamanda təqdim olunacağını bildirir, 201 ilə başlayan 5 ədəd nömrənin (552019354, 552019355, 552019356, 552019357, 5********) tarifinin müəyyənləşdirilməsini təklif edir, 19 avqust 2021-ci il tarixdə Sirac Hümbətov 1 ədəd (**********) nömrənin də siyahıya əlavə olunmasını xahiş edir, digər nömrələrin tarifləri ilə bağlı suallar verir, həmin gün iddiaçının nümayəndəsi təqdim edilən nömrələrlə bağlı tariflər barədə məlumat verir.
24. Məhkəməyə təqdim edilən 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasından görünür ki, cavabdehə təhvil verilməli 60 ədəd mobil nömrə (XXXX) üzrə tariflər razılaşdırılmışdır.
25. İş materiallarında olan 29 mart 2023-cü il tarixli maliyyə arayışına qoşma kimi əlavə edilən borca dair məlumatdan görünür ki: – 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə (554147443, 5********) üzrə borc 19,38 manat təşkil edir; – Elektron müraciət əsasında ayrılmış 318 ədəd mobil nömrə (XXXX) üzrə borc 2251,16 manat təşkil edir; – Ayrılması barədə elektron müraciət aşkar edilməmiş 82 ədəd (XXXX) mobil nömrə üzrə borc 315,23 manat təşkil edir.
26. Beləliklə, təqdim edilən sübutları müqayisəli təhlil etdikdə aydın olur ki, iddiaçı ilə cavabdeh arasında 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1.5-ci bəndi ilə bağlı (bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azaldılması “Korporativ Abunəçi”nin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər) formalaşmış işgüzar praktika cavabdehin nümayəndəsi (xx.xx.2018-ci il tarixli müştəri məlumat blankında cavabdehin əlaqələndici şəxsi qismində təsbit olunmuş Hümbətov Sirac) tərəfindən elektron poçtla yazışma qaydasında nömrələrin seçilməsi (sifariş edilməsi), nömrələr təhvil alındıqdan sonra iddiaçının nümayəndəsinin onları aktivləşdirmək üçün cavabdehin nümayəndəsindən təsdiq istəməsi və cavabdehin həmin nömrələri aktiv edilmək üçün təsdiqləməsi formasında olmuşdur. Bu qaydada adıçəkilən müqaviləyə 1 saylı qoşmada göstərilən 60 nömrədən başqa 361 ədəd (§23-də göstərilən: 100+114+18+123+5+1=361) nömrə cavabdehin istifadəsinə verilmişdir və hazırda xidmət haqqı tələb edilən və maliyyə arayışının qoşmasının “elektron müraciət əsasında ayrılmış nömrələr üzrə borc” qrafasında istinad edilən 318 ədəd nömrə də məhz həmin 361 nömrənin içində olmuşdur.
27. Cavabdehin Sirac Hümbətovun səlahiyyətli şəxs olmaması ilə bağlı arqumentlərinə gəldikdə isə göstərilməlidir ki, publik hüquqi şəxslər dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatlar kimi təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən subyektlərdir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
28. Bu mənada xx.xx.2018-ci il tarixli müştəri məlumat blankında əlaqələndirici şəxs kimi Sirac Hümbətov göstərilmiş, onun “gov.az” domenli elektron poçtuna cavabdehin “email”i kimi istinad edilmiş, 08 oktyabr 2018-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək bütün yazışmalar məhz rəsmi “gov.az” domenli elektron poçt ilə aparılmış, yazışma sonluqlarında X4 texnologiyaları və innovativ həllər departamentinin müdiri olduğu göstərilmişdir. Bütün bu hallar iddiaçının vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etdiyi və iddiaçı tərəfindən cavabdehin nümayəndəsinin, həqiqətən, cavabdehi təmsil etdiyi qənaətinə gəlinməsinin əsaslı olduğunu göstərir.
29. Lakin iddiaçı 82 ədəd mobil nömrəni 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsində nəzərdə tutulmuş qaydada və ya hər hansı digər əsasla cavabdehin istifadəsinə verməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki cavabdeh 2 mobil nömrə (29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə: 554147443, 5********) istisna olmaqla digər 400 mobil nömrənin təhvil verildiyini qəbul etmədiyindən 82 mobil nömrənin müvafiq yazılı məktub və ya elektron müraciət əsasında cavabdehin istifadəsinə verildiyini və ya hər hansı digər əsasla (müqavilədən kənar qaydada) cavabdehin həmin mobil nömrələrdən istifadə etdiyini sübutetmə vəzifəsini də iddiaçı daşıyır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mübahisəli 400 mobil nömrədən 318 mobil nömrə cavabdehin istifadəsində olmuş, göstərilən xidmətlər üzrə müvafiq borclar yaranmışdır.
31. İkinci müəyyən edilməli hal – iddia tələbi üzrə iddia müddətinin ötübötməməsi ilə bağlı aşağıdakıların göstərilməsi zəruridir.
32. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
33. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
34. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
35. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
36. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
37. Məhkəmə elektron poçt yazışmalarına istinadla qeyd edir ki, sonuncu mobil nömrə (**********) 19 avqust 2021-ci il tarixdə cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlandığı andan həmin tarixədək isə tərəflər arasında öhdəlik münasibəti davamlı xarakterdə olmuş, müxtəlif mobil nömrələr cavabdehə təqdim edilmiş, onların tariflərində dəqiqləşdirmələr aparılmışdır.
38. Sonuncu mobil nömrənin təqdim edilmə tarixindən (19 avqust 2021-ci il) hesablandıqda isə xidmət haqqının tələb edilməsi üçün üç illik iddia müddətinin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edildiyi tarixə (xx.xx.2023-cü il) başa çatmadığı aydın olur.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir.
40. Cavabdehin 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə (554147443, 5********) üzrə həmin qoşmada limitin 1 manat müəyyən edildiyi və faktiki borc məbləğinin limiti keçdiyi ilə bağlı arqumentlərinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən müqavilənin 2 saylı qoşmasına nəzər saldıqda görünür ki, 1 manat hər bir “business freedom” tarifli nömrə üçün aylıq abunə haqqı kimi göstərilmiş, həmin tarifli nömrələr üçün şəbəkədaxili və xarici zənglərin, ölkədaxili internetin də qiymətləri müəyyən edilmişdir. Bu mənada limit aylıq abunə haqqını göstərməklə, iddiaçının təqdim etdiyi digər xidmətlərdən istifadəni məhdudlaşdırmamış, korporativ abunəçinin işçiləri tərəfindən digər xidmətlərdən (şəbəkədaxili və xarici zənglər, ölkədaxili internet və s.) istifadə zamanı borcun yaranmasına mane təşkil etməmişdir.
41. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
42. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
45. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 129 avqust 2018-ci il tarixli ***- **** nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
46. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
47. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
48. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.
49. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
50. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
51. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
53. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
54. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
55. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə üzrə 19,38 manat və cavabdehin elektron müraciəti əsasında təqdim edilən 318 mobil nömrə üzrə 2251,16 manat xidmət haqqının tutulması hissəsində əsaslıdır.
56. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 29 avqust 2018-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 2270,54 (19,38 + 2251,16) manat məbləğində pul cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X8 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
57. İddia ərizəsində iddiaçı 60 manat mediasiya xərcinin, 320 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
58. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, XXXX nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəniş etmişdir.
59. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
60. Məhkəmə qeyd edir ki, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir.
61. Digər tərəfdən, məhkəməyə təqdim edilən 29 yanvar 2024-cü il tarixli TT24029QYS52 nömrəli qəbzdən görünür ki, 320 manat məbləğində hüquqi yardım xərci 020 saylı müqavilə üzrə XXXX hesabına köçürülmüşdür.
62. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir.
64. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
65. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, keçirilən iclasların sayını və müddətini, iddianın faktiki əsası ilə bağlı sübutların əsas hissəsinin məhkəmə icraatının gedişində təqdim olunduğunu nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 320 manat xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
66. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul cavabdeh XXXX tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə XXXX X11 arasında bağlanmış 29 avqust 2018-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 2270 (iki min iki yüz yetmiş) manat 54 (əlli dörd) qəpik məbləğində pul cavabdeh XXXX X8 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul cavabdeh XXXX X8 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova