Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6746/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh2 (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 131,96 AZN (yüz otuz bir manat doxsan altı qəpik) məbləğində borcun və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, ekassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında NBA-91455-001 saylı 18 sentyabr 2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilələrə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən Cavabdehə göstərilmiş xidmətlərə görə Cavabdehin İddiaçıya ümumilikdə 202.96 AZN (iki yüz iki manat doxsan altı qəpik) borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin 71 AZN (yetmiş bir manat) hissəsini ödəmiş və İddiaçı tərəfindən Cavabdehə məxsus nəzarət-kassa aparatına göstərilən xidmətə görə Cavabdehin ümumilikdə 131.96 AZN (yüz otuz bir manat doxsan altı qəpik) borcu qalmışdır. Tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, müqaviləyə yalnız online kassa cihazı qeydiyyatdan çıxarıldıqdan sonra xitam verilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NBA-91455-001 nömrəli xidmət müqaviləsinə əsasən İcraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən Aylıq servis xidmətinə daxil olan xidmətlərin tam siyahısı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1 göstərilmişdir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi göstərilən servis xidməti üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin ödənişini elektron qaimə faktura təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində pul vəsaitinin İcraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən göstərilən hər bir xidmətin ödənişi aşağıda qeyd olunan sənədlərə əsasən həyata keçirilir: 2.3.1. xidmətlərin göstərilməsi barədə akt 2.3.2.qiymətlərin razılaşma protokolu 2.3.3.elektron qaimə faktura
11. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NBA-91455-001 nömrəli xidmət müqaviləsinə Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolu adlı 1 nömrəli əlavəyə əsasən NKA göstərilən aylıq servis xidməti ədv daxil 16.52 manat dəyərində razılaşdırılmışdır.
12. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NBA-91455-001 nömrəli xidmət müqaviləsinə Texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokolu adlı 2 nömrəli əlavəyə əsasən kassa qeydiyyatı+Token ədv daxil 70.80 manat dəyərində razılaşdırılmışdır.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDP 545326 nömrəli 70,80 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 447201 nömrəli 16,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDW 025441 nömrəli 16,52 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEA nömrəli 978322 nömrəli 16,52 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 680551 nömrəli 16,52 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEC 467824 nömrəli 16,52 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBED 603001 nömrəli 16,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDT 838766 nömrəli 16,52 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDR 543370 nömrəli 16,52 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
14. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən tərəflər arasında imzalanmış arasında imzalanmış NBA-91455-001 saylı 18 sentyabr 2023-cü il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh2 göstərilmiş xidmətlərə görə Cavabdeh2 İddiaçı MMC-yə müvafiq olaraq 202.96 AZN (iki yüz iki manat doxsan altı qəpik) borcu mövcud olmuşdur. Cavabdeh2 həmin borc məbləğinin 71 AZN (yetmiş bir manat) hissəsini ödəmiş və İddiaçı MMC tərəfindən Cavabdeh2 məxsus nəzarət-kassa aparatına göstərilən xidmətə görə Cavabdeh2 ümumilikdə 131.96 AZN (yüz otuz bir manat doxsan altı qəpik) borcu qalmışdır.
15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6746/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının icrası barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-199223/2025 nömrəli məktubuna əsasən vergi ödəyicisi olan Cavabdeh2 barədə vergi ödəyicisinin təsərrüfat obyektində qeydiyyatda olan: NKA marka (modeli)- PAX A620 NKA-nın zavod nömrəsi ********** NMQ-nin qeydiyyat nömrəsi ********** NKA-nın qeydiyyata alındığı tarix xx.xx.2023-cü il NKA-nın vəziyyəti – Qeydiyyat aktı işlənilib (NKA qeydiyyatdadır) NMQ-yə yazılmış sertifikatın bitmə tarixi- xx.xx.2026-cı il.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın:
25. 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərindən istifadə olunur.
26. 4.1-ci bəndinə əsasən operator sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud NKA barədə məlumatları (model və zavod nömrəsi) portal üzərindən Nazirliyin informasiya sisteminə daxil edir.
27. 4.4-cü bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır.
28. 4.5-ci bəndinə əsasən operator Nazirliyin informasiya sisteminə daxil edilmiş və nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş NKA-nı yalnız vergi orqanında uçota alınmış təsərrüfat subyekti (obyekti) olan hüquqi şəxs və ya fərdi sahibkara təqdim edə bilər.
29. 7.2.10-cu bəndinə əsasən istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək operatorun vəzifəsidir.
30. 8.3.14-cü bəndinə əsasən operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq istifadəçinin vəzifəsidir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli NBA-91455-001 nömrəli müqavilə imzalanmış, iddiaçı onlayn kassa qeydiyyatı, quraşdırılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi xidmətlərini göstərmiş, cavabdeh tərəfindən isə həmin xidmətlərin dəyəri tam şəkildə ödənilməmişdir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 131,96 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilmədir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 131,96 manat əsas borc, 30 manat dövlət rüsumu, ümumilikdə 161,96 (bir yüz altmış bir manat doxsan altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova