Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-675/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh Vulkan” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Qaradağ rayonunun, Qızıldaş qəsəbəsində yerləşən karxana ərazisində Cəmiyyətin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından və onun içərisində olan və ona gələn dəmir yol xəttlərindən istifadəyə maneələrin aradan qaldırılaraq, qanunsuz müdaxilələr nəticəsində sökülmüş dəmir yolu xəttlərinin əvvəlki vəziyyətinin öz vəsaiti hesabına bərpa olunması öhdəliyinin Cavabdeh ASC-nə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC hələ keçmiş Sovet dövrünün 50-ci illərində yaradılmış və uzun müddət dövlət müəssisəsi kimi fəaliyyət göstərən “Mərifət Nəzərov adına Tikinti Materialları Kombinatı”nın bazasında yaradılmışdır. İddiaçı ASC Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamı ilə İİ X1 uyğun olaraq tam özəlləşdirilmişdir və 100 % səhmə malikdir ki, həmin səhmlər də ayrı-ayrı şəxslərə məxsusdur. Cəmiyyət özəlləşdirilərkən onun emissiya prospekti təsdiq olunan zaman, dövlət müəssisəsi olaraq texniki pasportu da tərtib olunmuşdur. Həmin texniki pasportda onun daşınmaz əmlakları öz əksini tapmışdır. Həmin əmlaklardan biri də Qaradağ rayonunun, Qızıldaş qəsəbəsində yerləşən karxana ərazisində olan və Cəmiyyətin inzibati binası ilə üzbəüz dəmir yolu yükləmə-boşaltma meydançasıdır. Həmin meydança Cəmiyyətə məxsus olan daşınmaz əmlak olaraq yuxarıda da qeyd edildiyi kimi hələ dövlət müəssisəsi olan zaman Əmlak Komitəsi tərəfindən tərtib olunmuş texniki pasportda da öz əksini tapmışdır. Təxminən 5 il bundan əvvəl qonşuluqda yerləşən və fəaliyyət göstərən və vaxtilə yuxarıda adı qeyd olunan “Mərifət Nəzərov adına Tikinti Materialları Kombinatı”ndan ayrılan Cavabdeh ASC Azərbaycan Respublikası Əmlak Komitəsinin Reyestr Xidmətinə qarşı sözügedən dəmir yolu yükləmə-boşaltma meydançasının onun texniki pasportuna daxil edilməsi və həmin meydançaya dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə bizim Cəmiyyət də üçüncü şəxs qismində işə cəlb olunmuşdur. 5 il ərzində məhkəmə araşdırılmaları aparılmış, lakin bu müddət ərzində Cavabdeh ASC meydançanın ona məxsus olmasını sübut edə bilməmiş və nəticədə iddia ərizəsini geri götürmüşdür. Cavabdeh ASC-nin işçiləri həmin ərazidə olan metal konstruksiya materiallarını, körpü kranını, ərazidə olan dəmir yolu xəttini və metal hissələrini qanunsuz olaraq söküb doğrayaraq satmağa cəhd göstərmiş və bununla da bizim Cəmiyyətin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq bu hüquqazidd hərəkətlərini davam etdirirlər. Onlar gecə ilə gəlib söküntü işləri aparırlar ki, bununla da Cəmiyyətin əmlaklarına ciddi real təhlükə yaradırlar. Bu barədə tərəfimizdən hüquq mühafizə orqanlarına məlumat verilməsinə baxmayaraq, təəssüf ki, hər hansı ciddi tədbirlər görülməmişdir. Eyni zamanda həmin yükdaşıma və boşaltma meydançasından istifadə etməklə dəmir yolu vasitəsilə Qarabağın işğaldan azad olunmuş ərazilərinə mişar daşı tədarükü planlaşdırılır. Lakin bu cür qanunsuz hərəkətlər Cəmiyyətin əmlaklarının məhv olunması ilə yanaşı, belə bir mötəbər və dövlət əhəmiyyətli layihənin pozulmasına da səbəb olur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Vulkan” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə isə iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
8. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
10. Məhkəmə qeyd edir ki, iddia şərti olaraq aşağıdakı 2 hissədən ibarətdir :
1. İddiaçı ASC-nin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından və onun içərisində olan və ona gələn dəmir yol xəttlərindən istifadəyə maneələrin aradan qaldırılması;
2. Sökülmüş dəmir yolu xəttlərinin əvvəlki vəziyyətinin öz vəsaiti hesabına bərpa olunması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması.
11. Məhkəmə hazırkı mübahisənin həlli baxımından hesab edir ki, ilk növbədə iddianın 2-ci hissəsinə qiymət verilməlidir.
12. Ona görə də, öncə müəyyən edilməli olan məqam iddiaçının istifadəsinə dəmir yolu xəttlərinin verilib-verilməməsi təşkil edir.
13. İş materiallarına əlavə edilmiş ******* saylı çıxarışdan görünür ki, İddiaçı ASC-nə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsində 1.6777 ha istifadəsində olan torpaq sahəsində yerləşən 6371 kv.m ümumi, 4793.1 kv.m əsas, 1577.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə ona məxsusdur.
14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 30 avqust 2000-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh tikinti materialları kombinatının bazasında Cavabdeh ATSC yaradılmışdır.
15. İş materiallarına əlavə edilmiş Cavabdeh tikinti materialları kombinatının özəlləşdirilmə planına (emissiya prospekti) 01 aprel 2000-ci il tarixə əsas vəsaitlərin inventarlaşdırma və qiymətləndirmə aktı adlı əlavə 11-dən görünür ki, dəmir yolu xətti məhz qeyd olunan hüquqi şəxsin balansındadır.
16. Həmçinin qeyd edilmiş özəlləşdirilmə planına əlavə edilmiş Cavabdeh səhmdar cəmiyyəti haqqında məlumatdan görünür ki, istifadəsinə 134 ha torpaq sahəsi vardır.
17. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yük meydançası estakadası, ümumi uzunluğu 5.420 metr olan dalan dəmiryolu xətti qiymətləndirilən əmlakın tərkibində Cavabdeh ASC-nin nizamnamə kapitalına daxil edilmiş və 68.431,8 kv olan yüklənmə meydançası da, daxil olmaqda ümumi sahəsi 134 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir.
18. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh ATSC-nə məxsus dalan dəmir yoluna dair 2004-cü ilin noyabr ayında Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən RB- 1/020 saylı pasport tərtib edilmişdir.
19. Məhkəmə iclasında dəmir yolunun iddiaçıya aid olması ilə bağlı hər hansı bir sənədin olub-olması halı araşdırılmış və iddiaçı tərəf də, öz növbəsində dəmir yolunun cavabdehə aid olduğunu və dəmir yolu ilə bağlı iddiaçının hər hansı bir sənədi olmadığını bildirmişdir.
20. Qeyd edilmiş sənədlərdən və məhkəmə iclasında araşdırılmış hallardan görünür ki, dəmir yolunun ona aid olması ilə bağlı iddiaçı hər hansı bir sənəd təqdim edə bilməmiş, dəmir yolunun cavabdehə aid olması halını qəbul etmişdir.
21. Göründüyü kimi, qeyd edilmiş dəmir yolu məhz cavabdehə aiddir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia “sökülmüş dəmir yolu xəttlərinin əvvəlki vəziyyətinin öz vəsaiti hesabına bərpa olunması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması” hissəsində əsassızdır və təmin edilə bilməz.
23. Bundan sonra Məhkəmə iddianın 1-ci hissəsi olan İddiaçı ASC-nin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından və onun içərisində olan və ona gələn dəmir yol xəttlərindən istifadəyə maneələrin aradan qaldırılması” hissəsinə qiymət verilməsini zəruri hesab edir.
24. Yuxarıda da, qeyd edildiyi kimi, İddiaçı ASC-nin balansında ümumiyyətlə dəmir yolu xətləri yoxdur və qeyd edilən dəmir yolu xətləri məhz Cavabdeh ASC-yə aiddir.
25. Bundan başqa da, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf İddiaçı ASC-nin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, hazırda İddiaçı ASC-nin mülkiyyətində olan hər hansı bir əmlakla bağlı, Cavabdeh ASC tərəfindən maneələrin yaradıldığına dair sübutlar təqdim edə bilməmişdir.
26. Bundan başqa da, iddiaçı tərəf məhkəmə iclasında hal-hazırda Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan hər hansı bir əmlakdan istifadəyə maneələrin yaradılmadığını, ancaq gələcəkdə yarada biləcək maneələrin qarşısını almaq üçün iddia qaldırdığını bildirmişdir.
27. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə də, iddia təmin oluna bilməz.
28. Belə ki, neqator iddianın təmin edilməsi üçün zəruri olan 2-ci şərt yəni “əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli” şərti də hazırkı halda mövcud deyildir.
29. Nəzərə alınmalıdır ki, bu tip iddialar hər hansı bir əsas olmadan, ehtimallara əsaslanıb sonsuz sayda şəxlərə qarşı da, ünvanlana bilərdi.
30. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov