Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6772/2025 13.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, 10570.73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də qazdan istifadə etdiyim müddət ərzində vaxtlı vaxtında qaz pulu ödəmişəm. ”Azəriqaz “İstehsalat Birliyinin işçiləri 2012-ci ilin dekabr ayında, 2013-cü ilin yanvar, fevral aylarında, 2015-ci ilin oktyabr, noyabr və dekabr aylarında, 2016-cı ilin yanvar, fevral, mart, sentyabr, oktyabr və noyabr aylarında, həmçinin 2023-cü ilin noyabr aylarında Sumqayıt Ağac Emalı” ASC gələrək qaz sayğacına baxış keçirib və 10570.73 manat (on min beş yüz yetmiş manat yetmiş üc qəpik ) əsassız cərimə yazmışdırlar. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq indiyə kimi hər hansı bir cərimə və aktla bağlı tərtib olunan sənəd mənə təqdim olunmayıb. Nəzərinizə catdırmaq istəyirəm ki, qaz sayğacı müəssədən xeyli aralıqda yerləşdiyindən Cavabdeh İB-nin əməkdaşlarının hər dəfə gəlib sayğaca baxıb nə iş gördüklərindən ümumiyyətlə xəbərim olmur. Bu barədə mənim xəbərim son vatı olmuş və qaz idarəsinə müraciət edən zaman mənə bildirmişdirlər ki, narahat olma özümüz abonent bazasından siləcəyik. Lakin hazırki vaxta kimi silinməmişdir. Qanunvericiliyin tələblərinə görə isə sayğaca baxış kecirəndə, yoxlama aparanda və ya hər hansı akt tərtib olunanda müəssədən məsul şəxs və ya nümayəndənin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “X1”nın 3.1.4-cü bəndinə əsasən Qaz Paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 gün əvvəl xəbərdar etməlidir. Vaxtı-vaxtında işlətdiyimiz qazın pulunu ödədiyimə baxmayaraq qanunsuz və əsassız yazılmış 10570.73 manat cəriməni məndən tələb edir və qazımı tez-tez kəsirlər. Bir daha bildirirəm ki,dəfələrlə Qaz İdarəsinə getsəm də mənim müraciətimə baxmadılar. Yazılan cərimə aktı, protokol və ya digər sənəd belə mənə vermədilər. Pozuntunun nədən ibarət olması barədə heç bir açıqlama verilmir. Qaz İdarəsi məhkəməyə belə sənəd təqdim etmək üçün mənə hər hansı sənəd təqdim etmədi. Asan Xidmət mərkəzinə müraciət etsəm də onlar da hec bir cərimə aktının olmadığını bildirdilər. Məhz bu səbəbdən Hesab edirəm ki, yazılan cərimə qanuna zidd və əsassız yazılıb. Mən hec bir sənədə, akta imza etməmişəm, aktın surəti mənə verilməyib və qanunsuz yazılmış cərimə ilə razı deyiləm.. Hesab edirəmki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında yazılmış Ümumilikdə 10570.73 manat borc əsassızdır.
3. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış obyektində müxtəlif illərdə qaz təchizatına (**********00000) əməkdaşlarımız tərəfindən dövlət yoxlaması aparılmış və nöqsanlarla bağlı aktlar tərtib olunmuşdur. Yoxlama zamanı illər üzrə tərtib olunan Aktlar aşağıdakılardı: Dövlət yoxlamasına əsasən;2012-ci ilin oktyabr ayı 311.10 manat. 2012-ci ilin noyabr ayı 658.80 manat. 2012-ci ilin dekabr ayı 420.90 manat. 2013-cü ilin yanvar ayı 622.20 manat. 2013-cü ilin fevral ayı 146.40 manat.2015-ci ilin oktyabr ayı 437.10 manat.2015-ci ilin noyabr ayı 423 manat.2015-ci ilin dekabr ayı 1702.40 manat.2016-cı ilin yanvar ayı 1344 manat.2016-cı ilin fevral ayı 1433.60 manat.2016-cı ilin mart ayı 582.40 manat.2016-cı ilin sentyabr ayı 232.20 manat.2016-cı ilin oktyabr ayı 799.80 manat.2016-cı ilin noyabr ayı 298.30 manat.2023-cü ilin noyabr ayı 1484 manat. Ümumilikdə 10570.73 manat məbləğlə bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı vurduğu zərəri ödəməyib.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin borc əsassızdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli aktları təqdim edə bilmir, həmin aktların hansı səbəblə tərtib edildiyini bilmir. Aparılmış yoxlamalar reyestrdə qeydə alınmamışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2012-ci ilin dekabr ayında 420,90 manat, 2013-cü ilin yanvar ayında 622,20 manat, 2013-cü ilin fevral ayında 146,40 manat, 2015-ci ilin oktyabr ayında 437,10 manat, 2015-ci ilin noyabr ayında 423 manat, 2015-ci ilin dekabr ayında 1702,40 manat, 2016-cı ilin yanvar ayında 1344 manat, 2016-cı ilin fevral ayında 1433,60 manat, 2016-cı ilin mart ayında 582,40 manat, 2016-cı ilin sentyabr ayında 232,20 manat, 2016-cı ilin oktyabr ayında 799,80 manat, 2016-cı ilin noyabr ayında 298,30 manat, 2023-ci ilin noyabr ayında 1484 manat aktlar əsasında borc (ümumilikdə 10570,73 manat) hesablanmışdır.
9. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 480 nömrəli akta əsasən Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər olan 16 gün üçün 5936 m3 əlavə qaz sərfiyyatı hesablanmışdır.
10. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında ümumilikdə 10570,73 manat borc yazılmışdır.
12. İddiaçı iddia ərizəsində həmin borcun əsassız olduğunu bildirmiş, cavabdeh məhkəməyə həmin borcun hesablanmasına əsas olmuş aktları, borcun hansı qaydada hesablanması barədə sənədi və sairə sübutu məhkəməyə ümumiyyətlə təqdim edə bilməmişdir.
13. Bundan əlavə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
17. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
18. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
19. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
21. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
24. “X1”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
25. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “X1”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
26. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
27. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
28. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 10570,73 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.
29. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 10570,73 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz.
30. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq hesablanmış 10570,73 manat məbləğində borc silinməlidir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 10570,73 manat borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 122 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-yə əsassız olaraq hesablanmış 10570,73 (on min beş yüz yetmiş manat yetmiş üç qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova