Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-678/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (kreditorlar: “X5 Limited” Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Baş İdarəsi) müflis elan olunması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (İddiaçı MMC) müflis elan olunma tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2004-cü ildə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında dövlət qeydiyyatına alınmışdır (VÖEN:**********). xx xxxxxx 2008-ci ildə Cəmiyyətlə “X6 Gas Limited” şirkəti arasında icarə və xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Cəmiyyət “X6 Gas Limited” şirkətinin Azərbaycan Respublikasındakı ərazisini icarəyə götürmüş və x xxxx 2007-ci il tarixindən xx xxxxxx 2008-ci il tarixinədək illik 80000 (səksən min) ABŞ dolları məbləğində icarə və xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, müqavilənin xitamından əvvəl 2 ay ərzində tərəflər bu barədə birbirinə bildiriş verməzsə, müqavilə avtomatik olaraq növbəti ilədək uzadılır. Müqavilə bağlandıqdan sonra cəmiyyət öhdəsinə götürdüyü xidmət haqqının 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində hissəsinin ödənişini yerinə yetirmişdir. Lakin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən növbəti illər üçün ödənişi tam yerinə yetirməmiş, lakin müqavilə avtomatik olaraq uzadılmışdır. Bu səbəbdən cəmiyyətin həmin müqavilə üzrə ödənilməmiş 720000 (yeddi yüz iyirmi min) ABŞ dolları məbləğində borcu yaranmış, müqavilənin tərəfi olan “X6 Gas Limited” şirkəti məhkəməyə müraciət edərək, 720000 (yeddi yüz iyirmi min) ABŞ dolları məbləğində icarə və xidmət müqaviləsi üzrə xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cəmiyyətdən tutulmasını tələb etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)490/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-dən 720000 (yeddi yüz iyirmi min) ABŞ dolları məbləğində məbləğində icarə və xidmət müqaviləsi üzrə xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun “X6 Gas Limited” şirkətinin xeyrinə tutulması qət edilmişdir. Hazırda cəmiyyətin aktivlərinin olmaması, fəaliyyət göstərə bilməməsi və maliyyə vəziyyəti səbəbindən cəmiyyət 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)490/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi üzrə üzərinə qoyulmuş öhdəliyi qətnamə qüvvəyə mindiyi tarixdən 28 aydır ki, yerinə yetirməyə qadir deyil. Eyni zamanda cəmiyyət maliyyə vəziyyəti səbəbindən dövlət qarşısında olan vergi öhdəliklərini yerinə yetirməyə qadir deyil. Belə ki, cəmiyyət 2017-ci ildən bəri hesablanmış vergi öhdəliklərini ödəməyə qadir olmamışdır. Cəmiyyətin hazırda 5511,79 manat məbləğində vergi borcu yaranmışdır və vergi borcları 2 ildən artıq müddətdir ki ödənilməmişdir. Cəmiyyət faktiki olaraq fəaliyyət göstərmir və yuxarıda adları çəkilən kreditorlardan başqa kreditoru mövcud deyil. Cəmiyyətin bu ərizənin verildiyi tarixdən sonra bir il ərzində hər hansı vaxtı çatacaq borc öhdəliyi yoxdur. Həmçinin əlavədəki sənədlərdən göründüyü kimi, cəmiyyətin adına qeydə alınmış hər hansı daşınmaz əmlak və bank hesablarında vəsait yoxdur. Bununla yanaşı, cəmiyyətin adına qeydə alınmış daşınar əmlaklar 10 saylı qoşmada siyahısı əks olunmuş nəqliyyat vasitələrindən ibarətdir. Bununla bağlı qeyd edilməlidir ki, siyahıda qeyd edilmiş nəqliyyat vasitələri 2005-2006-cı illərdə əldə edilmişdir, uzunmüddətli istifadə nəticəsində amortizasiya olunmuşdur ki, faktiki olaraq hər hansı maddi dəyərə malik deyillər və mövcud deyillər. Məhkəmə iclasında iddiaçınin nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi qurumun müflis elan olunması barədə ərizəsinin məzmununa uyğun izahat verdi və əsaslı olduğundan ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Kreditorlar “X5 Limited” Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, kreditorların nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə kreditorların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı müflis elan olunması barədə ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Baş İdarəsinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1 xx.xx.2019-cu il tarixli maliyyə vəziyyəti haqqında hesabatdan görünür ki, İddiaçı MMC-nin hesabat dövrü üzrə cəmi öhdəlikləri 1229175,71 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, **********232400 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 5175,71 manat borcu vardır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)490/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-dən 720000 (yeddi yüz iyirmi min) ABŞ dolları məbləğində məbləğində icarə və xidmət müqaviləsi üzrə xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun “X6 Gas Limited” şirkətinin xeyrinə tutulması qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********29 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin adına Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Qeydiyyatdan keçən nəqliyyat vasitələri barədə məlumatların komputer çıxarışından görünür ki, “WANGUO CPT 986" markalı, H 012176 dövlət qeydiyyat nişanlı, “JİANG LİNG SJX5226İSN" markalı, H 012112 dövlət qeydiyyat nişanlı, “JİANG LİNG SJX5280LSN25" markalı, H ******* dövlət qeydiyyat nişanlı, “SHUNFENG NY C53206SN" markalı, H ******* dövlət qeydiyyat nişanlı, “UAZ 23602" markalı, H ******* dövlət qeydiyyat nişanlı, “SSANG YONG REXTON RX270XDİ" markalı, H 012138 dövlət qeydiyyat nişanlı və “SHUNFENG NY C5320GSN " markalı, H 012110 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri İddiaçı MMC-nin mülkiyyətindədir. - Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 27-00708-2020 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin hər hansı bir qiymətli kağız buraxılışı dövlət qeydiyyatına alınmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məktubundan görünür ki, İddiaçı MMC-nin hər hansı hüquqi şəxsin təsisçisi olması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 02/10-08-171-2419 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmamışdır. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2020-ci il tarixli 1-2-23/4592-20 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Barebot-çarter reyestrində, Mülki Hava Gəmilərinin Dövlət Reyestrində və dəmir yol nəqliyyat vasitələrinin reyestr kitabında İddiaçı MMC-yə məxsus heç bir əmlak qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2020-ci il tarixli 20/xx-xx/02217 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-yə məxsus mexaniki nəqliyyat vasitələri və onların qoşquları və yaxud hər hansı su nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin xx.xx.2020-ci il tarixli 01/03- 719 nömrəli məktubundan görünür ki, İddiaçı MMC-nin adına Milli Depozit Mərkəzi tərəfindən müvafiq hesab açılmamış və onun qiymətli kağızlara sahibliyi barədə məlumat yoxdur. - İddiaçı MMC-nin aktiv bank hesabları barədə məlumatdan görünür ki, “AGBANK" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2005-ci il tarixdə açılmış AZ57AZEG******************** saylı cari hesabı, xx.xx.2005-ci il tarixdə açılmış AZ72AZEG******************** saylı cari hesabı və xx.xx.2007-ci il tarixdə açılmış AZ94AZEG******************** saylı cari hesabı mövcuddur. - “AGBANK" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin AZ57AZEG******************** saylı cari hesabında pul vəsaiti mövcud deyildir. - “AGBANK" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin AZ72AZEG******************** saylı cari hesabında pul vəsaiti mövcud deyildir. - “AGBANK" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin AZ94AZEG******************** saylı cari hesabında pul vəsaiti mövcud deyildir. - “Şərq” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında İddiaçı müflis elan olunması tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə baxışı iclasının Bakı Kommersiya Məhkəməsində xx.xx.2021-ci il tarixə, saat 15:30-a təyin edilməsi barədə elan dərc edilmişdir. - “Şərq” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında İddiaçı müflis elan olunması tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə baxışı iclasının Bakı Kommersiya Məhkəməsində xx.xx.2021-ci il tarixə, saat 17:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsinin müflisləşmə elanları bölməsində İddiaçı müflis elan olunması tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə baxışı iclasının Bakı Kommersiya Məhkəməsində xx.xx.2021ci il tarixə, saat 15:30-a təyin edilməsi barədə elan yerləşdirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsinin müflisləşmə elanları bölməsində İddiaçı müflis elan olunması tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə baxışı iclasının Bakı Kommersiya Məhkəməsində xx.xx.2021ci il tarixə, saat 17:00-a təyin edilməsi barədə elan yerləşdirilmişdir. - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək X1 İddiaçı MMC-nin əmlak inzibatçısı təyin edilməsini xahiş etmişdir. - X2 ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin müflis elan olunması zamanı əmlak inzibatçısı təyin olunmasına dair şəxsi marağının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2004-cü ildə dövlət qeydiyyatına alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)490/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-dən 720000 (yeddi yüz iyirmi min) ABŞ dolları məbləğində məbləğində icarə və xidmət müqaviləsi üzrə xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun “X6 Gas Limited” şirkətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu tərəfindən qətnamə ilə tutulan borc üzrə hazıradək kreditora ödəniş edilməmişdir. İddiaçının dövlət büdcəsinə ümumilikdə 5175,71 manat borcu vardır. Həmçinin müəyyən edilir ki, iddiaçının mülkiyyətində 7 ədəd müxtəlif markalı nəqliyyat vasitələri mövcuddur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. 2-ci maddəsinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 11-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. 3-cü bəndinə əsasən məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) iddiaçı bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə iddianı əsassız hesab edərkən nəzərə alır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)490/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-dən 720000 (yeddi yüz iyirmi min) ABŞ dolları məbləğində məbləğində icarə və xidmət müqaviləsi üzrə xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun “X6 Gas Limited” şirkətinin xeyrinə tutulması qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu tərəfindən qətnamə ilə tutulan borc üzrə hazıradək kreditora ödəniş edilməmişdir. İddiaçı tərəfindən müflis elan edilməsi barədə tələb irəli sürülməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşımaqla ədalətli məhkəmə araşdırması prinsipinin bir hissəsi olan yekun məhkəmə aktının müəyyənliyi və icrasının təmini prinsipinə ziddir. Məhkəmə işin sadalanan xüsusatlarını, maddi hüquq nörmalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin gətirdiyi dəlillər onun ödəmə qabiliyyətinin olmayan hesab edilməsi və müflis elan olunması üçün yetərli sayılmadığından, qurumun müflis elan olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 38, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-678/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-678/2021
18.02.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver