Məhkəmə qərarları › İş №e-2-2(113)-6781/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6781/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6781/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əməkdaşlıq müqaviləsi üzrə borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı ASCnin xeyrinə 6840 №-li, xx.xx.2024-cü il tarixli əməkdaşlıq müqaviləsi üzrə 1406.07 (bir min dörd yüz altı manat yeddi qəpik) manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.07 (otuz dörd manat yeddi qəpik) manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra -Bank; İddiaçı) ilə X4 (bundan sonra – Cavabdeh) arasında xx.xx.2024-cü il tarixdə 6840 №-li “Birbank” mobil tətbiqində “Extra cashback” kateqoriyası üzrə tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı birdəfəlik ödəniş əməliyyatlarını həyata keçirən müştərilərə “Extra cashback” kampaniyasının aktiv olduğu dövr (xx.xx.2024-xx.xx.2024-cü il) ərzində bank tərəfindən emissiya edilmiş nüvafiq kartlar vasitəsilə nağdsız ödəniş əməliyyatları üzrə (tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı) kart istifadəçisinə “Cashback” ödənilməsi ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi bağlanmışdır. Tərəflər müqavilə ilə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. Lakin tərəfdaş X4 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən İddiaçı ASC-yə 1406.07 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh boru ödəməkdən boyun qaçırmış və ödəniş etməməsinin səbəbi barədə banka heç bir məlumat verməmişdir. Müqavilənin 4.1-ci bəndi aşağıdakı redaksiyadadır: Kart istifadəçiləri tərəfindən tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı həyata keçirilmiş nağdsız ödəniş əməliyyatlarına görə kart istifadəçisinə ödənilən “Cashback”in tam məbləği ödəniş əməliyyatı anında Bank tərəfindən həyata keçirilir. Həmin məbləğin daha sonra tərəfdaşdan tutulma şərtləri və həcmi aşağıdaki cədvələ əsasən hesablanır (cədvəl müqavilədə iddia ərizəsinə əlavə olunur) Birdəfəlik ödəniş əməliyyatları üçün müştəriyə 10% həcmində cashback qaytarılır ki, bunun 3%-i bankın vəsaiti hesabına, 7%-i isə tərəfdaşın vəsaiti hesabına qaytarılmalıdır. Vəsaitlər tam həcmdə bank tərəfindən müştərilərə qaytarılmış və həmin vəsaitlərin 7%-i həcmində tərəfdaşın banka borcu yaranmışdır. Müqavliənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə (ziyana) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri (ziyanı) tam həcmdə ödəməlidir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tamödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2024-cü il tarixdə 6840 №-li Əməkdaşlıq müqaviləsi bağlanmışdır.

8. Həmin müqavilənin:

9. 2.1-ci maddəsinə əsasən bu Müqavilə yalnız “Birbank” mobil tətbiqində “Extra cashback” kateqoriyası üzrə Tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı birdəfəlik ödəniş əməliyyatlarını həyata keçirən müştərilərə “Extra cashback” kampaniyasının aktiv olduğu dövr xx.xx.2024-xx.xx.2024-cü il) ərzində Bank tərəfindən emissiya edilmiş müvafiq kartlar vasitəsilə nağdsız ödəniş əməliyyatları üzrə (Tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı) kart istifadəçisinə “Cashback” ödənilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.

10. 3.1.1-ci maddəsinə əsasən bu Müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq “cashback” məbləğlərini Banka geri ödəyir və/və ya həmin məbləğlərin özünün Bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə (tutulmasına) razılıq verir;

11. 3.1.2-ci maddəsinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür.

12. 3.2.1-ci maddəsinə əsasən özünün mülahizəsinə əsasən reklam məhsullarında/məlumatlarında Tərəfdaşın adından istifadə edə. Tərəfdaşın təqdim etdiyi xidmət obyektlərinə onunla razılaşdırmaqla (ölçüsü, sayı və s.) qanunvericiliyin tələblərinə uyğun olaraq Bankın loqotipini, bannerini və digər reklam məlumatlarını yerləşdirə bilər.

13. 3.2.2-ci maddəsinə əsasən bu Müqavilənin premetini təşkil edən və kart istifadəçiləri tərəfindən aparılmış müvafiq nağdsız əməliyyatlara dair Tərəfdaşdan hesabatlar (günlük, həftəlik və s.) tələb edir;

14. 3.2.3-cü maddəsinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür.

15. 4.1-ci maddəsinə əsasən kart istifadəçiləri tərəfindən Tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı həyata keçirilmiş nağdsız ödəniş əməliyyatlarına görə kart istifadəçisinə ödənilən “Cashback”in tam məbləği ödəniş əməliyyatı anında Bank tərəfindən həyata keçirilir. Həmin məbləğin daah sonra Tərəfdaşdan tutulma şərtləri və həcmi aşağıdakı cədvələ əsasən hesablanır: Yalnız birdəfəlik ödəniş əməliyyatlarında 10% cashback: 3% Bankın vəsaiti hesabına, 7% tərəfdaşın vəsaiti hesabına.

16. 4.2-ci maddəsinə əsasən tərəfdaş müştərilər tərəfindən aparılmış müvafiq əməliyyatlar üzrə 1% (yeddi) həcmində “Cashback”ə dair üzləşdirmə aktı aylıq olaraq Bank tərəfindən tərtib edilərək Tərəfdaşa göndəriləcək. Göndərilmiş üzləşdirmə aktı Bank və Tərəfdaş tərəfindən təsdiq edildikdən sonra, həmin akta əsasən Tərəfdaş 15 (on beş) gün ərzində məbləği Banka ödəyir və ya müvafiq məbləğ onun Bankdakı hesab(lar)mdan akseptsiz qaydada tutulur.

17. 4.3-cü maddəsinə əsasən kart istifadəçisinə ödəniləcək maksimum “Cashback” məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulmuşdur. Bank bu məbləği birtərəfli qaydada dəyişmək hüququnu özündə saxlayır (Tərəfdaşı əvvəlcədən bu barədə yazılı qaydada xəbərdar etmək şərtilə).

18. 4.4-cü maddəsinə əsasən hər hansı səbəbdən baş verən geri ödəmə (“refund”) əməliyyatları zamanı daha əvvəl ödənilmiş müvafiq “Cashback” məbləği geri qaytarılır. Bu Müqaviləyə vaxtından əvvəl xitam verildikdə və xitam tarixindən sonra “Chargeback” əməliyyatları ilə bağlı sorğular daxil olduqda. Tərəflər həmin sorğular üzrə müvafiq vəsaitlərin ödənilməsi ilə bağlı bu Müqavilə ilə nəzərdə tutulmuş bütün vəzifələrini tam yerinə yetirməlidirlər.

19. 10.06.2025-ci il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 6840 №-li müqaviləyə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlər aralığı üzrə sistemə daxil edilmiş 20086,71 manat, xx.xx.2024-xx.xx.2024-cü il tarixlər aralığı üzrə kart istifadəçilərinə kapital bank 10% “cashback” məbləği 2008,67 manat, X2 İddiaçı ASC-yə qeyd edilən aralıq üzrə ödəməli olduğu 7% cashback məbləği 1406,07 manat təşkil edir.

20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixdə 6840 №-li əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bu Müqavilə yalnız “Birbank” mobil tətbiqində “Extra cashback” kateqoriyası üzrə Tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı birdəfəlik ödəniş əməliyyatlarını həyata keçirən müştərilərə “Extra cashback” kampaniyasının aktiv olduğu dövr xx.xx.2024-xx.xx.2024-cü il) ərzində Bank tərəfindən emissiya edilmiş müvafiq kartlar vasitəsilə nağdsız ödəniş əməliyyatları üzrə (Tərəfdaşın təqdim etdiyi xidmətlərlə bağlı) kart istifadəçisinə “Cashback” ödənilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

32. İddia tələbini cavabdeh X1 xx.xx.2024-cü il tarixdə 6840 №-li əməkdaşlıq müqaviləsi üzrə 1406,07 manat borcunun tutulması təşkil edir.

33. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində tam təmin edilməli və X1 1406,07 manat borc məbləği tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 34,07 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.

35. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,07 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdеh X1 6840 №-li, xx.xx.2024-cü il tarixli əməkdaşlıq müqaviləsi üzrə 1406,07 manat borc və dövlət rüsumunun əvəzi olaraq 34,07 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar