Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6810/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7800 manat xidmət haqqı, 1404 manat ƏDV borcu, 84042 manat cərimə borcu və 30 manat məhkəmə xərcinin, ümumilikdə isə 93276.00 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh və Daxili İşlər Nazirliyi tərəfindən fəaliyyətinə Lisenziya verilmiş İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə “Mühafizə xidmətlərinin göstərilməsi barədə” № QMX 05/19 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 1.1 bəndinin tələblərinə əsasən, tərəfimizdən sifarişçilərə məxsus olan ünvan 1 ünvanında yerləşən obyektdə 4 (dörd) post üzrə 12 ( on iki ) nəfər şəxsi heyyət ilə stasionar mühafizə xidmətləri həyata keçirilmişdir. Əfsuslar olsun ki, Cavabdeh MMC tərəfindən adı çəkilən Müqavilənin 3.1 bəndinin şərtləri pozularaq ona xidmət göstərilməsinə baxmayaraq, 2019 – cu ilin iyun ayı üzrə 7800.00 (Yeddi min səkkiz yüz manat – 00 qəpik) xidmət haqqı və 1404.00 ( bir min dörd yüz dörd manat – 00 qəpik) ƏDV məbləği bu günə qədər ödənilməmişdir. Cavabdeh şirkətə yaratdıqları 7800.00 (Yeddi min səkkiz yüz manat – 00 qəpik) xidmət haqqı və 1404.00 ( bir min dörd yüz dörd manat – 00 qəpik) ƏDV borcunu könüllü şəkildə 1 ( bir ) həftə müddətində bağlamaları barədə “EMS Sürətli Poçt Xidməti” vasitəsilə ilə sifarişli (Qəbz TA009796975AZ) № QMX- 127 saylı 16 iyul 2024-ci il tarixli PRETENZİYA məktubu ünvanlanmışdır. Pretenziya məktubunda cavabdeh şirkət onun barəsində aiddiyəti məhkəmədə (əsas məbləğ, ƏDV məbləği, cərimə məbləği, hüquq xidmətləri xərci və s. əlaqəli xərclər də daxil olmaqla) iddia qaldırılıcağı barədə xəbərdar olunmuşdur. Lakin görülən qanuna müvafiq tədbirlərə baxmayaraq, Cavabdeh MMC öz öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmaqda davam edir. Nəticə etibarı ilə cavabdehə göstərilən mühafizə xidmətlərinə görə (iyun 2019ci il – iyun 2024-ci il) 1827 (bir min səkkiz yüz iyirmi yeddi ) gün müddətində Cəmiyyətimizə ödənişlər aparılmadığından, iddiaçının maliyyə aktivlərinin debitor borclarında uzunmüddətli qalmasına səbəb olmuşdur.
3. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) bizə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7800 manat xidmət haqqı, 1404 manat ƏDV borcu, 84042 manat cərimə və 30 manat məhkəmə xərclərinin, ümumilikdə isə 93276 manat pul məbləğinin tutulmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, guya bizə məxsus şirkətin obyektdə 4 post üzrə 12 nəfər şəxsi heyyət ilə stansionar mühafizə xidmətləri həyata keçirmişlər, xidmət göstərilməsinə baxmayaraq 2019-cu ilin iyun ayı üzrə 7800 manat xidmət haqqı və 1404 manat ƏDV borcu ödənilməmişdir. İlk olaraq qeyd etmək istəyirəm ki, cavabdeh İddiaçı MMC ilə aramızda bağlanmış xx.xx.2019-cu il tarixli “mühafizə xidmətinin göstərilməsi barədə” müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən müqavilə xx.xx.2019-cu il tarixdən qüvvəyyə minmiş və 1(bir) il müddətinə bağlanmışdır. Lakin cavabdeh özü sözügedən müqavilə şərtlərini kobud şəkildə pozaraq 2019-cu ilin iyun ayı üzrə bizə məxsus şirkətin obyektində mühafizə xidməti göstərməmiş, və bu səbəbdən bizim tərəfimizdən ödəniş edilməmişdir. Ümumiyyətlə iyun ayı da daxil olmaqla, iddiaçı təşkilat bizə xidmət göstərməmişdir. Ona görə də, bu son 5 il ərzində iddiaçı təşkilatın bizə qarşı heç bir iddia və tələbi olmamışdır. Belə olan halda, iddia tələbi tam qanunsuz və əsasssız olduğundan, rədd edilməlidir. Digər tərəfdən, əgər hesab etsəydik ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək bizə 2019-cu ilin iyun ayında mühafizə xidmətini göstərmişdir, artıq müqavilə üzrə icra müddətindən 5 il ötmüş, və belə olan halda yenə də iddia tələbi təmin oluna bilməz, çünki artıq iddia müddəti keşmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Odur ki, iddaçının Azkontakt MMC-yə məxsus obyektdə göstərmədiyi mühafizə xidmətinə görə xidmət haqqı tələbi qanunsuz və əsassız olduğundan, eləcə də müqavilə tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxıldığından, iddia təmin edilməməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.Quliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 3 ədəd elektron qaimənin ikisi 2019-cu ildə ƏDV daxil olmaqla ödənilmiş, lakin sonuncu qaimə ödənilməmişdir. Bununla bağlı hazırkı iddia ərizəsi ilə ilk dəfə 2021-ci ildə məhkəməyə müraciət edilmiş, lakin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra iş üzrə icraatın təzələnməsi barədə vəsatət versələr də, vəsatət təmin edilməmişdir. Hazırda yenidən xx.xx.2024-cü ildə məhkəməyə iddia ərizəsi verilmişdir. Hesab edir ki, hazırda iddia müddəti ötürülməmişdir. Belə ki, vəkilin səhhəti ilə bağlı, habelə pandemiya ilə bağlı məhkəməyə iddia ərizəsi gec verilmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia edilən dövr üzrə cavabdehə hər hansı xidmət göstərilməmiş, mühasiblərinin səhvi ucbatından sonuncu elektron qaimə vaxtında geri qaytarılmamışdır. Bu səbəbdən iddia ərizəsi əsassızdır, əsaslı olsaydı belə, hazırkı iddia tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli mühafizə xidmətlərinin göstərilməsi barədə müqaviləyə görə sifarişçi ünvan 2 ünvanında yerləşən obyektini icraçıya təhvil verir, icraçı isə həmin obyekti müəyyən haqq müqabilində mühafizəyə qəbul edir.
9. Müqavilənin 3.1-ci bəndinə görə müqavilədə nəzərdə tutulan xidmətin aylıq haqqı 7800 manat məbləğində müəyyən edilir.
10. Müqavilənin 3.3-cü bəndinə görə mühafizəyə götürülən obyektə görə növbəti ay üçün ödəniş hər ayın 25-dən gec olmayaraq qabaqcadan icraçının hesablaşma hesabına köçürülür və ya eyni müddətdə icraçının kassasına nəğd pul formasında ödənilir. Ödənişin gecikdirilməsi baş verdiyi halda sifarişçi müqavilənin hər gecikdirilən gününə görə 0,5 % məbləğində cərimə olunur.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3395/2021 saylı qərardadından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2-2(113)-3395/2021 saylı qərardadı ilə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3395/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3395/2021 saylı qərardadının ləğv edilməsinə dair verdiyi ərizəsi təmin edilməmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli EAAT 387940 nömrəli 9204 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAU 931752 nömrəli 9204 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAV 861333 nömrəli 9204 manat məbləğində elektron qaimələr göndərilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli 24/19 nömrəli hesab-faktura əsasında 9204 manat, xx.xx.2019-cu il tarixli 31/19 nömrəli hesab-faktura əsasında 9204 manat, xx.xx.2019-cu il tarixli 38/19 nömrəli hesab-faktura əsasında 9204 manat ödəniş edilməlidir.
15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildə 1404 manat, xx.xx.2019-cu ildə 1404 manat ƏDV ödənilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
25. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş edir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
27. Tərəflər arasında xidmət müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlə bağlı xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə yaranmış borcunu xx.xx.2019-cu il tarixədək (müqavilənin 3.3-cü bəndinə əsasən) ödəməli olduğu halda hazırkı günədək ödəməmişdir.
28. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi vermiş, iddia müddətinin axımı kəsilmiş, iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3395/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
30. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
31. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
32. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
33. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
34. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
35. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
36. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
37. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
38. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
39. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
40. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
41. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
42. Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 370 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 370 (üç yüz yetmiş) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova