Məhkəmə qərarları › İş №e-2-2(113)-6900/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6900/2025

01.09.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6900/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, Ərizəçi İddiaçı MMC-nin iflas prosessinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3317/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin müəssisəsinin müflis elan edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmıçdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-612/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(113)- 3317/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixində ərizəçi eyni ərizə ilə təkrar məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63-cü maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. MPM-in 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunun 10-1-ci maddəsinə əsasən İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Belə ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinin 2-ci hissəsinə əsasən İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.

Lakin, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı (borclu) yuxarıda sadalanan normaların tələblərinə riayyət etməmişdir, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində göstərilən məlumatları iddia ərizəsində əks etdirməmiş və təsdiqedici sənədləri əlavə etməmişdir. Eyni zamanda ərizəçi iddia ərizəsində hər hansı vəsaitinin və ya əmlakının olmadığını qeyd etsə də, buna dair sübutları (daşınar və daşınmaz əmlaklarının, adına giymətli kağızların, bank hesablarında vəsaitlərin, digər kommersiya qurumlarında səhm və təsis paylarının olub-olmamasına dair yetərli ilkin sübutlar), həmçinin borclunun bütün debitor (debitorlara dair hər-hansı məlumat ümumiyyətlə ərizədə göstərilməmişdir) və kreditotların siyahısını, sonuncu hesabat tarixinə olan maliyyə hesabatlarını ərizəyə əlavə etməmişdir. Borclunun ödəmə qabiliyyətsizliyinin sübutu kimi yetərli ilkin sübutlar (şəxsi hesab vərəqəsi və s.) təqdim edilməmişdir. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən İflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı MMC-nin iflas prosessinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar