Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6904/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə, təhvil-təslim aktı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025 il tarixli, XM 16-25 saylı xidmət müqaviləsi üzrə cavabdehdən 32680 manat borcun və hüquqi yardıma görə ödənilən 325 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, XM 16-25 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Buldozer Shantui SD22” markalı ** BA *** dövlət qeydiyyat nişanlı və “Buldozer Shantui SD16” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı buldozerlər icarəyə verilmiş, müqavilənin şərtinə uyğun olaraq iddiaçı öz öhdəliyini yerinə yetirsə də görülən işlərin əvəzi cavabdeh tərəfindən ödənilməmiş və 32680 manat borc qalmışdır. Tərəflər arasında razılaşmanın 1.1ci bəndinə görə müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə həyat keçirlir. Göründüyü kimi, tərəflər arasında razılaşmada öhdəliyin icrası müddəti təyin edilməsinə baxmayaraq və tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə ödəməli olduğu 32680 manat borcu bugünədək ödəməkdən boyun qaçırmışdır.
3. 01.10.2025-ci il tarixdə cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilənin müvafiq bəndlərinə əsasən üzərinə götürdüyü öhdəliklər iddiaçı tərəfindən davamlı və kobud şəkildə pozularaq müqavilənin müddəti bitmədən və cavabdehə rəsmi qaydada məlumat verilmədən texnikalar özbaşına olaraq xidmət ərazisindən çıxarılmış, nəticədə Cavabdeh MMC-nin digər şirkətlər qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasında ciddi problemlər və gecikmələr yaranmış, bu səbəbdən də, Cavabdeh MMC-yə ən azı 100 000 manat həcmində maddi zərər dəymişdir. Əlavə olaraq hal-hazırda cavabdeh tərəfindən hesablanmış 61 344,0 manat həcmində cərimə məbləğinin Müqavilə şərtləri əsasında tutulmasını icraçı İddiaçı sözügedən Müqaviləni imzalamaqla öhdəlik kimi qəbul etmişdir. Bu hal “Sifarişçi” Cavabdeh MMC-nin qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq, sahibkarlıq fəaliyyəti zamanı onun həm işgüzar nüfuzuna, həm də maddi baxımdan fəaliyyətinə mənfi təsir edir. Bu səbəbdən, 100 000 manat həcmində maddi zərərin və Müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 61 344,0 manat həcmində cərimə məbləği olmaqla, ümumilikdə 161 344,0 manatın 3 iş günü ərzində tam şəkildə cavabdehə ödənilməsi barədə iddiaçıya həm poçt vasitəsilə 02 Sentyabr 2025-ci il tarixli, DY/P-02/25- 01 nömrəli, həm də, həm də “Elektron Məhkəmə” Portalı üzərindən Pretenziya məktubu göndərilmişdir. Hazırkı iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir.
İİ. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, XM-1625 nömrəli xidmət müqaviləsinin : 1.1-ci bəndinə əsasən icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək Sifarişçiyə təhvil verməsini, Sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra İcraçının həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş işlərin İcraçı tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur. 3.4-cü bəndinə əsasən, “icraçı”nın faktiki olaraq yerinə yetirdiyi işlərin midarı və həcmi həmin işləri sübut edən təhvil-təslim aktlarında əks etdirilməlidir. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək 2 il müddətində qüvvədədir. 7.1-ci bəndinə əsasən, tərəflərdən biri müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, digər tərəf öhdəliklərin icrası üçün yazılı bildirişdə təyin etdiyi əlavə müddət nəticəsi qurtardıqdan sonra yazılı qaydada müqavilədən imtina edə bilər. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, öhdəliyin icrasını tələb edən Tərəf müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 8.1-ci bəndinə əsasən, öhdəliklərini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəf onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. İddiaçı və Cavabdeh MMC-nin aparıcı mühasibi Akif Alışov arasında imzalanan yanvar 2025-ci il tarixli təhvil təslim aktına əsasən cəmi 16111,96 manat məbləğində, fevral 20225-ci il tarixli təhvil təslim aktına əsasən cəmi 17161,75 manat məbləğində və mart 2025-ci il tarixli təhvil təslim aktına əsasən 10406,59 manat məbləğində xidmət göstərilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir, hər bir aktın əsası qismində XM 16-25 saylı xx.xx.2025-ci il tarixli müqavilə göstərilmişdir.
11. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli MT2502seriyalı 11715509 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 16111.96 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11949758 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 10452,23 manat, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11950858 nömrəli eqaiməyə əsasən yekun məbləğ 17161,75 manat müəyyən edilmişdir.
12. İddiaçı məxsus xx.xx.2025-ci il tarixli ödəniş hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 5000 manat məbləğində və xx.xx.2025-ci il tarixində isə 6000 manat məbləğində ödəniş həyata keçirilmiş, ödənişlərin təyinatı qismində xx.xx.2025-ci il tarixli, XM-1625 nömrəli xidmət müqaviləsi üzrə elektron qaimələrin qismən ödənişi göstərilmişdir.
13. 15.08.2025-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən Göygöl Vəkil bürosunun hesaına 325 manat məbləğində hüquqi yardım üçün xidmət haqqı ödənilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, XM-1625 nömrəli xidmət müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanan xx.xx.2025-ci il tarixli, XM-1625 nömrəli xidmət müqaviləsinə əsasən, iddiaçı (icraçı) ona məxsus texnika və avadanlıqlarla müqavilədə nəzərdə tutulan işləri icra edərək cavcabdehə (sifarişçiyə) təhvil verməyi, cavabdeh isə işlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməsinə baxmayaraq cavabdeh öz vəzifəsini icra etməyərək, göstərilmiş xidmətlərin dəyərini tam ödəməmişdir. Belə ki, tərəflər arasında sözügedən müqavilə üzrə bağlanan təhvil-təslim aktlarına əsasən, 2025-ci ilin yanvar ayında 16111,96 manat, fevral ayında 17161,75 manat, mart ayında 10406,59 manat olmaqla, cəmi 43680.3 manat məbləğində xidmət göstərilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilərək müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 11000 manat ödəniş edilmiş, ödənişlərin təyinatı qismində xx.xx.2025-ci il tarixli, XM-1625 nömrəli xidmət müqaviləsi üzrə elektron qaimələrin qismən ödənişi göstərilmişdir. İddiaçı hazırda müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş edir.
18. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, işin faktiki hallarına dair hər hansı sübut təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.
19. Cavabdin etirazına münasibətdə məhkəmə hesab edir ki, etirazında müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbi kimi texnikaların hər hansı xəbərdarlıq edilmədən iddiaçı tərəfindən götürülməsinə istinad etdiyindən AR MPM-in 77-ci maddəsinə əsasən, həmin faktı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh qeyd edilən halı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, bununla da sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Etirazın “iddiaçıya pretenziya məktubu göndərilərək ümumilikdə 161 344 manat pul məbləğinin iddiaçıdan tələb edilməsi” barədə dəlilllərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə icraatının gedişində cavabdeh tərəfindən elektron sistemə həmin məzmunda qarşılqılı iddia ərizəsi təqdim edilməmişdir.
20. Məhkəmə xüsusi olaraq qeyd edir ki, estoppel prinsipinin mahiyyətinə əsasən, hüquqda tərəf daha öncə qəbul etdiyi faktları, (hərəkətləri) sonradan inkar etmək və ya mübahisələndirmək, əvvəlki davranışına zidd mövqe tutmaq imkanından məhrum edilir (estopped from denying). Hər hansı bir fakt şəxs tərəfindən təsdiq edilə, eyni zamanda inkar edilə və ya mübahisələndirilə bilməz. Sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi güman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçıya borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfindən edilən ödənişləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 32680 manat (43680-11000=32680) iddiaçının xeyrinə tutulmalıdır.
22. İddiaçı əlavə olaraq hüquqi yardıma görə ödənilmiş 325 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir və həmin ödənişi təsdiq edən qəbzi iş materiallarına əlavə etmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən hüquqi yardıma görə ödənilmiş pul məbləğinin əvəzi olaraq 325 manat iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 188 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. AR MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu tutulur. 9.4-cü bəndinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. V. Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh MMC arasında bağlanan xx.xx.2025-ci il tarixli XM 16-25 saylı xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən 32680 manat borc və hüquqi yardıma görə ödənilmiş 325 manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 188 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov