Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-696/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə öhdəliyi üzrə icranın gecikdirilməsi nəticəsində dəymiş zərərinin ödənilməsi, səbəbli əlaqə - conditio sine qua non) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 mart 2022-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 22613 manat məbləğində maddi zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. daşıyıcı şirkəti olan iddiaçı uzun müddətdir ki, Bakı daxili və ətrafı sərnişin daşıma xidməti ilə məşğul olur. Sərnişin daşıma dövrü ərzində iddiaçı tərəfindən nağdsız elektron ödəniş sistemi ilə təchiz edilmiş avtobuslardan istifadə olunmuşdur. Sərnişin daşıma tələblərinə tam cavab verən sərnişin avtobuslarında həm nəzarətin gücləndirilməsi, həm də qəzaların və qayda pozuntularının, oğurluq hadisələrinin qarşısının alınması üçün nəzarət kameraları quraşdırılmışdır. Həmin təhlükəsizlik kameralarının quraşdırılması əməkdaşlıq çərçivəsində həyata keçirilmiş və tərəflər arasında 11 mart 2022-ci ildə 010/003/2022 saylı xidmət müqaviləsi bağlanılmışdır. Aylıq 800 AZN ödəniş edilərək müqavilədə nəzərdə tutulan xidmət hər ay mütəmadi olaraq göstərilməyə davam etmişdir. 2.2. Lakin 2023-cü il iyul ayının 11-dən etibarən cavabdeh tərəfindən quraşdırılmış nəzarət kameralarında bir sıra nasazlıqlar meydana gəlmiş və həmin nasazlıqlar səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü ilə qədər olan müddət ərzində əldə olan hesabata nəzər yetirdikdə 160 711 manat məbləğ qazanıldığı, xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığına baxıldıqda isə 138 098 manat dəyərində gəlir əldə edildiyi görünür. Buradan da açıq-aşkar cavabdehin öz öhdəliklərini düzgün yerinə yetirməməsi səbəbi ilə iddiaçıya 22613 manat zərər dəydiyi təsdiqlənir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385.1, 442, 443, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış 11 mart 2022-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən quraşdırılmış kameralara nəzarət xidməti həyata keçirilmiş, iddiaçı internet xidməti ilə təmin edilmişdir. Lakin internet xidmətində nasazlıq yaranması səbəbindən kameralar fəaliyyət göstərməmiş, nəticədə iddiaçıya maddi zərər dəymişdir. Belə ki, kameraların işləmədiyi dövrdə iddiaçının qazancı 138 098 manat olduğu halda, ötən ayın analoji dövrü üçün gəlir 160 711 manat təşkil etmişdir. Digər tərəfdən, nəqliyyat vasitələrinin kamera sistemlərində problem olması səbəbindən Bakı Nəqliyyat Agentliyi tərəfindən bir marşrut xətti iddiaçından alınmışdır.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaçıya məxsus müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı nağdsız – vahid kart sistemi ilə ödənilir.
7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə rəsmi qaydada məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsinin icra edilməməsi ilə dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 11 mart 2022-ci il tarixli 010/003/2022 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqaviləyə əlavə ilə nəzərdə tutulan xidmətləri göstərməyi, iddiaçı isə xidmətləri təhvil alaraq haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 11 mart 2022-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən, göstərilən xidmətlərin məzmunu kimi server, “network”, şəbəkə kabellərinin çəkilişi, avtobus, digər sahələrdə kamera sistemlərinin quraşdırılması və ümumilikdə bu sahə üzrə hər bir məhsulun təminatı, təmiri və iddiaçının göstərişinə əsasən bu sahə üzrə İT xidmətlərin göstərilməsi şərtləşdirilmiş, bunun müqabilində isə iddiaçının cavabdehə hər ay üçün ƏDV daxil olmaqla 800 manat xidmət haqqı ödəməsi razılaşdırılmışdır.
13. İddiaçı 11 mart 2022-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş 22613 manat məbləğində maddi zərərin ödənilməsini tələb edir və iddiasının faktiki əsası kimi müntəzəm marşrut xətləri üzrə avtobuslarda kameraların işləmədiyi dövrdə ötən ayın eyni dövründən 22613 manat məbləğində az gəlir əldə edildiyinə və kameraların işləməməsi səbəbindən Bakı Nəqliyyat Agentliyi tərəfindən bir marşrut xəttinin iddiaçından alındığına istinad edir.
14. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir.
15. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi əsassızdır.
16. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
18. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddiasının faktiki əsası kimi nəzarət kameralarında nasazlıq yarandığı bildirsə də, bu faktın mövcudluğunu, yəni istinad edilən dövrdə kameralarda nasazlığın olduğunu, bunun cavabdehin öhdəliyini icra etməməsi nəticəsində yaranmasını və iddiada qeyd olunan müddət ərzində davam etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
21. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının faktiki əsası hətta təsdiq olunsa da, iddia edilən zərərlə cavabdehin hərəkətsizliyi (icranı gecikdirməsi) arasında səbəbli əlaqə mövcud deyildir. Belə ki, səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
22. Bu mənada səbəbli əlaqə ilə, hərəkətin və ya hərəkətsizliyin zərərin yaranmasında bir neçə faktordan biri olması deyil, məhz həmin zərəri şərtləndirməsi, həmin zərəri bilavasitə yaratması (conditio sine qua non) nəzərdə tutulur.
23. Hazırkı işin hallarından isə belə bir səbəbli əlaqənin mövcudiyyəti təsdiq edilmir. Belə ki, avtobuslarda kameraların olmaması sərnişin daşıma haqqının məbləğinin azalmasını bilavasitə şərtləndirmir. Əvvəla, həmin haqların toplanmasına, yəni hər bir sərnişinin avtobusa daxil olarkən gediş haqqını ödəmək üçün öz kartını müvafiq cihaza yaxınlaşdırmasına, həmin cihaz vasitəsilə gediş haqqının tutulmasına iddiaçı tərəfindən lazımi qaydada təlimatlandırılmış sürücülər və ya konduktorlar nəzarət edirlər. Sürücü və ya konduktorların öz vəzifələrini lazımınca yerinə yetirməməsi, gediş haqqının ödənilməsini təmin etməməsi isə 11 mart 2022-ci il tarixli 010/003/2022 nömrəli xidmət müqaviləsi üzrə cavabdehin (xidmət göstərənin) icranı gecikdirməsi ilə bağlı məsuliyyətinə səbəb ola bilməz.
24. Bundan başqa, məhkəməyə təqdim edilən cədvəllərdən görünür ki, 49, 161 və 217 müntəzəm marşrut xətləri üzrə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri üçün ümumilikdə 138 098,29 manat, xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri üçün isə 160 711,27 manat daşıma haqqı toplanmışdır.
25. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə 03 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək internetin verilməsinin dayandırılması və nəzarət kameralarında nasazlıq yarandığı bildirilmişdir. İddia ərizəsində isə 2023-cü il iyul ayının 11-dən etibarən cavabdeh tərəfindən quraşdırılmış nəzarət kameralarında bir sıra nasazlıqlar meydana gəldiyi göstərilmişdir.
26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə bu barədə verilən suallara cavab verilməsi məqsədilə dəqiqləşdirilmə aparılması üçün vaxt istəmiş, məhkəmənin baxış iclası təxirə salınsa da, yazılı və ya şifahi qaydada hər hansı dəqiqləşdirmənin nəticəsi barədə məhkəməyə məlumat verilməmişdir.
27. Bu mənada kameraların işləmədiyi, nasazlığın davam etdiyi dövr yalnız birtərəfli və bir-birinə zidd sübutlarla müəyyən oluna bilir.
28. Həmçinin təqdim edilmiş cədvəllərdən 49, 161 və 217 nömrəli avtobuslarda kameraların işlədiyi 01 və 02 iyul 2023-cü il tarixlərində toplanan gediş haqlarının da ötən ayın analoji dövrünə müqayisədə az olduğu görünür. Belə ki, 49 nömrəli avtobusda xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 5415 və 4043,2 manat, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 8079,18 və 7796,08 manat, 161 nömrəli avtobusda xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 1227,78 və 1084,57 manat, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 2542,34 və 2416,23 manat, 217 nömrəli avtobusda xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 1968,64 və 1771,56 manat, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 2966,85 və 2946,76 manat gediş haqqı toplandığı görünür. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən dövrdə ümumi təhsil müəssisələrində tədris prosesi 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək davam etmiş, əksər ali təhsil müəssisələrində isə yaz semestri 2023-cü ilin iyun ayında baş çatmışdır və bunla əlaqədar iyul aylarında sərnişin sıxlığının azalma tendensiyası da mövcuddur.
29. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində iddiaçının gəlirlərinin azalması (əgər belə bir azalma mövcuddursa) icranın gecikdirilməsi səbəbi ilə baş verməmişdir.
30. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddianın faktiki əsasının iş materiallarında olan sübutlarla təsdiq olunmadığı kimi, hətta zərərin mövcud olması təsdiq olunsa da, iddia edilən zərərlə 11 mart 2022-ci il tarixli 010/003/2022 nömrəli xidmət müqaviləsi üzrə icranın gecikdirilməsi arasında səbəbli əlaqə mövcud deyildir.
31. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iddiaçıya məxsus müntəzəm marşrut xətləri üzrə avtobuslarda kameraların işləməməsi nəticəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən bir marşrut xəttinin onlardan alındığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı xəttin iddiaçıdan alınması ilə bağlı sonuncu, məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə, həmin hal iddianın faktiki əsasına daxil olmamış, iş materiallarında həmin halla bağlı hər hansı sənəd və ya xatırlatma mövcud olmamış, əvvəlki məhkəmə iclaslarında məhkəməyə bildirilən faktiki əsasa adıçəkilən hal daxil olmamışdır. İddiaçı yalnız məhkəmənin 4-cü baxış iclasında həmin hala istinad etməklə iddiasının faktiki əsasını genişləndirmiş, lakin məhkəmənin təkliflərinə rəğmən hər hansı təsdiqedici sübutu təqdim etməmişdir. Belə olan halda, məhkəmə kameraların işləməməsi səbəbindən Bakı Nəqliyyat Agentliyi tərəfindən bir marşrut xəttinin iddiaçından alınması əsası ilə sonuncuya zərər dəyməsi ilə bağlı iddiaçının mövqeyini əsassız hesab edir.
32. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
b) Mediasiya xərcinin tutulması ilə bağlı
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova