Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6966/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16519.80 manat pulun (ƏDV daxil), hüquqi xidmət göstərilməsinə görə ödənilən 2500 manat manat pulun və ödənilmiş 148 manat dövlət rüsumu, ümumilikdə 19167.80 manat pul vəsaitinin ididaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 2024-UNİ-ATFP-025 saylı xidmət müqaviləsi bağlamışdır. Müqavilə üzrə icraçı müqavilədə nəzərdə tutulan sifarişləri yerinə yetirməyi və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi , sifarişçi isə müqvilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.Tərəflər 1-A saylı əlavə ilə görüləcək işlərin həcmi və qiyməti, eləcə də bu işlərin görülməsi üçün lazimi mal-mattrealların miqdarı və dəyəri müəyyən etmiş, görüləcək işlərin dəyərə 140000 (ƏDV xaric) manat olması razılaşdırılmışdır. Hüquqlarını müdafiə etdiyim İddiaçı MMC müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmiş, xx.xx.2024cü il tarixində bütün işləri yekunlaşdırmışdır. xx.xx.2024-ci il tarixində Cavabdeh MMC-ilə iddiaçı arasında təhvil-təslim aktı tərtib olunmuşdur. İddiaçı MMC qeyddə olan bütün işləri tamamlasa da Cavabdeh MMC növbəti dəfə onlara göndərilmiş təhvil təslim aktına imza etməkdən əsassız olaraq imtina etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində yekun malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə electron qaimə-faktura Cavabdeh MMC-nə göndərilmiş və qaimə-faktura cavabdeh tərəfindən qəbul edilmiş və əsas məbləğdən müxtəlif aralıqlarla daha 56 000 manat ödəniş edilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdeh MMC tərəfindən görüləcək işlərin haqqı olaraq ümumilikdə ƏDV daxil 165 200 manat ödənilməli olsa da , qeyd olunan məbləğdə ƏDV daxil 16 519,8 manat ödəniş olunmamışdır. Tərəflər arasında bağlanmış müvafiq müqavilə üzrə 1 illik qarantiya müddəti ərzində məbləğin 10%-ni saxlama hüququ nəzərə alınaraq bu müddət iddiaçı tərəfindən gözlənilmişdir.Qeyd etmək istəyirəm ki, bu müddət ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə müqavilə üzrə görülmüş işlərdə hər hansı pozuntu olması ilə bağlı heç bir ərizə və şikayət daxil olmamışdır.Bunun əksinə olaraq Ağdam şəhərində Ağdam sənayə parkında yerləşən tütün məmulatlarının istehsalı müəssəsi cənab prezident İlham Əliyevin iştirakı ilə iyul ayının 18-də açılışı olmuşdur. Qeyd olunan işlərlə bağlı hər hanzı ərizə və şikayətin daxil olmaması, habelə müəssənin ölkə prezidentinin iştirakı ilə açılışının olması, habelə qarantiya müddətində belə cavabdeh tərəfindən 56000 manat ödəniş edilməsi İddiaçı MMC tərəfindən həmin müəssisədə görülən işlərin tam şəkildə yerinə yetirilməsinə sübutdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı müqaviləyə görə, icraçı, sifarişçinin tələblərinə uyğun olaraq əlavə № 1-də razılaşdırılmış işlərin icrasını yerinə yetirməyi və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə tərəflər arasında yaranan münasibətlər, bu müqavilə və tərəflər arasında imzalanacaq müqavilə üzrə əsasnamə bölməsi ilə tənzimlənir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri Əlavə № 1-də verilmişdir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər həm avans şəklində, həm də icra edilmiş işlərin qarşılığında hazırlanacaq aylıq qəbul aktları əsasında yerinə yetiriləcək.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən ümumi müqavilə məbləğinin 10 %-lik hissəsi keyfiyyət zəmanəti olaraq saxlanılır. Saxlanılan keyfiyyət zəmanətinin yarı hissəsi işlər təhvil verildikdən sonra, qalıq məbləğ isə 12 (on iki) ay müddətində saxlanılır.
12. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı müqavilə üzrə əsasnaməyə əsasən icraçı, sifarişçinin sifarişinə uyğun olaraq müqaviləndə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə icraçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürmüşdür.
13. Əsasnamənin 15.1-ci bəndinə əsasən müqavilə birdəfəlik (lum-sum) tipli müqavilədir və müqavilənin dəyəri 1 saylı əlavə ilə müəyyən olunur.
14. Əsasnamənin 16.8-ci bəndinə əsasən işlər sifariçi tərəfindən tam qəbul edildikdən sonra sifarişçi və icraçı arasında yekun təhvil-təslim aktı imzalanır.
15. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı müqaviləyə 1-A nömrəli əlavəyə əsasən görüləcək işlərin həcmi və qiyməti, eləcə də bu işlərin görülməsi üçün lazımi mal-materialların miqdarı və dəyəri ümumilikdə 140000,20 manat dəyərində razılaşdırılmışdır.
16. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı müqaviləyə 2 nömrəli əlavə imzalanmışdır.
17. Tərəflər arasında imzalanmış, möhürlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı müqaviləyə 3 nömrəli əlavəyə əsasən icraçı xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini (materiallar, materialların çatdırılması, quraşdırılması və təhvil verilməsi daxil) avans ödənişindən etibarən 60 gün müddətindən gec olmayaraq yerinə yetirməyi və görülmüş işləri sifarişçiyə müqavilə üzrə nəzərdə tutulmuş formada təhvil verməyi öz öhdəsinə götürür.
18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2408 11553828 nömrəli 165200 manat məbləğində elektron qamə-faktura göndərilmişdir.
19. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 70.000,10 manat ödəniş olunmuşdur.
20. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 40.000,00 manat ödəniş olunmuşdur.
21. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 16.000,08 manat ödəniş olunmuşdur.
22. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024-UNİ-ATEP-025 saylı podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
26. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 16519,80 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 16519,80 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
32. Bundan başqa iddia ərizəsində 2500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
33. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə 1000 manat hüquqi yardıma görə xərc ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 30 saylı Vəkil Bürosunun hesabına 2500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 148 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16519,80 manat əsas borc, 1000 manat hüquqi yardıma görə xərc, 148 manat dövlət rüsumu, ümumilikdə 17667,80 (on yeddi min altı yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan 1500 (bir min beş yüz) manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova