Məhkəmə qərarları › İş №e-2-2(113)-6973/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6973/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6973/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 iyun 2014-cü il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 29,61 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 20 iyun 2014-cü il tarixli 2066 saylı mobil rabitə xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki, hal-hazırda cavabdehin iddiaçıya 29,61 manat ödənilməmiş borcu qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6973/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6973/2024 nömrəli qərardadı ilə işə qiyabi icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, cavabdehin və qanuni təmsilçisinin elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinə məxsus mobil nömrəyə SMS xəbərdarlıq göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Şirkət qismində) ilə cavabdeh (Korporativ abunəçi qismində) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair 20 iyun 2014-cü il tarixli 2066 nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, müqavilə üzrə “Şirkət” "xxxx"yə Xidmətlər göstərir, "xxxx" isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ tarif əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir (1.1). Bu Müqavilə üzrə “Şirkət” "xxxx"yə Şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim Kart” paketləri ilə birlikdə 13 ədəd Qold nömrə təqdim edir. Müqavilə üzrə Nömrələrin siyahısı 1 saylı Əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı Müqaviləyə əlavə olunur. "xxxx" isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarif təklif planına (2 saylı Əlavə) uyğun olaraq xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir (1.2).

13. Həmin müqavilənin 2.1-ci bəndində şirkətin (iddiaçının) öhdəlikləri kimi müqavilənin 1.1-ci bəndinə uyğun olaraq və ya "xxxx"nin sonrakı müraciətinə əsasən "xxxx"yə müvafiq xidmətlər təqdim etmək, hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ayın hesabını və izahlı qaiməsini "xxxx"yə təqdim etmək, 2.2-ci bəndi ilə şirkətin hüquqları kimi "xxxx" “Post paid” (sonradan ödəmə) Nömrələrdən hazırkı Müqaviləyə zidd olan məqsədlərlə və qaydada istifadə etdiyi təqdirdə həmin nömrə/ləri bağlamaq, Qold nömrələrdən hər hansı biri 2 ay ərzində "xxxx" tərəfindən istifadə edilmədikdə, istifadə olunmayan Qold Nömrəni geri almaq və geri alınmış Nömrələri "xxxx"yə xəbərdarlıq etmədən başqa şəxsin istifadəsinə vermək; təqdim olunan nömrələrdən ən azı 50% və daha artıq nömrə 2 ay ərzində "xxxx" tərəfindən istifadə edilmədikdə, “Şirkət” "xxxx"yə 14 iş günü əvvəlcədən xəbərdar etməklə təqdim olunmuş Korporativ tarifi birtərəfli qaydada bütün nömrələrdə dəyişdirmək və s. göstərilmişdir.

14. Adıçəkilən müqavilənin 2.3-cü bəndində korporativ abunəçinin (cavabdehin) öhdəlikləri kimi göstərilmişdir ki, bu müqaviləyə uyğun olaraq 13 ədəd “Post paid” (sonradan ödəmə) Nömrələri qəbul edir və həmin nömrə istifadəçi olmayan kənar şəxslərə verildikdə məsuliyyət daşıyır. İstifadəçilərin siyahısında dəyişiklik olduqda bu barədə “Şirkət”i vaxtlı-vaxtında məlumatlandırır, təqdim olunan nömrələri ən azı 3 ay ərzində istifadə edir, istifadə edilən xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında edir və s., 2.4-cü bəndi ilə korporativ abunəçinin hüquqları kimi müqavilə üzrə “Şirkət” tərəfindən öhdəliklərin yerinə yetirilməsini tələb etmək, “Şirkət” tərəfindən təqdim edilən korporativ tarifi seçmək, “Şirkət” tərəfindən bu müqavilə çərçivəsində təqdim edilən digər xidmət növlərindən yararlanmaq əks olunmuşdur.

15. Sözügedən müqavilənin ödəniş qaydası və tariflərdən bəhs edən 3-cü hissəsinə görə, bu müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud “Şirkət”in müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir.

16. Qeyd edilən müqaviləyə 1 saylı əlavədən görünür ki, ümumilikdə 13 mobil nömrənin 0, 30, 45, 50 və 250 manatlıq limitlə cavabdehə təhvil verilməsi şərtləşdirilmişdir.

17. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, aylıq abunə haqqı üçün 1 aya görə 3,54 manat, digər mobil operator nömrələrinə zənglər 1 dəqiqəyə görə 0,06 manat, Bakcell nömrələrinə zənglər üçün 1 dəqiqəyə görə 0,05 manat, PSTN/şəhərdaxili nömrələrinə zənglər üçün 1 dəqiqəyə 0,06 manat, şəhərlərarası zənglər üçün 1 dəqiqəyə görə 0,06 manat, qısa mesaj servisi üçün 1 ədədə görə 0,025 manat, beynəlxalq zənglər – zona 1 üçün 1 dəqiqəyə 0,29 manat, beynəlxalq zənglər – zona 2 üçün 1 dəqiqəyə 0,29 manat, beynəlxalq zənglər – zona 3 üçün 1 dəqiqəyə 0,29 manat, GPRS internet üçün 1 mb-yə görə 0,25 manat xidmət haqqı razılaşdırılmışdır.

18. Məhkəməyə təqdim edilən hesab-fakturadan görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan borcu (2023-cü ilin avqust ayı üçün) 25,08 manat xidmət haqqı, 4,52 manat ƏDV olmaqla ümumilikdə 29,6 manat təşkil edir.

19. İş materiallarına əlavə edilən elektron qaimədən görünür ki, xx.xx.2019-cu il tarixli (iyun 2019) EAAW 865722 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 29,85 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 20 iyun 2014-cü il tarixli 2066 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sözügedən müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılan 13 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və danışıq haqqını vaxtlı-vaxtında ödənməyi öz öhdəsinə götürmüşdür. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı əlavə ilə razılaşdırılmışdır. İddiaçı tərəfindən 2019-cu ilin iyun ayı üzrə xx.xx.2019-cu il tarixli EAAW 865722 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 29,85 manat dəyərində xidmət göstərilmişdir.

21. İddiaçı 20 iyun 2014-cü il tarixli 2066 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 29,61 manat məbləğində pulun tutulmasını tələb edir.

22. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 20 iyun 2014-cü il tarixli 2066 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

28. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

29. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

30. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

37. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 29,61 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

38. İddia ərizəsində iddiaçı 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 iyun 2014-cü il tarixdə bağlanmış xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 29,61 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar