Məhkəmə qərarları › İş №e-2-2(113)-6978/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6978/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6978/2024 27.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili X2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” görə ödənilməmiş 50971,19 (əlli min doqquz yüz yetmiş bir manat on doqquz qepik) məbləğində ödənilməmiş əsas borcun; 5097,20 manat (beş min doxsan yeddi manat iyirmi qəpik) məbləğində gecikdirilmiş günlər üzrə qanun üzrə faiz borcunun; 10000 (on min) manat əldən çıxmış fayda məbləğinin; 6913,24 manat (altı min doqquz yüz on üç manat iyirmi dörd qəpik) şirkətin hesabından silinmiş penya məbləğlərinin;Hüquqi yardım üçün ödənilmiş 2500 (iki min beş yüz) manat məbləğində xidmət haqqı; Mediasiya təşkilatına müraciət edilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat rüsum olmaqla; ümumilikdə 75881,63 manat (yetmiş beş min səkkiz yüz səksənn bir manat altmış üç qəpik) məbləğində pulun və 318 (üç yüz on səkkiz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC (VÖEN: **********) arasında L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə əsasında cavabdehə müqavilə şərtlərinə uyğun xidmətlər göstərilmişdir. Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş vaxtda və keyfiyyətdə xidmətlər almasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, xidmətlər üzrə nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş vaxtda etməmişdir. Belə ki, bu günə göstərilmiş xidmətlərin əvəzi olaraq 15 ədəd, ümumilikdə 595057,78 (beş yüz doxsan beş min əlli yeddi manat yetmiş səkkiz qəpik) məbləğində ƏDV daxil elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 544086,59 (beş yüz qırx dörd min səksən altı manat əlli doqquz qepik) ƏDV daxil ödəniş edilmiş, 50971,19 (əlli min doqquz yüz yetmiş bir manat on doqquz qepik) ƏDV daxil hissəsi isə bu günə qədər ödənilməmişdir. EBDL 299120 nömrəli elektron qaimə üzrə 34220,00 (otuz dörd min iki yüz iyirmi manat), EBDJ 453151 nömrəli elektron qaimə üzrə 8566,80 (səkkiz min beş yüz altmış altı manat səksən qəpik), EBDD 651596 nömrəli elektron qaimə üzrə isə 8184,39 (səkkiz min bir yüz səksən dörd manat otuz doqquz qəpik) ödənilməmiş borc mövcuddur. Müqavilə üzrə borcun ödənilməsi ilə bağlı cavabdeh şirkətə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. Məhkəməyə müraciət edilməsi ilə bağlı daha əvvəl mediasiya şurasına da müraciət edilmiş, mediasiya müraciətindən sonra cavabdeh qismən ödəniş etməklə, eyni zamanda qalıq borcun qısa zaman ərzində ödəniləcəyi barədə şifahi qaydada məlumat verdikdən sonra bir müddət borcun tam şəkildə ödənilməsini gözlənilsə də, cavabdeh yenə də borcu tam şəkildə ödəməmiş, bundan əlavə edilən müraciətlər cavablandırılmamışdır. Bundan əlavə, hazırki iddia ərizəsinə əlavə edilmiş 03 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin 50971,19 (əlli min doqquz yüz yetmiş bir manat on doqquz qəpik) ödənilməmiş borcu qalmışdır. Həmin maliyyə arayışında göndərilən eqaimələrin nömrə və tarixləri, həyata keçirilən ödənişlər və icra edilməyən e-qaimələr ətraflı şəkildə qeyd edilmişdir. Belə olduğu halda, xidmətlərin müəyyən edilmiş vaxtlarda və keyfiyyətdə göstərilməsinə baxmayaraq 2023-cü ildən müvafiq elektron qaimələrin vurulmasına baxmayaraq, artıq 2 ildir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, illik 5% olmaqla, ümumilikdə (50971.19 x 5% x 2) 5097.2 manat (beş min doxsan yeddi manat iyirmi qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən əsassız olaraq borcun ödənilməsindən imtina edildiyindən, İddiaçı MMC işin məhkəmə qaydasında həll edilməsi üçün məcbur qalıb 14 saylı vəkil bürosunun vəkili Vəkil ilə hüquqi xidmət göstərilməsi haqqında müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı vəkilin hüquqi yardım xidməti üçün 2500 (iki min beş yüz) manat ödəniş etmişdir. Bu səbəbdən, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilən həmin 2500 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə müqavilə üzrə ödənilməli olan məbləğin müəyyən edilmiş vaxtda ödənilməməsinə görə, əldə çıxmış fayda qismində 10000 (on min) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, qeyd olunan məbləğ vaxtında ödənilmiş olsa idi, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etmiş olacaqdı. Müqavilənin də müddəalarından aydın olduğu kimi göstərilən xidmətlər üçün aylıq 29000 manat xidmət haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması, keçən iki il ərzində əldə çıxmış fayda qismində 10000 manat pulun tələb edilməsi real və ağlabatandır. Nəzərə almaq lazımdır ki, iddiaçı hüquqi şəxsdir və təşkil edilməsinin başlıca məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, gəlir əldə etməkdir. Lakin, cavabdeh tərəfindən şirkətlər arasında bağlanılmış konsensual əqdin - müqavilənin şərtlərinin pozulması iddiaçı hüquqi şəxsin planlanmış sahibkarlıq fəaliyyətini, inkişaf strategiyasını, dövriyyə və gəlir planlarını pozmuş, onun normal sahibkarlıq fəaliyyətinə xələl gətirmiş və əldə etməli olduğu gəlirlərdən məhrum etmişdir. Nəzərə alınmalıdır ki, yalnız 1 kontragentə xidmət nəticəsində 1 ay ərzində 29000 manat xidmət haqqı əldə edən şirkətin, 2 illik gəliri və marjası sözsüz ki, 10.000 manatdan qat-qat çox olacaqdır. Lakin, hazırki tələbdə mütənasiblik və ağlabatanlıq prinsipi baxımından, iddiaçı əldən çıxmış faydanın tələbi hissəsində cəmi 10.000 manat ilə kifayətlənir. Əlavə olaraq, cavabdeh şirkətin müqavilə üzrə ödənişləri vaxtında həyata keçirməməsi, şirkətin maliyyə sıxıntısı ilə üzləşməsi ilə nəticələnmişdir ki, bu da şirkət əməkdaşlarına ödənilməli olan əmək haqqı və digər ödənişlərin vaxtında həyata keçirilməməsi nəticəsində əlavə penyaların tutulması ilə nəticələnmişdir. Belə ki, ümumilikdə 2023-2024-cü illər üçün şirkət tərəfindən işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı vaxtında ödənilmədiyi üçün ümumilikdə 6913,24 manat (altı min doqquz yüz on üç manat iyirmi dörd qəpik) şirkətin hesabından silinmiş penya məbləğləri də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki, həmin penyalar məhz cavabdehin icranı gecikdirməsi nəticəsində şirkətə hesablanmışdır. Tərəflər arasında bağlanmış L-XM- 061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” 1 il müddətinə bağlanmışdır. Cavabdehə 02 isentyabr 2024-cü il tarixli pretenziya məktubu tərtib edilmiş və həmin tarixdə cavabdehə göndərilərək, müqavilə üzrə öhdəliklərinin tam şəkildə 7 gün ərzində həyata keçirilməsi tələb edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

1. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə əsasən:

3. Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişç”nin tapşırığı ilə, bu Müqavilədə göstərilən şərtlər daxilində, lazımı keyfiyyətdə və səviyyədə “Sifarişçi”nin inşaat sahəsində bu Müqavilənin İ saylı Əlavəsində müəyyən olunan test və laboratoriya xidmətlərini (bundan sonra “Xidmətlər”) həyata keçirmək öhdəliyini öz üzərinə götürür, “Sifarişçi” isə həmin xidməti qəbul etməyi və bu Müqaviləyə uyğun olaraq xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.

4. Müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” Xidmətləri 2022-ci ilin avqust ayının 19undan başlayaraq günlük olaraq (saat 09:00 - 18:00; bazar ertəsi - şənbə günü) “Sifarişçi” “Çovdar” inşaat sahəsində həyata keçirəcəkdir.

5. Müqavilənin 2.2-ci bəndinə əsasən “İcraçı” sınaqlar başa çatdıqdan sonra 24 saat ərzində test hesabatlarını təqdim edəcək.

6. Müqavilənin 2.3-cü bəndinə əsasən “İcraçı” Xidmətlərin vaxtlı-vaxtında göstərilməsinə görə məsuliyyət daşıyır.

7. Müqavilənin 2.4-cü bəndinə əsasən Xidmətlərin göstərilməsi üçün gərəkli olan və bu Müqavilə ilə “Sifarişçi”nin öhdəliyinə qoyulmayan hər şeyi (işçi qüvvəsi, avadanlıq və s.) “İcraçı" öz hesabına təşkil edir.

8. Müqavilənin 2.5-ci bəndinə əsasən “Sifarişçi” istənilən vaxt Xidmətlərin tərkibini azaltmaq və ya ona əlavələr etmək hüququna malikdir.

9. Müqavilənin 2.9-cu bəndinə əsasən Əgər “Sifarişçi” işləri qəbul etməkdən imtina edirsə, onda bu barədə əsaslandırılmış səbəbləri, başa çatdırılmamış işlərin siyahısı və “Sifarişçi” tərəfindən müəyyən olunan yerinə yetirilmə müddəti göstərilməklə ikitərəfli akt tərtib olunur.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” tərəfindən təklif olunan Xidmətlər üçün xidmət haqqı aylıq 29000 AZN (əlavə dəyər vergisi xaric) təşkil edir və “İcraçf’nın bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə hər Xidmətlərin göstərildiyi ayın son 5 (beş) günündə “İcraçı” tərəfindən təqdim olunan Təhvil-təslim” Aktının “Sifarişçi” tərəfindən yazılı olaraq təsdiqləndiyi gündən 30 (otuz) iş günü ərzində ödəniləcəkdir. Bu qiymətlərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər haıısı və bütün vergi və digər məcburi ödənişlər daxildir.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən xidmət haqqının dəyərinə Müqavilənin icrası ilə bağlı hər hansı və bütün xərclər, əlavə məsrəflər, risklər və mənfəət tam daxildir.

12. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilədə qeyd olunan qiymətlər sabitdir və valyuta dəyişikliyinə görə yenidən baxılmaya, eskalasiyaya və ya hər hansı digər düzəlişə məruz qala bilməz.

13. “Daşkəsən rayonu, Çovdar inşaat” sahəsində test və laboratoriya xidmətlərinin aparılması üzrə mart 2023 il tarixə yerinə yetirilmiş işlərin xx.xx.2023-cü il tarixli qəbulu aktına əsasən görülmüş işlərin məbləği 34.220 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

14. İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDD651596 saylı eqaimə üzrə 34220 manat dəyərində (ödənilib 26035,61 manat qalıq borc 26035,61 manat),xx.xx.2023-cü il tarixli EDJ4533151 saylı e-qaimə üzrə 8566,80 manat dəyərində (qalıq borc 8566,80 manat) və xx.xx.2023-cü il tarixli, EBDL299120 saylı e-qaimə üzrə 34220 manat dəyərində (qalıq borc 34220 manat) e-qaimələr göndərilmiş və cəmi qalıq borc 50971,19 manat müəyyən edilmişdir.

15. 03.09.2024-cü il tarixli, 14/24 saylı maliyyə arayışına əsasən bu günə qədər göstərilmiş xidmətlərin əvəzi olaraq hazırkı tarixədək icra edilməmiş 3 ədəd, ümumilikdə 77006.8 manat manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 26035.62 manat manat ödəniş edilmiş, 50971.19 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən, “Maqro Construction" ilə İddiaçı MMC arasında L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” üzrə yerinə yetirilmiş işlərə görə göndərilmiş elektron qaimələr üzrə ƏDV daxil 50971,19 manat (əlli min doqquz yüz yetmiş bir manat on doqquz qəpik) ödənilməmiş əsas borc, həmin borcun ödənilməməsi səbəbindən işsizlikdən sığorta haqqı, İcbari Tibbi sığorta haqqı və Məcburi dövlət sosial sığorta haqqı vaxtında ödənilmədiyi üçün hesablanmış penyalar 6913,24 manat) təşkil edir.

16. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər arasında L-XM-061/22 saylı, xx.xx.2022-ci il tarixli "Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə əsasında cavabdehə müqavilə şərtlərinə uyğun xidmətlər göstərilmişdir. Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş vaxtda və keyfiyyətdə xidmətlər almasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, xidmətlər üzrə nəzərdə tutulmuş ödənişləri müəyyən edilmiş vaxtda etməmişdir. Belə ki, bu günə göstərilmiş xidmətlərin əvəzi olaraq 15 ədəd, ümumilikdə 595.057,78 manat məbləğində ƏDV daxil elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 544.086,59 manat ƏDV daxil ödəniş edilmiş, 50.971,19 manat ƏDV daxil hissəsi isə bu günə qədər ödənilməmişdir.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş xidmətlərin təhvil-təslimi aktı, elektron qaimələr və qismən ödənişlər ilə öz təsdiqini tapır.

25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

27. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

28. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

29. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

30. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

31. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

32. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

34. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır.

35. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair aktı ilə də təsdiqini tapır.

36. Beləliklə, iddia əsas borc tələbi hissəsində qismən – 50971,19 manat dəyərində təmin edilməlidir.

37. Bundan əlavə, iddiaçı, yaranmış borcun gecikdirilməsinə görə həmin məbləğə 5% ilə hesablanan 5097,20 manatlıq faiz borcunun cavabdeh tutulmasını da məhkəmə qaydasında mübahisələndirmişdir.

38. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

39. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

41. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə illki 5% ilə iki il müddətinə faiz borcu hesablasa da iş materiallarından görünür ki, cavabdehə göndərilən e-qaimələrin tarixi aprel, iyul, avqust 2023-cü il tarixidir, yəni borcun ödənişinin gecikdirilməsinin təxmini müddəti iki deyil, bir ildir. Beləliklə, cavabdeh tərəfindən qalıq 50971,19 manat məbləğində borcun ödənilməsi gecikdirdiyi üçün, həmin məbləğə illik 5% hesablanmaqla 2550 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə iddianın təmin edilməyən 10.000 manat əldən çıxmış fayda və 6913,24 manat penya tələbləri ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

43. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

44. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

45. 6913,24 manat peniya tələbinə dair də məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə şərtlərində cavabdeh tərəfindən borcun ödənişinin gecikdirilməsinə görə penya hesablanması və ya dəymiş digər maddi ziyanın ödənilməsi nəzərdə tutulmamışdır.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

48. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

49. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən penya məbləğinin ödənilməsi yazılı qaydada razılaşdırılmadığından iddia bu hissədə təmin edilə bilməz.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri, 318 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı vəkil bürosuna 2500 manat ödənişlər edilmişdir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

53. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

54. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

55. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə və dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin əvəzi qismində təmin edilmiş iddia tələbinə münasibətdə 254 manat (dövlət rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialından xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 50971,19 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 2550 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 1000 manat və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 254 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar