Məhkəmə qərarları › İş №e-2-2(113)-703/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-703/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-703/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, reaktiv enerji) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48744 manat pulun, 237 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021- ci il tarixli 14 nömrəli qərarı ilə 01 noyabr 2021-ci il tarixdən istehsal fəaliyyəti ilə məşğul olan şəxslər üçün elektrik enerjisinin ölkədaxili tarifi 0,10 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin ("xxxx" ASC-də abunə kodu 06/2-3581) fəaliyyəti hər zaman istehsal fəaliyyəti olmuşdur. 01 noyabr 2021-ci il tarixə qədər müəssisəyə elektrik enerjisinə görə tarif istehsal fəaliyyəti ilə məşğul olan şəxslər üçün tariflə yəni 0,09 manat ilə hesablanıb və ödənilmişdir. 01 noyabr 2021-ci il tarixdən sonra 1 kvt/s elektrik enerji sərfi üçün 0,10 manat tətbiq edilməli olunduğu halda 1 kvt/s sərfiyyat üçün 0,11 manat tarif tətbiq edilmişdir. 14 dekabr 2023-cü il tarixdə müəssisənin müraciətindən sonra 23 dekabr 2023-cü il tarixdən "xxxx" ASC tərəfindən 1 kvt/s sərfiyyat üçün 0,10 manat tarif tətbiq edilmişdir. 01 noyabr 2021-ci il tarixdən 23 dekabr 2023-cü il tarixə qədər müəssisə tərəfindən istifadə olunmuş 10103400 kvt/s elektrik enerjisinə görə tarif 0,11 manatla hesablanmış və müəssisə tərəfindən 101034 manat (10103400,0 kvt/s x0,01 manat) ödənilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün müəssisə tərəfindən "xxxx" ASC-yə müraciət edildikdən sonra 2024-cü ilin aprel ayında "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər ödənilmiş 52290,0 manat (5229000 kvt/s x0,01 manat) vəsait geri qaytarılmışdır. 10 noyabr 2021-ci il tarixdən 11 noyabr 2022ci il tarixə qədər müəssisə tərəfindən istifadə olunmuş 4874400,0 kvt/s elektrik enerjisinə görə tarif 0,11 manatla hesablanmış və müəssisə tərəfindən ödənilmişdir. Bununla da müəssisə tərəfindən istifadə olunmuş ******* kvt/s elektrik enerjisinə əlavə 48744,0 manat vəsait ödənilmişdir. Həmin vəsait müəssisə tərəfindən ödənilməsi onu maddi durumdan ağır vəziyyətə salmış və öhdəliklərini kreditorları qarşısında yerinə yetirməkdə çətinlik yaratmışdır. Bundan başqa, qeyd edilən vəsaitin müəssisə tərəfindən ödənilməsi əlavə xərclərin yaranmasına gətirmişdir ki bu da qiymətlərin süni formada artmasına səbəb olan amillərdəndir. Hazırda 01 noyabr 2021-ci il tarixdən 14 dekabr 2023-cü il tarixə qədər 48744,0 manat vəsait "xxxx" ASC tərəfindən müəssisəyə ödənilməmişdir. Müəssisə tərəfindən ödənilmiş 48744,0 manat vəsaitin geri ödənilməsi üçün "xxxx" ASC-yə pretenziya məktubu göndərilmişdir. Lakin "xxxx" ASC tərəfindən nə vəsait ödənilmişdir nə də məktuba cavab verilmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 52207,58 manat pul vəsaitinin, 247 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmuşdur ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər iddiaçıdan reaktiv enerjiyə görə 3463,58 manat əlavə vəsait alınmışdır. Bu pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 3463,58 manat pul vəsaitinin, 247 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-703/2025 nömrəli qərardadı ilə İddiaçı MMC və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri məhkəmə tərəfindən təsdiq edilmiş, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “48744 manat pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilmiş, cavabdeh "xxxx" ASC-dən 320 manat hüquqi yardıma görə xərc və 237 manat dövlət rüsumu, ümumilikdə 557 (beş yüz əlli yeddi) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi, cavabdehdən 3463,58 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Səmədova iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən cavabdehə hər ay reaktiv enerjiyə görə vəsait ödəyəcəyi razılaşdırılmış, hər ay iddiaçıdan müəyyən kateqoriya abonent qrupuna daxil olduğu və daha çox enerji sərfiyyatı olduğu üçün elektrik enerjisində yol verilmiş itkilərin kompensasiya edilməsi məqsədilə əlavə olaraq reaktiv enerjiyə görə vəsait ödənilməsi üçün müvafiq hesab fakturalar təqdim edilmiş, iddiaçı tərəfindən həmin borclar iddiaçıya ödənilmişdir. Reaktiv enerjiyə görə vəsaitin ödənilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”na 2023-cü ilin noyabr ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə daxil edilmiş olmasına baxmayaraq iddiaçının həmin vəsaiti ödəməsi daha əvvəllər tərəflər arasında imzalanmış müqavilədə razılaşdırılmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Belə ki, tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən elektroenergetika sistemin maksimum yük saatlarında istehlakçının maksimum reaktiv güc qurğuları tərəfindən elektrik şəbəkəsinə ötürülən razılaşdırılmış reaktiv güc – 381 kvar.

10. Belə ki, iddiaçı hazırda ona əsassız olaraq hesablanmış 3464,58 manat manat borcun silinməsini xahiş etmiş, cavabdeh isə iddiaya qarşı etiraz edərək, borcun əsaslı olduğunu, həmin borcun reaktiv enerjiyə görə hesablanmış sərfiyyat borcunun olduğunu bildirmişdir.

11. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

12. Həmin Qaydaların 8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır.

13. Həmin Qaydaların 8.36-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aparılır.

14. Materiallarda olan cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalara əsasən iddiaçı tərəfindən cavabdehə reaktiv enerjiyə görə ƏDV daxil olmaqla 2021-ci ilin noyabr ayı üzrə 150,21 manat, 2021-ci ilin dekabr ayı üzrə 108,68 manat, 2022-ci ilin yanvar ayı üzrə 140,49 manat, 2022-ci ilin fevral ayı üzrə 131,65 manat, 2022ci ilin mart ayı üzrə 110,45 manat, 2022-ci ilin aprel ayı üzrə 119,29 manat, 2022-ci ilin may ayı üzrə 153,31 manat, 2022-ci ilin iyun ayı üzrə 163,47 manat, 2022-ci ilin iyul ayı üzrə 147,12 manat, 2022-ci ilin avqust ayı üzrə 155,95 manat, 2022-ci ilin sentyabr ayı üzrə 138,72 manat, 2022-ci ilin oktyabr ayı üzrə 116,19 manat, 2022-ci ilin noyabr ayı üzrə 113,10 manat, 2022-ci ilin dekabr ayı üzrə 136,08 manat, 2023-cü ilin yanvar ayı üzrə 123,7 manat, 2023-cü ilin fevral ayı üzrə 105,15 manat, 2023-cü ilin mart ayı üzrə 91,9 manat, 2023-cü ilin aprel ayı üzrə 120,17 manat, 2023-cü ilin may ayı üzrə 114,42 manat, 2023-cü ilin iyun ayı üzrə 105,59 manat, 2023-cü ilin iyul ayı üzrə 123,7 manat, 2023-cü ilin avqust ayı üzrə 163,02 manat, 2023-cü ilin sentyabr ayı üzrə 168,33 manat, 2023-cü ilin oktyabr ayı üzrə 152,42 manat, 2023-cü ilin noyabr ayı üzrə 165,23 manat, 2023-cü ilin dekabr ayı üzrə 146,24 manat, ümumilikdə 3464,58 manat ödənilməlidir.

15. İddiaçının reaktiv enerjiyə görə hesablaşmalar aparılmasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq əlavə və dəyişiklik edildikdən sonra mümkün olduğunu, lakin cavabdehin əsassız olaraq iddiaçıdan daha əvvəlki dövrlər üzrə də reaktiv enerjiyə görə vəsait aldığını bildirmişdir.

16. Məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir.

17. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində rekativ enerjiyə görə də vəsait ödənilməli olması razılaşdırılmışdır. Sadalanmış qanunvericilik normalarından, həm də iş materiallarından görünür ki, borcun silinməsi üçün hazırda heç bir əsas mövcud deyil.

18. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar