Məhkəmə qərarları › İş №e-2-2(113)-705/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-705/2025

26.02.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-705/2025 26.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:sənədlərin təqdim edilməsi, auditin keçirilməsinə şəraitin yaradılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi və auditin keçirilməsinə şəraitin yaradılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi və cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X5 16 fevral 1986-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 29 iyul 2011-ci il tarixində ABŞ-ın Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Beləliklə, xx.xx.2011-ci il tarixindən etibarən tərəflər öz təsərrüfatlarını ayırmışlar. Tərəflər arasında “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair” davam edən çoxsaylı məhkəmə çəkişməsi nəticəsində İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-1971/2018 saylı qətnaməsi ilə Cavabdeh təsis payları üzərində mülkiyyət hüquqları əldə edərək, cəmiyyətin təsisçisinə çevrilmişdir. MMC tərəfindən müvafiq məhkəmə qətnaməsi icra edilərək, Məcnunbəyova cəmiyyətdə 25% paya münasibətdə təsisçi kimi tanınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarış xx.xx.2019-cu il tarixində verilsə də, faktiki olaraq qeyd edilən sənəd iddiaçıya 2024-cü ildə verilmişdir. Həmin çıxarışı əldə etdikdən sonra dəfələrlə iddiaçı tərəfindən cəmiyyətin fəaliyyəti ilə tanış olması barədə şifahi və yazılı müraciətləri olsa da, cəmiyyətin qanuni təmsilçisi tərəfindən iddiaçının xahiş və müraciəti nəzərə alınmamışdır. İddiaçı tərəfindən məhkəmədən öncə pretenziya qaydasına riayət edilməsi ilə bağlı hesab edilir ki, cavabdehə təsisçinin tələbinin icra edilməsi üçün yekun şərait yaradılsa da, direktor tərəfindən heç bir addım atılmamışdır. Ona görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti qaçılmaz olmuşdur. Hətta iddiaçı tərəfindən qeyd edilən sənədlərin təqdim edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə də müvafiq müraciət məktubu ünvanlanmış və həmin məktuba cavab olaraq DVX tərəfindən **********362700 saylı, xx.xx.2024-cü il tarixli məktub verilərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilmək və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququnun olduğu vurğulanmış, 91.4-cü maddənin tələbinə istinad edilməklə isə cəmiyyətin hər hansı iştirakçısının tələbi ilə illik maliyyə hesabatlarının auditor tərəfindən yoxlanılmasını tələb etmək imkanının nəzərdə tutulması qeyd edilmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 65.1.2, 65.1.3, 91.4, 222.2, 223.2, 223.3-cü maddələrinə istinad olunmuşdur.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi və cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi öhdəliyinin Cavabdeh MMC-nin direktor vəzifəsi daşıyan qanuni təmsilçisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili təkrar ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin ilkin redaksiyada saxlanılmaqla. qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı onun keçmiş həyat yoldaşı olan X5 ilə 16 fevral 1986-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 29 iyul 2011-ci il tarixində ABŞ-in Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 10(102)-137/2019 saylı Qərarı ilə ABŞ Kaliforniya Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli qərarı tanınmışdır. Tərəflər arasında bağlanmış nikah X1 Kaliforniya Ali Məhkəməsinin “Nikaha xitam verilməsi haqqında” 29 iyul 2011-ci il tarixli qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma nəticəsində pozulmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı öz iradə ifadəsini bildirmiş və Azərbaycan Respublikasındakı əmlakların cavabdehin mülkiyyətində qalması şərti ilə razılaşmışdır. Həmin əlavəyə əsasən cavabdeh İ.Rüstəmov tərəfindən İddiaçı 350000 ABŞ dolları həcmində pul ödənişi, mebellər və məişət əşyaları ilə birlikdə Kaliforniya, Torrance, Amie prospekti 21102 ünvanında yerləşən daşınmaz əmlak - ev, 2005-ci il buraxılışı olan BMW 525i avtomobili, iddiaçının bütün geyim, cəvahirat və zinət əşyaları və s. ödənilmiş və ya mülkiyyətinə verilmişdir. Yəni tərəflər arasında olan razılaşma bu cür olmuşdur ki, hazırkı iş üzrə iddiaçının keçmiş həyat yoldaşı İsmayıl Rüstəmov tərəfindən ona pul ödənişləri edilmiş, əvəzində isə İddiaçı Azərbaycan Respublikasında olan əmlaklara pay hüququ və s. tələblər irəli sürməməli idi. Lakin hazırkı iş üzrə iddiaçı 2018-ci ildə razılaşmanın tələblərini pozaraq Azərbaycan Respublikasında məhkəməyə müraciət edərək, tərəflər arasında nikah müddətində əldə edilmiş əmlakların üzərində qanuni rejim müəyyən edilməsini tələb etmişdir. Təəssüflər olsun ki, yuxarıda sadalanan hallara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməyərək, Cavabdeh təsis payları üzərində iddiaçı mülkiyyət hüquqlarını əldə edərək cəmiyyətin təsisçisinə çevrilmişdir. Göründüyü kimi, ABŞ Kaliforniya Ali Məhkəməsinin 29 iyul 2011-ci il tarixli “Nikaha xitam verilməsi haqqında” 29 iyul 2011-ci il tarixli qərarı və “Əmlak bölgüsü haqqında” əlavə edilmiş razılaşma ləğv edilməmiş və qüvvəsindədir. Yəni iddiaçı keçmiş həyat yoldaşı tərəfindən birgə nikah dövründə təsis edilmiş MMC-dən pay hüququ tələb etməyəcəyini könüllü olaraq bəyan etmişdir. Yalnız 2018-ci ildə iddiaçı Azərbaycan Respublikasında məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının 2011-2018-ci illər ərzində Cavabdeh maliyyə sənədləri ilə tanış olması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 71.4-cü maddəsinin tələblərinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla, qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Yəni cavabdeh tərəfindən 2011-2019-cu illərə dair hər hansı sənədlərin təqdim edilməsi mümkün deyildir. Yuxarıda sadalananları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı təsisçi kimi gəlirlər və xərclər barədə məlumatı olmalı və bunun üçün sənədlər əldə edilməlidir. Azərbaycan Respublikası Alı Məhkəməsi xarici dövlətrin qərarını yalnız boşanma ilə bağlı hissədə tanımış, digər hissədə tanınmadan imtina edilmişdir. 2011-ci ildən bugünə qədər sənədlərin tələb edilməsinin səbəbi tərəflərin həmin vaxtdan boşanmaları və öz təsərrüfatlarını ayırmalarıdır.

9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi.

10. İş materiallarından görünür ki, X11, X9 Məhkəməsinin xx.xx.2011-ci il tarixli (İş nömrəsi: BD 517 171) ləğv olunma qərarına əsasən ləğv olunma qərarı qeydı alınmış, evlilik və ya ev ortaqlığına xitam verilmişdir və tərəflərin subay şəxs statusları bərpa olunmuşdur.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 10(102)-84/2019 saylı qərardadının surətindən müəyyən olunur ki, X1 Kaliforniya Alı Məhkəməsinin nikaha xitam verilməsi haqqında” 29 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə ərizəçi X2 nümayəndəsi X4 ərizəsi baxılmamış saxlanılmışdır.

12. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 nömrəli qərarı iş materiallarına əlavə edilmişdir. Həmin qərarlardan görünür ki, "Laboratoriya Təchizatları Şirkəti-LTŞ” MMC-nin cavabdeh X3 məxsus təsis payının 1/2 hissəsində İddiaçı payı müəyyən olunmuşdur.

13. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, "xxxx" MMC-nin təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı: X5-25%; X6-50%; İddiaçı- 25% təşkil edir.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********362700 nömrəli “müraciətə baxılması barədə” məktubun məzmunundan görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi bəyannamələri barədə məlumatın həmin cəmiyyətin təsisçisi İddiaçı verilməsi haqqında müraciətə baxılmış və Vergi Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunan məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur. Bildirilmişdir ki, Cəmiyyətin gəlirləri barədə məlumat vergi sirri təşkil edən məlumat hesab olunur və bu məlumatların təsisçiyə verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 65.1.2-ci maddəsində təsərrüfat cəmiyyətinin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ, 91.4-cü maddəsində isə cəmiyyətin hər hansı iştirakçısının cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışını tələb etmək hüququ təsbit edilmişdir. Bu baxımdan "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatın əldə olunması üçün bilavasitə həmin hüquqi şəxsə, bu mümkün olmadığı təqdirdə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

15. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla, bütün illər üzrə vergi xidmətinə təqdim edilən mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsini, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olmaq, zəruri sənədlərin surətinin götürülməsi və cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının (audit tərəfindən tələb edilən sənədlərin təqdim edilməsi, maliyyə və mühasibatlığa vergi sistemindən giriş və tələb edilən digər zəruri qaydada) təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 65.1.2-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ vardır. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin məhkəmə qətnamələri ilə müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə onun keçmiş həyat yoldaşı olan X5 16 fevral 1986-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 29 iyul 2011-ci il tarixində ABŞ-in Kaliforniya ştatının məhkəmə qərarı ilə nikahları pozulmuşdur. Rüstəmov İsmayıl göstərilən qərarın Azərbaycan Respublikasında tanınması haqqında ərizə ilə Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2019-cu il tarixli qərarı ilə qərar nikahın pozulması hissəsində tanınmışdır. X8 Rüstəmov ilə bərabər iştirak payı əsasında iddiaçı ilə nikahda olduğu vaxtda "xxxx" MMC-ni təsis etmişdir.

19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1971/2018 nömrəli, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin X3 məxsus təsis payı üzərində İddiaçı ½ payda mülkiyyət hüququ tanınmış, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan göründüyü kimi, İddiaçı cəmiyyətdə 25% paya malikdir.

20. Daha sonra iddiaçı cavabdehə müraciət edərək, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olmaq və auditin keçirilməsinə şəraitin yaradılmasını tələb etmiş, lakin müraciət təmin olunmamış, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

21. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-nin 2011-ci ildən 2024-cü ilin cari ayı da daxil olmaqla bütün illər üzrə vergi xidmətinə təqdim edilmiş mənfəət bəyannamələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi, cəmiyyətin maliyyə və mühasibatlıq sənədlərilə tanış olması, zəruri sənədlərin surətinin götürülməsi təşkil edir.

22. Qeyd olunduğu kimi, İddiaçı "xxxx" MMC-nin təsisçisi və payçısı olması işin mübahisəsiz halıdır. Ona görə də iddiaçı cəmiyyətin təsisçisi kimi cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, müvafiq sənədlərlə tanış olmaq hüququna malikdir. Belə ki, MM-nin 65.1.2-ci maddəsinə əsasən təsərrüfat cəmiyyətinin iştirakçılarının cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüququ vardır.

23. İddia tələbinin digər hissəsini cəmiyyətin fəaliyyətinin yoxlanılması məqsədilə auditin keçirilməsinə şəraitin yaradılmasının təmin edilməsi təşkil edir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır.

25. İşin hallarından göründüyü kimi, iddiaçı auditin keçirilməsini tələb etsə də, hüquqi şəxs tərəfindən tələbi təmin edilməmiş, auditin keçirilməsi üçün şərait yaradılmamışdır.

26. Qeyd olunanlara əsasən iddia Azərbaycan Respublikası MM-nin 65.1.2-ci və 91.4-cü maddələrinin tələblərinə uyğun olaraq, qismən təmin olunmalı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə və mühasibatlıq sənədləri ilə (2011-ci ildən 2024-cü ilin oktyabr ayı da daxil olmaqla) tanış olması, iddiaçının hesabına cəmiyyətin maliyyə hesabatlarının auditor yoxlanışı üçün şəraitin yaradılmasının təmin edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

27. Həmçinin cavabdehin etirazı əsassız sayılmalıdır və etiraz ərizəsində göstərilənlər hazırkı nəticədən fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə və mühasibatlıq sənədləri ilə (2011-ci ildən 2024-cü ilin oktyabr ayı da daxil olmaqla) tanış olması, iddiaçının hesabına cəmiyyətin maliyyə hesabatlarının auditor yoxlanışı üçün şəraitin yaradılmasının təmin edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar