Məhkəmə qərarları › İş №e-2-2(113)-7061/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7061/2022

29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7061/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh “Leymur İnternational S.A”-ya qarşı “paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdeh Leymur İnternational S.A-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında ümumi paylı mülkiyyət olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, qapı 8 yerləşən qeyri-yaşayış sahəsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilən **********88-05301-083016 reyestr nömrəli çıxarışdakı paya uyğun olaraq (hər bir mülkiyyətçiyə ½ pay olmaqla) naturada müəyyən olunub ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən işdə iştirak edən digər şəxslərin iddia ərizəsini almasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən məlum olur ki, cavabdeh qismində xarici hüquqi şəxs göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. MPM-nin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 6 iyun 2000-ci il tarixli Qanununun 12–ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. İşdə iştirak edən xarici hüquqi şəxs onun hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini təsdiq edən sübutları kommersiya məhkəməsinə təqdim etməlidir. İşdə iştirak edən hüquqi şəxs iddia ərizəsinin verilmə anına hüquqi şəxsin statusunu və qeydiyyatını sübut edən şirkətin inkorporasiya olunmuş yerin lazımı qaydada təsdiq edilmiş dövlətin rəsmi sənədlərini təqdim etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş xarici hüquqi şəxsin hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə hüquqi şəxsin hansı ölkənin ərazisində yaradılması və rəsmi qeydə alındığı ünvan da işdən məlum deyildir. İş materiallarına 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməmə barədə arayış əlavə edilsə də, məhkəmə hesab edir ki, mediasiyanın tətbiqi barədə təklifin cavabdehə təqdim edilməsi və cavabdehin mediasiya sessiyasının keçirilməsindən məlumatlı olmasını müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150- 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh “Leymur İnternational S.A”-ya qarşı “paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar