Məhkəmə qərarları › İş №e-2-2(113)-707/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-707/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-707/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 121540 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, İddiaçı Cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, Cavabdeh isə müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric nahar yeməyi üçün isə 4.50 manat məbləğində xidmət haqqı ödəməli idi. İddiaçı həmin müqaviləyə əsasən 01 iyun 2023-cü il tarixindən 01 iyun 2024-cü il tarixinədək Cavabdehi yemək (catering) xidməti ilə təmin etməyi üzərinə götürmüşdür. Bu müddət ərzində İddiaçı tərəfindən Cavabdehə ümumilikdə 157960,70 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh isə 36420,70 manat ödəniş etmişdir. Beləliklə, göstərilən xidmətə görə xx.xx.2022-ci il tarixə ƏDV daxil olmaqla 121540 manat ödənilməmiş borc məbləği qalmışdır. Belə ki, sözügedən müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil xx.xx.2023-cü il tarixli 276324 nömrəli elektron qaiməyə əsasən 15544,73 manat dəyərində, xx.xx.2023-cü il tarixli 275348 nömrəli elektron qaiməyə əsasən 42422,77 manat, xx.xx.2023-ci il tarixli 275836 nömrəli elektron qaiməyə əsasən 4073,36 manat, xx.xx.2023-cü il tarixli 492277 nömrəli elektron qaiməyə əsasən 19596,85 manat, xx.xx.2023-cü il tarixli 493115 nömrəli elektron qaiməyə əsasən 50812,57 manat, xx.xx.2023-cü il tarixli 648679 nömrəli elektron qaiməyə əsasən 25510,42 manat olmaqla ümumi dəyəri 157960,70 manat dəyərində xidmət göstərilmişdir. ƏDV daxil ödənilmiş 36420,70 manata dair ödəniş tapşırıqları qoşmaya əlavə edilmişdir. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən hər növbəti ayın ilk 10 günü ərzində ödənilməli idi. Lakin cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (İcraçının hesablarını vaxtında ödəmək) tələblərini kobud şəkildə pozmuş və pozmağa da davam etməkdədir. Həmçinin borcun ödənilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin o açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən 2023-cü ilin iyun ayının 20-dən sentyabr ayının 19-na qədər Cavabdehə onun Laçın şəhərində yerləşən 2 müəssisəsi üzrə catering xidmətləri göstərilmişdir. Elektron qaimələrdən başqa Cavabdehə xidmətin göstərilməsini təsdiq edən digər sənəd iş materiallarına əlavə edilmiş qaimə fakturalardır. Həmin qaimə-fakturalarda adları qeyd olunmuş “Seaport Laçın” İddiaçıya, “Arenol Qrup” isə Cavabdehə məxsus şirkətlərdir. Cavabdeh tərəfindən birinci ödəniş zamanı 276324 saylı elektron qaimə üzrə 17700 manat, ikinci ödəniş zamanı 275836 və 492277 saylı elektron qaimələr üzrə 11800 manat, üçüncü ödəniş zamanı 275348, 275836 və 492277 saylı elektron qaimələr üzrə 6920.7 manat ödəniş edilmiş, 49115 və 648679 saylı elektron qaimələr üzrə isə ümumiyyətlə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Beləliklə cəmi borc məbləği 121540 manat təşkil etmişdir.

4. İddiaçının nümayəndəsi həmçinin məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraa qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Sifarişçi Cavabdeh MMC və İcraçı İddiaçı MMC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, P#2023/06/01 nömrəli Xidmət müqaviləsinin: 1-ci bəndinə əsasən, İcraçı Sifarişçiyə aşağıdakı xidmətləri göstərir: a)sifariş olunan vaxtlarda catering (yemək) xidmətlərinin təmin edilməsi, b) göstərilən xidmətlərin gigiyena standartlarına uyğunluğu, c) icraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi, d) xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi. 1.2-ci bəndinə əsasən, Sifarişçi göstərilən xidmət müqabilində Müqavilə ilə müəyyən olunmuş qaydada, müddətdə və miqdarda xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, səhər xidməti üçün qiymət ƏDV-siz 2.50 manat, nahar və şam xidmətləri üçün 4.50 manat müəyyən edilmişdir. 2.2-ci bəndinə əsasən, xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra Sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməlidir. 6.1-ci bəndinə əsasən, bu müqavilə 01 iyun 2023-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək bağlanır və imzalandığı andan qüvvəyə minir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan EBDN seriyalı 493115 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 50812.57 manat, EBDN seriyalı 492277 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 19596.85 manat, EBDL seriyalı 275836 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 4073.36 manat, EBDL seriyalı 275348 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 42422.77 manat, EBDL seriyalı 276324 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 15544.73 manat, EBDP seriyalı 648679 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə yekun məbləğ ƏDV daxil 25510.42 manat təşkil etmiş, hər bir elektron qaimənin əsası qismində 01 iyun 2023-cü il tarixli xidmət müqaviləsi çıxış etmişdir.

11. "xxxx" ASC-nin hesabdan çıxarışlardan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına ƏDV borcu üzrə xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 1055.70 manat, əsas borc üzrə 15000, 10000 və 5865 manat pul köçürülmüşdür. Beləliklə ödənişlərin yekun məbləği 36420.70 manat təşkil edir.

12. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından (cədvəldən) görünür ki, Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 157960.70 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən ƏDV daxil 36420.70 manat ödəniş olunmuş, 121540 manat borc ödənilməmiş qalmışdır.

13. İş materiallarından görünür ki, “Seaport Laçın” və “Arenol Qrup” arasında sonuncunun əməkdaşlarını səhər, günorta və axşam yemək xidməti ilə təmin edilməsinə dair qaimə-fakturalar imzalanmışdır.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, P#2023/06/01 nömrəli Xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, P#2023/06/01 nömrəli xidmət müqaviləsi əsasında İddiaçı Cavabdehi catering (yemək) xidmətləri təmin etməyi Cavabdeh isə göstərilmiş xidmət müqabilində Müqavilə ilə müəyyən olunmuş qaydada, müddətdə və miqdarda xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək Cavabdehə müqavilə xidmətlərin göstərilməsi vəzifəsini həyata keçirmiş və 157960,70 manat dəyərində yemək (catering) xidməti göstərmiş, lakin Cavabdeh öz vəzifəsini icra etməyərək, göstərilmiş xidmətlərin böyük bir hissəsinin dəyərini ödəməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən görünür ki, sözügedən müqavilə ilə bağlı göndərilmiş elektron qaimələr üzrə Cavabdeh tərəfindən ƏDV daxil 36420.70 manat ödəniş olunmuş, 121540 manat borc ödənilməmiş qalmışdır (1579xx.xx-36420.70=121540).

17. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

18. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımı qaydada icra edilmədiyini, belə olan halda isə İddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını və Cavabdeh tərərfindən müqavilə üzrə ödənişlərin bir qisminin həyata keçirilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Prefabrik MMC-dən 121540 manat pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 121540 (yüz iyirmi bir min beş yüz qırx) manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar