Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7081/2024 19.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dəbbə pulu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə və onun Əlavəsi üzrə öhdəliklərinin pozulmasına görə Cavabdeh MMCdən 890 AZN (səkkiz yüz doxsan manat) məbləğində əsas borcu, əlavə iddiaçı tərəfindən 32 (otuz iki manat) məbləğində ödənilmiş dövlətrüsumu, ümumi olaraq 922 (Doqquz yüz iyirmi iki manat) məbləğini və məhkəmədə yarana biləcək digər xərclərini tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “24” aprel 2024-cü il tarixli sərnişin və baqaj daşınması xidmətlərinin göstərilməsi barədə AG005691 №-li Müqavilə bağlanmışdır. Bundan əlavə, Müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylıƏlavəsi tərəflər arasında bağlanmışdır. İddiaçı yuxarıda göstərilən Müqavilə və Əlavəyə əsasən icraçı qismində iştirak etmiş və onun tərəfindən bu Əlavə üzrə öhdəliklər tam yerinə yetirilmiş, xidmətlər lazımınca göstərilmişdir və bununla cavabdeh göstərilən xidmətlərin dəyərini İddiaçıya ödəməli idi. 01 saylıƏlavəyə görə sərnişin daşıma xidməti üzrə xx.xx.2024-xx.xx.2024-cü il dövr üçün ödəniləcək ümumi məbləğ 890 AZN təşkil edirdi və göstərilən xidmətlərin dəyərini icraçı (iddiaçı) Sifarişçiyə (cavabdehə) göndərdiyi hesab-faktura əsasında 5 (beş) gün ərzində icraçının bank hesabına köçürməli idi. Sifarişçi (cavabdeh) elektron-qaimə fakturadakı məlumatlarla razılaşmaqdıqda elektron-qaimə fakturanı rədd edir və ya düzəliş edilməsi üçün icraçıya (iddiaçıya) geri göndərir. 5 təqvim günü ərzində elektron qaimə-fakturanın rədd edilməməsi və ya düzəliş edilməsi üçün geri göndərilməməsi elektron qaiməfakturanın təsdiq edilməsi qəbul edilir. Sifarişçi (cavabdeh) təqdim edilmiş elektronqaimə fakturaya etirazını bildirdiyi təqdirdə təqdim edilmiş etiraza cavab vermə müddəti etirazın alındığı tarixdən etibarən 5 təqvim günü təşkil edir. Sifarişçinin (cavabdehin) müəyyən edilmiş müddətdə etiraza cavab almaması içraçının (iddiaçının) etirazı qəbul etməsi deməkdir. Bu Müqavilə üzrə göstərilən aylıq xidmətlər bitdikdən sonra elektron qaimə-faktura və ya təhvil-təslim aktı təqdim edilir və elektron qaimə-faktura xidmətlərin təhvil verilməsini təsdiqləyən sənəd hesab edilir. (Elektron qaimə-fakturalar ərizəyə əlavə olunur) Bundan əlavə olaraq, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürmüş və ona xeyli müddət vermişdi. Nəticə olaraq 05 iyul 2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi üçün xx.xx.2024-cü il tarixinədək vaxt verilmişdir. Pretenziya məktubunda hüquqi ünvan qeyd olunduğu üçün məktub qayıtmış, lakın eyni məzmunlu məktub borclunun vergi elektron kabinetinə xx.xx.2024-cü il tarixində göndərilmişdir (şəkli əlavə olunur). Bundan sonra 30 iyul 2024-cü il tarixində borclu hüquqi şəxsin direktoru ilə əlaqəyə keçilmişdir və borc məbləğinin ödənilməsi barədə tələb bildirilmişdir, lakin borclu borc öhdəliyinin hansı tarixdə yerinə yetiriləcəyini bildirməmişdir. Nəticədə bugünədək mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. Hüquqi əsaslar: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar yaranmış borc məbləğinin ödənilməsinə görə Cavabdeh MMC-dən 890 manat məbləğində əsas borc, EBED 614603 nömrəli elektron qaimə-faktura üzrə ödəməli olduğu cərimə 250.1, MT2406 10394887 nömrəli elektron qaimə-faktura üzrə ödəməli olduğu cərimə 266.4 manat, 516.5 manat cərimə borcunun və dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş manat) dövlət rüsumunun tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış AG005691 nömrəli, xx.xx.2024-cü il tarixli Müqavilənin 5.2-ci bəndində göstərilir ki, Xidmətlərin dəyərinin ödənilməsi üçün İcraçı Sifarişçiyə elektron-qaimə faktura və hesab və ya sadəcə elektronqaimə-faktura təqdim edir. Sifarişçi 7 ( yeddi) iş günü ərzində həmin məbləği İcraçıya ödəməyi öhdəsinə götürür. Cavabdeh bu bənddə göstərilən şərti bu günə qədər pozmaqda davam edir. Həmçinin adı çəkilən Müqaviənin 5.3-cü bəndində göstərilir ki, Sifarişçi ödəmənin hər gecikdirilmiş günü üçün gecikdirilən məbləğin 0,5% həcmində olmaqla cərimə ödəyir. Hal-hazırda Cavabdehin əsas borcdan əlavə cərimə borcunun hər keçən gün hesablanması davam edir. Beləliklə, cavabdehin əsas borcdan əlavə EBED 614603 nömrəli elektron qaiməfaktura üzrə ödəməli olduğu cərimə 250.1 (iki yüz əlli manat 10 qəpik) , MT2406 10394887 nömrəli elektron qaimə-faktura üzrə ödəməli olduğu cərimə 266.4 (iki yüz altmış altı manat qırx qəpik) manat, ümumilikdə 516.5 (beş yüz on altı manat əlli qəpik) manat cərimə borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və cavabdehdən iddiaçının xeyrinə 1441 manat borc məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AG005691 saylı sərnişin və baqaj daşınması xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı xidmətləri müqavilədə və müvafiq sifarişdə nəzərdə tutulmuş şərltərə uyğun yerinə yetirməyi, Sifarişçi isə xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürür.
11. Müqavilənin 4.2-cü bəndinə əsasən göstərilmiş xidmətlərə uyğun olaraq İcraçı istifadə edilmiş limitə görə Sifarişçiyə hesabat göndərir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən Müqavilə üzrə göstərilən xidmətlərin dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 01 (Əlavələr) ilə müəyyən edilir.
13. Müqavilənin 5.2-ci bəndinə əsasən xidmətlərin dəyərinin ödənilməsi üçün İcraçı Sifarişçiyə elektron qaimə-faktura və hesab və ya sadəcə elektron qaiməfaktura təqdim edir. Sifarişçi 7 (yeddi) iş günü ərzində həmin məbləği İcraçıya ödəməyi öhdəsinə götürür.
14. Müqavilənin 5.3-cü bəndinə əsasən Sifarişçi ödəmənin hər gecikdirilmiş günü üçün gecikdirilən məbləğin 0,5%-i həcmində olmaqla cərimə ödəyir.
15. Müqaviləyə xx.xx.2024-cü il tarixli 01 saylı Əlavəyə əsasən tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri və həcmi müəyyən edilmişdir.
16. 29.05.2024-cü il tarixli, EBED614603 saylı e-qaiməyə əsasən iddiaçı MMC tərəfindən 410 manat dəyərində və xx.xx.2024-cü il tarixli, MT**********87 saylı eqaiməyə əsasən isə 480 manat dəyərində göstərilmiş xidmətlərə dair qaimələr tərtib edilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
21. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
23. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
24. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
25. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
26. İşdən göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında “24” aprel 2024-cü il tarixli sərnişin və baqaj daşınması xidmətlərinin göstərilməsi barədə AG005691 №-li Müqavilə bağlanmışdır. İddiaçı yuxarıda göstərilən Müqavilə və Əlavəyə əsasən icraçı qismində iştirak etmiş və onun tərəfindən Müqaviləyə Əlavə üzrə öhdəliklər tam yerinə yetirilmiş, xidmətlər lazımınca göstərilmişr və bununla cavabdeh göstərilən xidmətlərin dəyərini ümumi məbləğ 890 AZN manat ödəməmiş və iddiaçı həmin məbləğin və ona hesablanmış cərimə məbləğlərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır, əksinə, Müqavilənin 5.2-ci maddəsində xidmətlərin dəyərinin ödənilməsi üçün İcraçı Sifarişçiyə elektron qaimə-faktura və hesab və ya sadəcə elektron qaimə-faktura təqdim edilməsi razılaşdırılmışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
36. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə şərtlərinə müvafiq olaraq elektron qaimələr ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 890 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
37. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən EBED 614603 nömrəli elektron qaimə faktura üzrə 250.1 manat, MT2406 10394887 nömrəli elektron qaimə-faktura üzrə 266.4 manat olmaq, ümumilikdə 516.5 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
40. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
41. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə (hər iki qaimə üzrə cəmi) 45 manat məbləğində müəyyən edilməlidir.
42. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 890 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 890 manat əsas bоrc, 45 manat dəbbə pulu borcu tutularaq iddiaçıya ödənilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat (iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq) dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 890 manat əsas borc məbləği, 45 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova