Məhkəmə qərarları › İş №e-2-2(113)-7087/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7087/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7087/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mobil rabitə xidməti müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 56,25 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 17 mart 2011-ci il tarixli abunə müqaviləsinə əsasən iddiaçı cavabdehi nömrə ilə təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl edərək nömrələr və rabitə xidmətləri ilə cavabdehi təmin etmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliklərə əməl etməmiş, təqdim edilmiş xidmətlərdən istifadə etsə də, xidmət haqlarını ödəməkdən yayınmışdır. Buna görə də cavabdehin iddiaçıya 56,25 manat ödənilməmiş borcu qalmışdır. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh MMC iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, hazırki tarixdə cavabdeh X3 MMC-nin iddiaçı Azərfon MMC-yə hər hansı məbləğdə borcu yoxdur. Bu halı təsdiq edən fakt ondan ibarətdir ki, tərəflər arasında abunə müqaviləsi 17 mart 2011-ci il tarixində imzalanmış və 17 mart 2015-ci il tarixinədək hüquqi qüvvədə olmuşdur. Əgər cavabdehin iddiaçıya borcu olduğu müvafiq qeydlərdə görünsə idi iddiaçı 9 (doqquz) il ərzində bunu cavabdehdən tələb edərdi. Lakin qeyd olunan borc məbləği bugünə qədər tələb edilməmişdir. Bu da bir daha onu göstərir ki, belə bir borc mövcud deyildir. Bundan başqa qeyd edək ki, iddiaçının iddiasının əsası kimi məhkəməyə təqdim etdiyi sənədlər də borcun mövcudluğunu sübut etmir və iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. Qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə sübutlar qismində təqdim edilən sənədlər siyahısında əskikliklər mövcuddur. İddiaçı iddia edir ki, cavabdehin ona 17 mart 2011-ci il tarixli müqaviləyə əsasən 56,25 ödənilməmiş borcu qalmışdır. Buna baxmayaraq, həmin müqavilə üzrə qeyd edilən məbləğin ödənilməməsi ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənəd (hesab faktura) məhkəmənin işin mahiyyəti üzrə baxması və iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına kifayət etmir. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh MMC iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı təşkilat iddia tələbində iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələbi olan 56,25 manatın mənbəyi 17 mart 2011 - ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsindən irəli gəlir. Qeyd edilən qanunvericiliyə əsasən öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasına baxmayaraq, bu müqavilənin bağlandığı andan artıq 13 il müddət ötmüşdür. Həmçinin, nəzərə alınsa ki, qeyd olunan abunə müqaviləsinin hüquqi qüvvəsi xx.xx.2015-ci il tarixində bitib, o zaman əminliklə demək olar ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülərək verilmiş və bu hal iddianın rədd edilməsi üçün əsasdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı MMC və Cavabdeh MMC arasında 17 mart 2011-ci il tarixli abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər müqaviləyə əlavə olunan siyahıda əks olunan nömrələri Azerfon tərəfindən xidmətlərdən istifadə üçün Abunəçiyə təqdim etməsinə, Abunəçi tərəfindən xidmətlərindən 2 il müddətinə bu müqavilədə nəzərdə tutulan qaydada istifadə edilməsi və müvafiq Tarif Planına uyğun olaraq xidmət haqqının ödənilməsinə razılaşmışlar. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətin dəyəri icra olunma tarixinə qüvvədə olan Tarif Planına əsasən müəyyən olunur. Müqavilənin 5.2-ci bəndinə əsasən hesab-faktura aldıqda Abunəçi ödənişi hesabfakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesabfakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi qəbul edilir. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı gündən etibarən qüvvəyə minir və 2 il müddətində qüvvədə qalır. Müddətin sonunda tərəflərin heç bir etirazı olmazsa müqavilə eyni müddətə uzadılmış hesab edilir. xx.xx.2024-cü il tarixli hesab-faktura sənədindən görünür ki, Cavabdeh MMC-yə 56,25 manat məbləğində qalıq borc hesablanmışdır. xx.xx.2011-ci il tarixli təminat məktubundan görünür ki, Cavabdeh MMC xx.xx.2011ci il tarixli müqaviləyə əsasən şirkət üçün ayrılan nömrələr üzrə göstərilən xidmətlərə görə müqavilədə müəyyən edilmiş şərtlər daxilində ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət vermişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında 17 mart 2011-ci il tarixli abunə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə danışıq haqqının vaxtında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, borcun yaranması tərəflər arasında 17 mart 2011-ci il tarixli abunə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni abunə haqqının ödənilməməsindən irəli gəlir. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edirəm ki, iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış abunə müqaviləsi üzrə cavabdehə cəmi 56,25 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız xx.xx.2024-cü il tarixli hesab faktura əlavə edilmiş, həmin hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan hazırkı borcu ƏDV daxil olmaqla 56,25 manat qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturada borcun hansı nömrələr üzrə, hansı müddətdə və nəyə görə yaranması, ödənişin hansı müddətdən ödənilmədiyi qeyd edilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qeyd edim ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə qeyd etməyi zəruri hesab edirəm ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 34,21 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, hətta, cavabdehin 17 mart 2011-ci il tarixli abunə müqaviləsi üzrə borcu yaranmış olsa belə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edirəm. Tərəflər arasında yazılı formada bağlanmış abunə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sənədlər işə əlavə edildiyindən hesab edirəm ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Bununla belə iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən edilsə də, iddia tələbinin təmin edilməsini mümkün saymıram. Ona görə ki, iddiaçı, MM-in 373.2ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki tərəflər arasında imzalanmış abunə müqaviləsinin 5.2-ci bəndində abunəçiyə xidmətlərə görə hesab-faktura təqdim olunması, abunəçinin hesab-fakturanı aldıqda, ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcluğu qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturada hazırkı borcun hansı tarixdən yaranması, hansı dövrü əhatə etməsi və hansı müddətdə ödəniş edilməli olması qeyd olunmadığından, cavabdeh tərəfindən öhdəliyin hansı tarixdən etibarən icra edilməli olmasını müəyyən etmək mümkün olmur. Tərəflər arasında imzalanmış abunə müqaviləsi üzrə xx.xx.2011-ci il tarixli təminat məktubunun təqdim edilməsindən sonra cavabdeh tərəfindən hər ay ödənişlərin edilməsi öhdəliyinin yaranması əsas götürüldükdə, öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2011-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmış hesab edilməlidir. Bundan sonra isə cavabdeh tərəfindən borcun etirafı ilə bağlı hər hansı hərəkətlər edilməmiş və həmin tarixdən də üç il müddət keçmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2011-ci il tarixli müqavilə üzrə iddia müddətinin başlanğıcı xx.xx.2011-cı il tarixdə başlanmış və xx.xx.2014-cü il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni müqaviləyə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti də keçmişdir. Beləliklə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayıram və onun rədd edilməsi qənaətinə gəlirəm. Hesab edirəm ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar