Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7100/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X4" MMC-dən İddiaçı xeyrinə maddi ziyana görə 3333 (üç min üç yüz otuz üç) manat və mənəvi ziyana görə 2000 (iki min) manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi), ödənilmiş dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat, cəmi 5727 ( beş min yeddi yüz iyirmi yeddi) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh "X4" MMC (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət göstərilməsi haqqında müqavilə ilə cavabdeh üzərinə götürdüyünü öhdəliyi icra etməmiş və nəticədə iddiaçıya 3333 (üç min üç yüz otuz üç) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan dəymişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Xidmət göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının Maldiv adasına turist kimi səfərini təşkil etməli, o cümlədən hoteldə yuxarı mərtəbədə dəniz mənzərəli otaqla təmin etməli və bunun təşkili üçün iddiaçı cavabdehə 3333 (üçü min üç yüz otuz üç) manat pul vəsaiti ödəməli idi. İddiaçı qeyd olunan pul vəsaitini ödəməklə öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam və düzgün icra etməmiş, iddiaçıya vəd edilmiş formada turistik xidməti göstərməmişdir. Beləliklə, iddiaçıya 3333 (üçü min üç yüz otuz üç) manat maddi ziyan dəymişdir. Bununla yanaşı, cavabdehin müqavilə üzrə öhdəliyini düzgün icra etməməsi iddiaçının məzuniyyətdə istirahətini istədiyi kimi təşkil edə bilməməsi, iddiaçıda dərin əsəb sarsıntısı yaratmaqla mənəvi ziyana səbəb olmuşdur ki, iddiaçı həmin mənəvi ziyanın məbləğini 2000 (iki min) manat qiymətləndirir. Cavabdehin müqavilə üzrə öhdəliyini düzgün icra etməməsi nəticəsində ümumilikdə, iddiaçıya 5333 (beş min üç yüz otuz üç) manat ziyan dəymişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı fərdi sahibkar olsa da (VÖEN-ni mövcüddur), hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlə fiziki şəxs kimi turist xidmətinin göstərilməsi məqsədi ilə xidmət müqaviləsi bağlanmışdır (iddiaçının özünün Maldiv adasına turist kimi səfərinin təşkil edilməsi, o cümlədən hoteldə yuxarı mərtəbədə dəniz mənzərəli otaqla təmin edilməsi). Göründüyü kimi mübahisə iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, fiziki şəxs olaraq bağlanmış müqavilədən yaranan turistik münasibətlərindən irəli gəlir. Mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakteri birlikdə nəzərə alınmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 18-ci bəndinə əsasən işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətəndirərək hesab edir ki, iş üzrə həm iddiaçı, həm cavabdeh sahibkarlıq subyektləri olsalar da, lakin hazırki mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmədiyi üçün, Cavabdeh X2 qeydiyyat ünvanı Bakı şəhəri Yasamal Rayonu ərazisində yerləşdiyindən, hazırkı işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh X1rşı “pul” tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7100/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7100/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver