Məhkəmə qərarları › İş №e-2-2(113)-7115/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7115/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7115/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/006/24 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil, cəmi 30.296,55 (otuz min iki yüz doxsan altı, əlli beş qəp.) AZN qalıq borcunun, həmin vəsaitin indiyədək gecikdirilməsinə görə iddiçıdan müqavilənin 4.4-cü bəndinə əsasən 13.330,24 (on üç min üç yüz otuzmanat, iyirmi dörd qəp) AZN dəbbə pulunun, ödənilmiş 500 manat vəkil hüquqi xidmət haqqının, 183 (yüz səksən üç) və 40 (qırx) AZN olmaqla, cəmi 223 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, viləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-ə müqavilə üzrə razılaşdırılmış xidmətləri göstərmişdir. İddiaçı – İcraçı İddiaçı MMC cavabdehə indiyədək özünə məxsus texnikalarla ümumi dəyəri ƏDV daxil 37.371,41 (otuz yeddi min üç yüz yetmiş bir, qırx bir qəp) manat dəyərində xidmətlər həyata keçirtmişdir. Cavabdeh MMC göstərilmiş xidmətlər qarşılığında indiyədək iddiaçıya ƏDV daxil cəmi 7074,86 (yeddi min yetmiş dörd manat, səksən altı qəp.) ödəniş etmişdir. Lakin cavabdehin iddiaçı göstərdiyi xidmətlərə görə ona ƏDV daxil, cəmi 30.296,55 (otuz min iki yüz doxsan altı, əlli beş qəp.) AZN borcu qalmaqda davam edir. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı da bunu təsdiq edir. Cavabdeh xidmətlərin göstərilməsi və onların dəyərinə iddiaçı ilə 01 Aprel, 02 Aprel, 06 və 18 May 2024-cü il tarixlərində təhvil-təslim aktları tərtib edərək, səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqləmişdir. Cavabdehə göndərilmiş e-qaimələr cavabdehin vergi sistemi tərəfindən deyil, məhz özü tərəfindən təsdiq edilmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimələr üzrə xidmət haqqı və öhdəliyi mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir. Müvafiq sübut DVX-nin vergi kabinetindən ərizəyə əlavə olunur. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 9.2-ci bəndində əsasən “hazırki müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir” göstərilmişdir. Bunu rəhbər tutaraq iddiaçı olan şirkət borcunu ödəməsi barədə cavabdehə elektron məhkəmə kabineti vasitəsi ilə 19.07.24-cü il tarixdə pretenziya məktubu göndərmiş, borcunu ödəməsi üçün möhlət verilmişdir (bu barədə sübut ərizəyə əlavə olunur). Lakin pretenziya məktubuna cavabdehən iddia ilə məhkəməyə müraciət edilən ana qədər heç bir reaksiya gəlməmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 4.3-cü maddəsinə əsasən “hazırki müqavilə üzrə hesablaşmalar Tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir”. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Həmin Müqavilənin 4.4-cü bəndində əsasən Sifarişçi göstərilmiş xidmətlərə görə xidmət haqqını 30 iş günündən artıq müddətə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1 %-i miqdarında cərimə ödəyir. Nəzərə alsaq ki, cavabdehdən tələb edilən iddia məbləğimiz 30.296,55 AZN-dir, o zaman məbləğin 1 gün üçün 1%-i 302,96 AZN təşkil edəcək. Gecikdiriən günlərin sayı yekun cəmi borcu formalaşdıran sonuncu tərtib edilmiş 18 May 2024-cü il tarixli Təhvil-təlim aktından indiyədək hesablanmalı olduğunu və belə vəziyyətdə növbəti ödəniş ayı olacaq İyunun 1 və şənbə-bazara düşdüyünü, bununla da ilk 5 iş gününün 3-7si aralığına təsadüf etdiyini nəzərə alaraq 18 Mayda tərtib edilmiş akt üzrə müqavilənin 4.3-cü bəndi üzrə iyun ayının ilk 5 iş günü gözləsək, o zaman 2024-cü ilin iyun ayının 10-dan iddiamızın məhkəməyə verildiyi 23 İyul tarixinə qədər 44 gün təşkil edir və bununla da indiyədək cavabdeh tərəfindən ödənişi gecikdirilmiş tələb üzrə cərimənin məbləği 44 (gecikdirilən günlərin sayı) x 302,96 (bir gün üçün gecikdirimiş məbləğin miqdarı) =13.330,24 (on üç min üç yüz otuzmanat, iyirmi dörd qəp) AZN ümumi cərimə məbləğini təşkil edəcəkdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək bildirmişdir ki, 29 Oktyabr 2024-cü il tarixdə cavabdeh ƏDV daxil 6700 manat ödəniş etdiyi üçün iddia tələbinin buna uyğun olaraq azaldılıb ƏDV daxil cəmi 23.597 (iyirmi üçün min beş yüz doxsan yeddi) AZN həddində əsas borcun tutulması olaraq nəzərə alıb digər tələblərimiz ilə yanaşı qətnamə çıxarmanızı xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, tərəflər arasında 38.000 manat dəyərində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin məbləğdən 8000 manat ödənilmişdir, lakin sonradan şirkətin maddi vəziyəti pisləşdiyi üçün ödənişləri ləngidi. Ödənişlərin gecikməsi məhz bununla bağlı olmuşdur, borcdan yayınmaq niyyətində deyillər. Borcu hissəvi şəkildə ayda 5000-6000 manat civarında olmaqla ödəyə bilərlər. Bununla bağlı qarşı tərəfin razılığını istəyirlər.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTG/006/24 saylı xidmət müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra «Xidmət») göstərməyi öz öhdəsinə götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən Xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi Sifarişçi tərəfindən verilir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir).

13. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı bu Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçınm yerinə yetirdiyi işlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-təslim aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil alınır.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:

16. Müavilənin 3.1.4-cü bəndinə əsasən Xidmətlərin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini İcraçıya ödəmək;

17. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 (üç) iş günü ərzində göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.

18. Müqavilənin 4.3-cü bəndinə əsasən Hazırki Müqavilə üzrə hesablaşmalar Tərəflər arasında imzalanmış Təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

19. Müqavilənin 4.4-cü bəndinə əsasən Sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 (otuz) iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1 (bir) % miqdarında cərimə ödəyir.

20. 01.04.2024-cü il tarixli, 2 saylı təhvil təslim aktına əsasən göstərilmiş xidməin dəyəri ƏDV daxil 9675,60 manat, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli 3 saylı təhvil təslim aktına əsasən 5965,50 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 04 saylı təhvil təslim aktına əsasən 9833,20 manat dəyərində və xx.xx.2024-cü il tarixli, 5 saylı təhvil təslim aktına əsasən 4822,05 manat dəyərində xidmət göstərilmişdir.

21. 15.03.2024-cü il tarixli, EBEA305043 saylı e-qaimə əsasən isə 7074,86 manat dəyərində, xx.xx.2024-cü il tarixli EBEB366599 saylı e-qaiməyə əsasən 5718,46 manat dəyərində, xx.xx.2024-cü il tarixli EBEC814423 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 9833,20 manat dəyərində xidmət haqqı göstərilməsi ilə bağlı e-qaimə tərtib edilmişdir.

22. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

26. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

28. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 23597 manat (ƏDV daxil) məbləğində borc ödənilməmiş qalmışdır.

29. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia bu hissədə təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 23597 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

30. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.4-cü maddəsinə əsasən hesablanmış 13330,24 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1515 manat məbləğində müəyyən edilməlidir.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 223 manat dövlət rüsumu və 500 manat məbləğində hüquqi xidmətə görə ödənişlər edilmişdir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 187 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti və 500 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23597 manat borc məbləği, 1515 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 187 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar