Məhkəmə qərarları › İş №e-2-2(113)-714/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-714/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-714/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı cavabdehə xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində vəsaitin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 300 manatın və 60 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 1558,40 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehə xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində vəsaitin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 300 manatın və 60 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 1558,40 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli “Chery” markalı avtomobil üçün promo reklamı üzrə xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Bağlanan müqaviləyə əsasən göstərilmiş xidmətə görə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə göndərilmiş, həmin qaiməyə əsasən xx.xx.2022-ci il tarixində 1198.40 manat məbləğində vəsait iddiaçı tərəfindən ödənilmiş, bununla da müqavilənin icrası yekunlaşmışdır. Sonradan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində yuxarıda qeyd edilən eyni qaimə üzrə təkrarən və yanlışlıqla 1198.40 manat məbləğində pul vəsaiti cavabdehin hesabına ödənilmişdir. Bununla bağlı şifahi formada cavabdehə məlumat verilmiş və yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində pulun geri qaytarılması xahiş edilmişdir. Buna baxmayaraq, onun tərəfindən əsassız olaraq məbləğin geri qaytarılmayacağı bildirilmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödənişin geri qaytarılmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh prentenziya məktubunu qəbul etməkdən qəsdən imtina etmiş və ödənişin geri qaytarılması ilə bağlı hal-hazıradək hər hansı addım atmamışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh və iddiaçı arasında 16 sentyabr, 2022-ci il tarixli 1 saylı “Reklam xidmətlərinin göstərilməsi barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin 2-ci maddəsinə əsasən, X4 (icraçı) İddiaçı MMC-nin (sifarişçi) reklamını həyata keçirməlidir. Müqavilənin 3-cü maddəsinə əsasən, müqavilənin ümumi dəyəri bu müqavilənin ayrılmaz hissələri olan əlavələrə əsasən göstəriləcək xidmətlərə müvafiq olaraq müəyyən olunmalıdır. Müqaviləyə əsasən, 1 (bir) aylıq reklamın Bakı şəhəri daxilində qiyməti (1 növbə üzrə) 800 manat təşkil edir. 16 sentyabr 2022-ci il tarixli 1 saylı müqaviləyə Razılaşma Protokoluna əsasən, icraçı hər biri 800 manat məbləğində, 2 növbəli olmaqla reklam xidmətləri göstərməyi öhdəliyinə götürmüşdür. Reklam xidmətlərinin göstərilməsinin qarşılığında “Sifarişçi” ümumilikdə 1712 manat (7% vergi daxil edilməklə) ödəməyi qəbul etmişdir. 10 oktyabr 2022-ci il tarixli EBCG seriyalı 839437 saylı elektron qaiməyə əsasən, 12 oktyabr 2022-ci il tarixində 1198.40 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı bununla iddia edir ki, müqavilənin icrası yekunlaşdırılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, yuxarıda qeyd edilən eyni qaimə üzrə təkrar ödəniş edilmiş və cavabdehə yanlışlıqla 1198.40 manat ödənilmişdir. 16 sentyabr 2022-ci il tarixli müqaviləyə edilmiş “Razılaşma Protokolu”ndan göründüyü kimi, reklam xidmətlərinin göstərilməsinə görə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1712 manat ödənilməli idi. Lakin iddiaçı müqavilənin tələblərinə tam riayət etməmiş, 10 oktyabr 2022-ci il tarixli EBCG seriyalı 839437 saylı elektron qaiməyə əsasən 1198.40 manat ödəmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehin hesabına müqavilədən irəli gələn öhdəlikdəki məbləğdən az ödəniş edilmişdir və eyni elektron qaimə vasitəsi ilə ikinci dəfə ödəniş edilməsi isə əsassız varlanma hesab edilməməlidir. İddia tələbində göstərilən 1198.40 manat məbləğ əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən hesabına 2396.80 manat məbləğində pul vəsaiti ödənilmişdir, lakin qeyd edilən məbləğin 1712 manatı tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdehə çatmalı məbləğdir. İddiaçı tərəfindən cavabdehdən ümumilikdə 1588.40 manat tələb olunması əsassızdır. Belə ki, ödənilmiş 2396.80 manat məbləğin 1712 manat məbləğində olan hissəsi tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ona çatmalı məbləğ olduğundan iddiaçı hesabına cəmi 684.80 manat əlavə pul ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən ödənilən 684.80 manat vəsaitə görə ümumilikdə 170.88 manat vergi ödəməklə ziyana düşmüşdür. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, xx.xx.2022-xx.xx.2023 il ərzində cavabdeh iddiaçının CHERY avtomobili üçün Bakı şəhəri daxilində və şəhərətrafı ərazilərdə (Bakı mollarda) promo reklamını həyata keçirməyi, hər ayın sonunda (promodan sonra) tərəflər arasında bağlanmış və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də “Razılaşma Protokolu”nda müəyyən edilmiş miqdarda və şərtlərlə iddiaçıya çatdırmağı, iddiaçı isə cavabdehə göstərilən xidmətin haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən avtomobilin promosu xidmətləri (CHERY avto) üzrə 1198,40 manat dəyərində xidmət göstərilməsinə dair iddiaçıya elektron qaimə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 212OPXO222850557 saylı “A” formatlı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən reklam xidmətinə görə xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimə üzrə 1198,40 manat cavabdehin hesabına ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli 212OPXO223140580 saylı “A” formatlı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən reklam xidmətinə görə xx.xx.2022-ci il tarixli EBCG seriyalı 839437 nömrəli elektron qaimə üzrə 1198,40 manat cavabdehin hesabına ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən xx.xx.2022-xx.xx.2023 il ərzində cavabdeh iddiaçının CHERY avtomobili üçün Bakı şəhəri daxilində və şəhərətrafı ərazilərdə (Bakı mollarda) promo reklamını həyata keçirməyi, hər ayın sonunda (promodan sonra) tərəflər arasında bağlanmış və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də “Razılaşma Protokolu”nda müəyyən edilmiş miqdarda və şərtlərlə iddiaçıya çatdırmağı, iddiaçı isə cavabdehə göstərilən xidmətin haqqını ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən iddiaçıya 1198,40 manat dəyərində göstərilmiş xidmətlərə görə xx.xx.2022-ci il tarixində EBCG seriyalı 839437 nömrəli elektron qaimə təqdim edilmiş, iddiaçı tərəfindən həmin elektron qaiməyə əsasən 1198,40 manat cavabdehin hesabına ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh öhdəliyi yerinə yetirərək, xidmətlər göstərmiş, bunun nəticəsində iddiaçı da cavabdehin təqdim etdiyi elektron qaiməyə əsasən xidmətin haqqını ödəmişdir. Lakin iddiaçı eyni seriyalı və eyni nömrəli elektron qaiməyə əsasən ikinci dəfə eyni məbləği cavabdehin hesabına ödəmişdir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən onun hesabına 2396.80 manat məbləğində pul vəsaiti ödənilmiş, qeyd edilən məbləğin 1712 manatı tərəflər arasında bağlanmış müqaviləyə əsasən, ona çatmalı məbləğdir, iddiaçı onun hesabına cəmi 684.80 manat əlavə pul ödəmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli, 01 nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər “İcraçı” (yəni cavabdeh) tərəfdən təqdim olunan hesablara əsasən hesabın təqdim edilməsi tarixdən ümumi məbləğin ödənilməlidir. İş materiallarından, eyni zamanda cavabdehin iddia ərizəsinə etirazından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətlərə dair yalnız bir ədəd, dəyəri 1198,40 manat olan EBCG seriyalı 839437 nömrəli elektron qaimə təqdim edilmişdir ki, iddiaçı tərəfindən həmin məbləğ xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Cavabdeh göstərdiyi xidmətin dəyərinin 1712 manat olmasını qeyd etsə də, elə özü tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimədə göstərdiyi xidmətin dəyərinin 1198,40 manat olduğunu göstərmiş, qalan 513,6 manat (1712 - 1198,40) dəyərində xidmətin göstərilməsinə dair cavabdeh tərəfindən iddiaçıya müqaviləyə əsasən hesabın təqdim olunmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tədqiqatı zamanı təsdiq olunur ki, cavabdeh tərəfindən 1198,40 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmiş, iddiaçı tərəfindən isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə olmaqla ümumilikdə cavabdehin hesabına 2396.80 manat ödəniş edilmişdir ki, xx.xx.2022-ci il tarixdə olan ödəniş artıq ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş 1198,40 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Gecikdirilmiş vaxt üçün tələb olunan faizin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində göstərilən əsasa görə 300 manat ödənilməsini tələb etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən artıq ödənilmiş 1198,40 manat məbləğ xx.xx.2022-ci il tarixdə ödənilsə də, həmin məbləğin geri qaytarılması ilə bağlı iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə müraciət etmiş və həmin məktub xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim edilmişdir ki, bu halda gecikdirilmiş vaxt göstərilən tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən 4,27 manat (1198,40 x 5% / 365 gün x 26 gün) faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 34,98 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 60 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 80,25 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 53,09 manat (60 manat (mediasiya xərci) – 6,91 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 53,09 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehə xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində vəsait, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 4,27 manat və mediasiya xərcinə görə 53,09 manat, cəmi 1255,36 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 xx.xx.2022-ci il tarixində EBCG seriyalı, 839437 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixində yanlışlıqla ödənilmiş 1198.40 manat məbləğində vəsait, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 4,27 manat və mediasiya xərcinə görə 53,09 manat, cəmi 1255,36 manat X1 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar