Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7173/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 426/21 saylı, xx.xx.2021-ci il tarixli Müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış 4530 (ƏDVdaxil) manat əsas borcun, 906 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 189,65 manat pulun və ödənilmiş 86,3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 426/21 saylı, xx.xx.2021-ci il tarixli Müqavilənin şərtlərinə əsasən “İcarəyə verən” “İcarəçi”nin sifarişi əsasında İcarəçiyə məxsus malların saxlanılması üçün özünün saxlanc anbarını icarəçinin istifadəsinə verməyi, İcarəçi isə saxlanc anbarını öz istifadəsinə götürüb bunun müqabilində müəyyən olunmuş məbləğ və qaydada “İcarəyə verən”ə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq icarə haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, icarə haqqını ödəməməklə əsassızca zəbt etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin icarə haqqı üzrə bu günə olan qalıq borcu ƏDV daxil 4530 (3000 manat əsas+ 1530 manat ƏDV) manat təşkil etməkdədir. İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə dəfələrlə icarə haqqının ödənilməsinə dair şifahi, xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubları ilə müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh icarə haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixli, 426/21 saylı Müqavilənin 3.3-cü bəndinə əsasən icarə haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün aylıq icarə haqqının 10% miqdarında cərimə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 44724 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈ 20 %-i həcmində, yəni cəmi 906 manat dəbbə pulu tələb edilməkdədir. Hesab edilir ki, cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Sarıyeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, anbardakı mallar konserv məhsulları olduğundan yararlılıq müddəti keçə bilər, bununla belə cavabdeh tərəfindən bəzi ödənişlər edilsə də, iddiaçı tərəfindən yalnız tam şəkildə ödəniş olunduqdan sonra malların boşaldılmasına icazə verilə bilər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icrəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 426/21 saylı icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən icarəçinin sifarişi əsasında icarəçiyə məxsus malların saxlanması üçün özünün saxlanc anbarını icarəçinin istifadəsinə verməyi, icarəşi isə saxlanc anbarını öz istifadəsinə götürüb bunun müqabilində müqavilədə müəyyən edilmiş məbləğ və qaydada icarəyə verənə icarə haqqını ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə görə, bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş (15) gün qalmış ona xitam vermk haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur.
9. Müqavilənin 3.1-ci bəndinə görə, icarəyə verilən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistral 12 A-da yerləşən saxlanc anbarının 40 kv.m sahəsinə görə icarə haqqı 750 manat məbləğində müəyyən edilir. İcarə haqqı müqavilənin davam etdiyi hər növbəti ay üçün əvvəlcədən ödəniləcəkdir.
10. Müqavilənin 3.3-cü bəndinə görə icarə ödənişinin gecikdirilməsinə görə icarəçi icarəyə verənə hər gecikdirilmiş gün üçün aylıq icarə haqqının 10 faizi məbləğində penya ödəyir.
11. Müqavlənin 5.9-cu bəndinə görə, bu müqavilənin müddəti başa çatdıqdan sonra əmlakı vaxtında icarəyə verənə əmlakın təbii aşınması nəzərə alınmaqla təhvil-təslim aktı əsasında qaytarmaq icarəçinin vəzifəsidir.
12. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, HM-29/24 saylı maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə olan əsas borcu 4530 manat (ƏDV daxil), cərimə borcu 44724,3 manat, faiz borcu 189,65 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCK 078298 nömrəli 885 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 353262 nömrəli 1003 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 067448 nömrəli 1003 manat məbləğində, xx.xx.2024-cü il tarixli xx/xx/2024-cü il tarixli EBDY 819784 nömrəli, xx.xx.2024-cü il tarixli EBEA136221 nömrəli 885 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 640961 nömrəli 885 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 972797 nömrəli 885 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEE 031432 nömrəli 885 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10885789 nömrəli 885 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 nömrəli 10923328 nömrəli 885 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 10537554 nömrəli 885 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
14. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, iddia tələbləri dörd hissədən ibarətdir: 1. icarə haqqı borcunun tutulması;
2. dəbbə pulunun tutulması; 3. illik 5% məbləğində faiz borcunun tutulması; 4. cavabdeh tərəfindən anbar sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi.
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Belə ki, məhkəmə araşdırması araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş və anbar sahəsi cavabdehin istifadəsinə verilmiş olsa da, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan icarə haqqının məbləği tam şəkildə ödənilməmiş, bununla da cavabdehin iddiaçıya 4530 manat məbləğində ödənilməmiş qalıq borcu yaranmışdır.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
21. Həmçinin, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3cü bəndinə əsasən hesablanmış 906 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 200 manat müəyyən edilməli və iddia tələbi ikinci hissədə qismən təmin edilməlidir.
26. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab edir.
27. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 189,65 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
31. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
32. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
33. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
34. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
39. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
40. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
41. Məhkəmə iddia ərizəsini sonuncu hissədə də əsaslı hesab edir.
42. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, icarə sahəsi hazırda da cavabdehin sahiblik və istifadəsindədir. İddiaçı icarə haqları ödənilmədiyi üçün müqavilədən birtərəfli qaydada imtina edərək cavabdehə təqdim etdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıqla icarə sahəsinin boşaldılmasını cavabdehdən tələb etmişdir.
43. Bundan əlavə iddiaçının nümayəndəsi S.Sarıyeva məhkəmə iclasında bildirmişdir ki, anbar sahəsində cavabdehə məxsus mallar hazırda iddiaçı tərəfindən girov kimi saxlanılır, yalnız tələb edilən borc məbləğləri cavabdeh tərəfindən ödənildikdən sonra iddiaçı həmin əmlakın boşaldılmasına razılıq verə bilər.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
45. Həmin Məcəllənin 698.1-ci maddəsinə əsasən hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir.
46. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, hazırki qətnamə ilə müəyyən edilmiş borc məbləğləri cavabdeh tərəfindən iddiaçıya ödənildikdən sonra anbar sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 426/21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış 4530 (ƏDV daxil) manat əsas borc, 200 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 189,65 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməli, göstərilən borc ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-yə üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 80 manat dövlət rüsumu cavabdehə aid edilməli, 6,30 manat dövlət rüsumu iddiaçının özünə aid ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 426/21 saylı, xx.xx.2021-ci il tarixli Müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış 4530 (ƏDV daxil) manat əsas borc, 200 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 189,65 manat faiz borcu, ödənilmiş 80 manat məbləğində dövlət rüsumu, ümumilikdə 4999,65 (dörd min doqquz yüz doxsan doqquz manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Göstərilən borc ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 6,30 (altı manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova