Məhkəmə qərarları › İş №e-2-2(113)-7228/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7228/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7228/2022 12.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Bakı xxx saylı Mediasiya Təşkilatının Cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyinə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı xxx saylı Mediasiya Təşkilatı Cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 150 manat əsas borc, 20 manat mediasiya xərci və 10 manat dövlət rüsumu olmaqla, cəmi 180 manat məbləğində pulun tutularaq iddiaçı Bakı xxx saylı Mediasiya Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: 11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. xxx-ci bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın xxx-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 21-ci bəndinə əsasən subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. 22-ci bəndinə əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Hazırkı nəticəyə gəlinərkən nəzərə alınmışdır ki, Bakı xxx saylı Mediasiya Təşkilatı qeyri-kommersiya qurumudur. 18 sentyabr 2020-ci il tarixli Qərardan da göründüyü kimi, qeyri-kommersiya qurumlarının kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia tələbi qanunvericiliklə müəyyən edilmiş mediasiya xərcinin ödənilməsi ilə bağlıdır və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisələrə aid deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, mübahisəyə kommersiya məhkəmələrində baxılmalı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Bakı xxx saylı Mediasiya Təşkilatının Cavabdeh Rayonlararası Təmir-Tikinti Baş İdarəsinin Təsərrüfatlararası İstehsalat Təmir-Tikinti Birliyinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar