Məhkəmə qərarları › İş №e-2-2(113)-7255/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7255/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7255/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli ODD/HC/2607 saylı xidmət müqaviləsinə əsasən 2.985 manat əsas borcun və ödəniş gecikdirildiyi üçün hesablanılmış 774,84 manat dəbbə pulunun, ümumilikdə 3.759,84 manat pulun, 59 manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 manat xidmət haqqının iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə ODD/HC/2607 saylı Xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı İddiaçı MMC Masallı rayonunda kommunikasiya xətləri üçün qazıntı və torpaq işlərinin görülməsi üzrə özünə məxsus JCB 3CX model, ** BC *** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici avadanlığı ilə birgə həmin işləri icra etməyi, sifarişçi Cavabdeh MMC isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə ilə müəyyən edilmiş xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, xidmət haqqı işlərin sifarişçiyə təhvil verilməsindən sonra 7 gün müddətində sifarişçi tərəfindən ödənilməlidir. Belə ki, vurulmuş EBCL 225974 nömrəli elektron-qaimə üzrə 962,15 manat, EBCL 751621 nömrəli elektron qaimə üzrə 2.022,85 manat, ümumilikdə 2.985 manat ödənilməyən borc qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında ODD/HC/2607 nömrəli xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı Masallı rayonunda kommunikasiya xətləri üçün qazıntı və torpaq işlərinin görülməsi üzrə özünə məxsus JCB 3CX model, ** BC *** dövlət qeydiyyat nişanlı ekskavator yükləyici avadanlığı ilə birgə həmin işləri icra etməyi, Sifarişçi isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə ilə müəyyən edilmiş xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürmüşdür.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktı və ya elektron qaimə müqavilənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən sifarişçi üçün görülmüş işlərin lazımi qaydada yerinə yetirildiyini təsdiq edən sənəddir.

12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə ilk öncə bildirir ki, "xxxx" MMC-nin hazırki adı İddiaçı MMC, "xxxx" MMC-nin hazırki adı Cavabdeh MMC-dir.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

15. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, icraçı İddiaçı MMC tərəfindən sifarişçiyə xidmətlər göstərilmiş, sifarişçi Cavabdeh MMC də həmin aktı imza və möhürü ilə təsdiq etməklə İddiaçı MMC tərəfindən xidmət göstərildiyini qəbul etmişdir.

19. Hazırda iddiaçı cavabdehin EBCL seriyalı 225974 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 962,15 manat, EBCL seriyalı 751621 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 2.022,85 manat, ümumilikdə 2.985 manat borcunun qaldığını bildirir.

20. Məhkəmə qeyd edir ki, müqavilənin 3.3-cü bəndindən də görünür ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər məhz təhvil-qəbul aktı və elektron qaimələr üzrə həyata keçirilmişdir.

21. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmiş və cavabdehin də, göstərilmiş xidmətlərin dəyərini ödəmək öhdəliyi yaranmışdır.

22. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

23. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc üzrə 2.985 manat manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

25. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən bu müqavilə üzrə ödəniş gecikdirildikdə sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0,1%-i miqdarında icraçıya cərimə ödəyir.

26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

27. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 150 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

28. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 59 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

29. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə 59 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

30. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,35 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Bundan başqa Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya verilməldir.

32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.985 (iki min doqquz yüz səksən beş) manat, cərimə borcu üzrə 150 (bir yüz əlli) manat, cəmi 3.135 (üç min yüz otuz beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat, 35 (otuz beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar